O günü tibb bacısı mənə iynə vurur, özü də venadan, bütün qohum-əqrabamı yığmışam başıma. Lap yaxında həyat yoldaşım, ondan bir az aralı, böyük oğlum, sonra kürəkənim, sonra qohum-əqaraba, qonşular - hamısını yığıb gətirmişəm təcili yardıma. Yevlaxdan gələn bir dostum var, şair Xəqani Həbiboğlu, ona da demişəm, gəl, dur yanımda. Cəlilabaddan şair Vəlyulla zəng elədi ki, hardasan? Dedim, iynə vurdururam, özü də venadan, gəl, sən də dur sağ tərəfimdə.
Tibb bacısı da özünü tərifləyir. 30 ildir tibb bacısı işləyirəm, hələ o yan bu yan olmayıb, hamısı düppə-düz, sanılı qoz kimi indi də yaşayırlar. Sonra yoldaşımın üzünə baxıb valı dəyişir: Bəlkə, arvad sənə yaxşı baxmır, qısqanır. Guya zarafat eləyir ki, eynim açılsın. Daha bilmir ki, məni kimi qorxaq kişini kim qısqanar?
Tez Xəqaniyə deyirəm, gör rəngim ağarıb?
O da and-aman eləyir ki, sən öl, yox, elə bil yaylaqdan indi gəlmisən. Çünki o özü Kəlbəcərdəndir.
Vəlyulla müəllimə tərəf dönürəm:
- Müəllim, gör gözlərim qızarıb?
- Vəlyulla müəllim də and içir ki, gözün əvvəl necə vardı, indi də elədi. Hələ bir az durulaşıb, qabaq bulanıq kimiydi, yaz qabağı arxdan su gəlir ha, bax elə.
Oğluma deyirəm, tez ol, nəbzimi sana.
Yoldaşıma deyirəm, götür “Ədəbiyyat qəzeti”ni məni mehlə.
“Ədəbiyyat qəzeti”ndə yenə yazım getməyib. Bu dərd də bu yandan. Sətəlcəm bunun yanında toya getməlidir.
Tibb bacısı yavaş-yavaş dərmanı venama yeritdikcə, deyir, beşinci iynədən sonra dəf kimi olacaqsan.
Amma xeyri yoxdur, qorxudan ayaqlarım döşəmənin üstə qoşa nağara çalır.
O deyir, nədən qorxursan?
Bu deyir, nədən qorxursan?
O biri həkimlər də gəlib reseptə baxırlar, deyirlər, gül kimi iynələrdir. Bundan biz də vurdururuq. Bu iynənin nəyindən qorxursan?
Deyirəm, bəlkə, iynənin tərkibi düz deyil, nə olsun, üstünə Almaniya yazıblar, bəlkə, elə bizim evin yaxınlığında - Badamdardda istehsal eləyiblər.
Hamı bir ağızdan: ay müəllim, yaxşı da, burax bu şübhələri, sən allah.
- Bəlkə, həkim dərmanı səhv yazıb - deyirəm - çünki məni müayinə edib dərman yazana qədər telefon qulağından düşmədi.
- Kimlə danışırdı?
- Dəyəsən santexnik ustası ilə, evində usta işləyirdi.
- İşləsin də, onun dərmana nə dəxli?
- Çünki həkim ürəyimi yoxlayanda usta hamamın kafelinin 5-ni birdən sındırdı.
- Nədən bildin axı?
- Nəsə telefonda çak-çuk elədi. Həkim telefonda ona söydü, dedi, ay köpəkoğlu, bilirsən o kafelin kvadratı neçəyədir?
“Çak-çuk” deyən kimi həkimlərin hamısı gülüşdü.
Mən canımın hayındayam, heç nəyə əhəmiyyət vermədən sözümə davam edirəm:
- Həkim ürəyimə qulaq asanda fikri-xəyalı hamamda işləyən santexnik ustasının yanında idi. Usta deyəsən hamamın duşunu səhv almışdı. Həkim dedi, apar qaytar, “italyanski” al. O da baş üstə dedi, birdən nəsə bərkdən “daranq” elədi.
Həkim hirslə qışqırdı:
- O “daranq” eləyən nədir, ay köpək oğlu?
- Vanna.
Sındırdınız, yenə?
- Hə, koməkçimin əlindən düşdü betonun üstə.
- Sındımı? - həkim qışqırdı.
- Yox, bir az əzildi.
Bax, onda həkim bu dərmanı yazırdı. Hamam vannası sınanda. Əli əsirdi. Ona görə qorxuram.
Tibb bacısı dərmanın adını bir də diqqətlə oxuyur.
- Düz yazıb, Somazina, 10 qramlıq natri-xlorla vena daxilinə. Gündə bir dəfə.
-Nə olsun, düz yazıb hamam vannası bu dərman yazılan zaman sınıb. Düşər, düşməzi olar. Mən qorxuram.
- Bəs aptekdən alanda nə dedilər? - Çox bilmiş tibb bacısı soruşur.
- Heç nə. O da əsəbiydi. Qışqırırdı.
- Kimə?
- Deyəsən evdə uşağının üstə.
- Bilmədin, niyə qışqırır?
- O da güldanı sındırmışdı.