Məzarlıqda görüşənlər, nömrəli qəbirlər və “uçastkovı” mollalar - REPORTAJ
01 may 2013 12:33 (UTC +04:00)

Məzarlıqda görüşənlər, nömrəli qəbirlər və “uçastkovı” mollalar - REPORTAJ

İnsan övladı ömür boyu müxtəlif evlər, ünvanlar dəyişir. Sonda dəyişilməyən tək ünvan isə onun məzarıdı. Qəbiristanlıq ölümdən sonra daimi “yaşayış” yeridir və orada ölülər arasında intriqalar, mal-mülk davaları olmur. Hər kəs payına düşən torpağa qarışı-qarışa yatır, torpağa çevrilir...

Elə bu qəbiristanlıq kimi... İlk baxışda heykəltəraşlıq muzeyini xatırladır, “Qurd Qapısı” qəbiristanlığı. Burada nəinki ölülər, hətta ziyarətçilər belə nəzərə alınıb. Ölülər üçün möhtəşəm heykəllər, böyük məzarlar, ziyarətçilər üçün isə məzarların baş ucunda səkilər düzülüb. Baş daşı əvəzinə qoyulan heykəllərin cazibəsindən gözümü çəkəndən sonra bir məzarın üstündə yazılan cümlə diqqətimi cəlb etdi. “Dünya bir pəncərədir, hər gələn baxıb keçər”. Bu qəbiristanlıqda olmayan tək bir şey vardı; o da mollalar. Məzarlıqda xeyli gəzməyimə baxmayaraq, bir nəfər belə molla rastıma çıxmadı. Çox təəccübləndim, görəsən ölüsü üçün bu qədər böyük məzarlar tikdirmiş insanlar onlara “Yasin” oxutdurmurlar?

 

Bura, necə deyərlər, kasıb qəbiristanlığı. Uzun yolun solunda müsəlmanlar, sağında isə xristianlar dəfn olunub. Qəbirlərin üzərində yazılan doğum və ölüm tarixlərinə baxa-baxa gedirdim ki, balaca Səkinənin qəbri diqqətimi cəlb etdi. Qızcığaz cəmi 3 il yaşayıb . Kim bilir nədən dünyasını dəyişib? Valideynləri nə fəryadlar qoparıb... Səkinə bəlkə də qəbiristanlığın ən az yaşlı ölüsüdü. Adətən ölüm yaşlıları daha asan yaxalayır. Amma hərdən kəməndinə belə balacalar da düşür.

 
Beləcə qəbirlərin arasıyla xeyli gedəndən sonra uzaqdan bir molla görünür. Yaxınlaşmaq istəyirdim ki, yanımdan ötüb keçən bir nəfər mollaya: “Boşsan?”-deyə səsləndi. Sanki taksi saxlayırmış kimi. Bu sual mənə qəribə gəlsə də molla elə həmin tərzdə cavab verdi: “Boşam”. Cavan oğlan mollaya bir manat uzadaraq “atama “Yasin” oxuyarsan” deyib getdi. Mollanın tək olmasını fürsət bilib salam verib sorğu-suala başladım. Öyrəndim ki, əslən Masallıdan olan Kərbəlayı Salman əvvəl rəngsaz işləyib, sonra dinə meyl edib: 


- Neçəyə oxuyursunuz Quranı?
 

- “Yasin”in qiyməti olmaz, kim nə versə.
 

- Quran oxutmaq şərtdirmi?
 

- Əslində Quran ölü üçün deyil, dirilər üçündür. Amma biz onu oxuyuruq ruha, ruh da eşidir. Ruh görür də, eşidir də. Quran oxutmaq təsəlli verir insana.
 

- Bəs məzarı ziyarət etmək vacibdirmi?
 

- Qəbri ziyarət vacibdir, amma “Yasin” oxutmaq vacib deyil. Məsələn, gəlib görürsən ki, o qəbrin başında oxutdururlar, burda oxutdururlar, məcbur qalıb sən də ölünə bir “Yasin” oxutdurursan. Vacib deyil ki, “Yasin” oxuna. Hansı surə olursa olsun, fərq etməz. Baxırsan məzara, adamın ağlı gedir. Belə bahalı məzarın ölüyə nə faydası? Amma Quranın faydası çoxdu. Bax bu qəbrə, gör nə boydadı? Cavan qızdır, 1980-ci il təvəllüdlü. Tutduğu ərazi qalsın bir yana, məzarı üçün bu qədər israf etmək haramdı. Bahalı daşdı. Mərmərləri xaricdən gətirilib. Ən azı 70 min manat pul xərclənib.


Molladan qəbir yerlərinin satış qiymətiylə də maraqlandım. Bu barədə nə soruşdumsa, “mən bilmərəm” dedi. Amma maraqlı bir hadisəni danışdı. Dedi ki, qəbiristanlıq ən təhlükəsiz yer olsa da, dirilər buranı da təhlükəli edib: “Burda ölülər insana heç nə etməzlər, nə edirlərsə elə dirilər edir. 14 ildir bu qəbiristanlıqdayam. Mən burda gördüyümü heç yerdə görməmişəm. Gördüklərimi “iraq-iraq” birini sənə danışsam pis çıxmasın, insanlara nifrət edərsən”.
 

Mollanın bu qədər gizli, örtülü danışmağı məndə maraq oyatdı. İsrarla qəbiristanlıqda baş verən müəmmalı hadisələrdən birini danışmağını xahiş etdim. Molla da ağzını dəsmalla silə-silə başladı söhbətinə... Çox uzatmayacam; bir sözlə, bura həm də görüş yeriymiş bəzi gənc çütlüklər üçün. Özü də müxtəlif çalarları ilə...

 
Molla əmini danışdığı hadisədən sonra fikrə getdiyini görüb növbəti sualımla fikrini dağıtdım:


- Bu yolun solunda müsəlmanlar, sağında xristianlar dəfn olunub. Bunları yanaşı dəfn etmək haramdı?
 

- Yox, qızım. Bax, elə qarşısında dayandığımız qəbirlərdən biri müsəlmanındı. Biri xristianın. Torpağın nə fərqi var? Torpaq eynidir, insanlar ayrıdı.
 

- Bəs qəbir yerlərinin pul ilə satılması necə?
 

- Haramdı.
 

- Mollalıq çətin sənətdi?


- Kənardan hər kəsə asan görünür, amma çox çətin işdi.
 

 

Bir qədər aşağı düşürəm. Burada hər addımbaşı bir molla ilə rastlaşıram. Məlum olur ki, hər mollanın öz “uçastka”sı var. Biri digərinin “klenti”nə haram gözlə baxmır. Bir neçə molla ilə dil tapıb, söhbətləşmək istəsəm də alınmadı. “Hə”, “yox”dan başqa söz qoparda bilmədim. Fikirləşdim ki, molla ilə necə dialoq qura bilərəm? Sağa-sola boylandım, məzarlardan başqa heç nə gözümə dəymədi. Ağlıma bir fikir gəldi. Bir az da irəli gedib, başqa bir mollaya yaxınlaşdım:
 

- Salam. Mənim bir qohumum burada dəfn olunub, ona Quran oxuyarsınız?
 

- (Molla həvəslə razılaşır) Əlbəttə. 
 

- Neçəyə oxuyarsınız?
 

- Nə versən.
 

- Bəs pulu az olsa, savabına təsir etməz?
 

- Yox, əşi. Bu nə sözdü? Qəbir hansı tərəfdədi?
 

Mollanı da yanıma salıb, qəbirlərin arasında gəzməyə başladıq. Bir məzarın başında dayanıram:
 

- Bu qəbirdir.
 

- Hə, bu kişinin nəvəsisən? Elə bu qəbrin təmizliyinə mən baxıram.
 

- Yox, uzaq qohumuyam.


Tələsik məzarın üstündəki adı oxudum ki, sual versə cavablandıra bilim. Molla ərəb dilində nəsə oxuyur. Əlimi cibimə atdığımı görüb deyir: “ Yoxundursa, heç nə vermə”. 3 manat çıxarıb verirəm. Molla bu dəfə daha uzun bir dua oxuyur. Deyəsən “Yasin” idi...
 

Dua bitəndən sonra molla ilə söhbətləşirik. Məlum olur ki, 30 ildir mollalıq edir. 
 

- Qəbrin üstündə yalnız molla “Yasin” oxumalıdır, yoxsa bu surəni bilən qohumları da oxuya bilər?
 

- Kim bilirsə, oxuya bilər. 
 

- Bəs molla oxuyanda savabı çox olur?
 

- Əlbəttə. Molla surəni daha düzgün tələffüz edir. 
 

- Bu məzarlıqdan qəbir yerini neçəyə almaq olar?
 

- Bura dolub, daha heç kim dəfn olunmur. Amma Hövsanda və Sədərək tərəfdəki qəbiristanlıqdan yer almaq olar.
 

- Bir nəfərlik qəbir yerini neçəyə almaq olar?
 

- Bunu qəbiristanlığın müdiri ilə danışmaq lazımdı. 
 

- Məsələn, Sədərək tərəfdəki məzarlıqda 500 manata yer almaq olar?
 

- 500 manata 2 nəfərlik yer ala bilərsiniz. Hətta danışsanız, qiymətini bir az da aşağı salmaq olar.

 

- 500 manata neçə metr yer satarlar?
 

- Təxminən 2 metrin 2 metrə. 2 nəfər üçün bəsdi də. 
 

- Bəs məzarın üstünü neçə manata hazırlamaq olar? 
 

- Adi daşlarla 300-350 manata başa gələr. Amma qara mərmərlə istəyirsinizsə, 1500 manat edər. Baxın, o tərəfdə daha bahalı məzarlar var, 3-4 min manatdır. Ölüyə heç bir faydası yoxdur. Əslində heç dinimizə də uyğun deyil. Qəbrin üstündə foto olmaz. Heykəl heç olmaz, haramdı. Dinimizə görə, məzar itməlidi. 
 

- Bəs 500 manat verənə bir sənəd təqdim edirlər?
 

- Bəli, sizə satılan torpağı məhəccərə salırsınız. Heç kim yaxın düşə bilməz. Nömrə verirlər...

 

Hmmm, nömrə də...

 

 Nə isə, öyrənəcəyimi öyrənəndən sonra mollanı ölüləri ilə baş-başa qoyub oradan uzaqlaşdım.

# 3562
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar