İlham Əliyev şəhərin mərkəzindəki tikinti işləri ilə tanış olub
29 mart 2013 23:26 (UTC +04:00)

İlham Əliyev şəhərin mərkəzindəki tikinti işləri ilə tanış olub

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 29-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağında, yerüstü park, bağ və fəvvarələr kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının üstündə müasir park kompleksinin inşa olunması şəhərimizin simasının daha da yenilənməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Prezident kompleksdə inşaat işlərini daim nəzarətdə saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi olaraq maraqlanır.


Dövlətimizin başçısı avtomobili özü idarə edərək əvvəlcə yeraltı avtomobil dayanacağına gəlib. Bu dayanacaq avtomobil tutumuna görə dünyada ən böyük dayanacaqlardan biridir.
 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeraltı avtomobil dayanacağından keçib yerüstü park kompleksinə gəliblər.


Yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov park kompleksinin layihəsi əsasında prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənəcək.

Hazırda 20 min kvadratmetrlik sahəyə qranit plitələr döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük çəkiləcək. Kompleksin 35 min kvadratmetrlik ərazisində yaşıllıq zolaqları salınacaq. Həmin əraziyə 35 min kubmetr əkin torpağının töküldüyü bildirilib. Burada 2000-ə yaxın ağac, 10 minə yaxın isə bəzək kolu, çoxlu sayda gül və çiçək əkiləcəyi, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyi qeyd olunub.

Bildirilib ki, parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunacaq və bu fəvvarələrin ayrıca stansiyası olacaqdır. Yaşıllıq zolaqları avtomat sistemlə suvarılacaq.

Park kompleksində yeni yarımstansiyanın quraşdırılacağı və ən müasir işıqlandırma sistemi ilə təchiz olunacağı qeyd edilib. Parkda üç yay kafesi fəaliyyət göstərəcək.

Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı şəkildə abadlıq və quruculuq işlərinin də həyata keçiriləcəyi bildirilib. Dövlətimizin başçısı paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında salınan park kompleksində aparılan inşaat işləri ilə bağlı müvafiq tövsiyələrini verib

.
 

 

# 921
avatar

Oxşar yazılar