Hər İlaxır Çərşənbə ərəfəsində Tehran hakimiyyətinin təmsilçiləri türklərin bu Bayramı ilə bağlı çeşidli hədyanlar danışır, məsələni təhrif edirlər.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, martın 7-də Tehranın cümə namazının imam cüməsi ayətulla Məhəmmədəli Müvəhhidi Kirmani xütbəsində İlaxır Çərşənbədən də danışıb.
O, bildirib ki, İranın atom-nüvə problemi üzrə «altılıq» ölkələri ilə (ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) danışıqlar aparan nümayəndə heyətinin «böyük şeytan»dan (ABŞ nəzərdə tutulur – red.) özünü qorumalı, ayıq olmalıdır: «Allah eləsin ki, böyük şeytan danışıqlarda İran nümayəndə heyətinin başını aldada bilməsin. Siz amerikalıların mövqeyini görürsünüz. Bunlar 5+1 qrupunda veto hüququna malikdirlər. Onlar bir tərəfdən bizimlə müzakirələr aparır, digər tərəfdən bütün seçimlərin masa üzərində olduğunu bildirir. Bunlar belə ünsürlərdir. Allah İran nümayəndə heyətinə kömək etsin ki, bu ağır mərhələni geridə buraxa bilsinlər».
Kirmani İlaxır Bayramla bağlı törənlərə qarşı çıxdığını bildirib: «Qarşıdan iyrənc axır çərşənbə gəlir. Valideynlər bu mərasimdə od yandıran, taraqqa partladan uşaqlarına nəsihət verməli, bunun ziyanlı tərəflərini onlara izah etməli və övladlarını bu ziyanlı işdən çəkindirməlidirlər».