DSMF-da Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib
11 mart 2014 18:20 (UTC +04:00)

DSMF-da Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, görüş zamanı sığorta-pensiya islahatları üzrə strateji hədəflər mövzusunda müzakirələr aparılıb. DSMF sədri E. Mehdiyev ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olan sığorta-pensiya islahatlarının müsbət nəticələri, 2013-cü ildə Fondun büdcəsinin icrası, 2014-2015-ci illərdə perspektiv qiymətləndirmələr, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflər barədə ətraflı məlumat verib. O bildirib ki, 2013-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilə nisbətən 12,2 faiz artıb. Sosial sığorta haqlarının 62,5 faizi qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 14,6 faiz çoxdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərdən daxilolmalar 28,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 21,8 faiz artıb. Fondun büdcəsinin gəlir və xərcləri 2014-cü ilə 2 milyard 928 milyon 452 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 11,2 faiz, 2012-ci illə müqayisədə 19,1 faiz, 2011-ci illə müqayisədə isə 37,8 faiz çoxdur. Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə DSMF-nın gəlir və xərclərinin belə sürətli artımı ölkədə iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir.

 

E. Mehdiyev vurğulayıb ki, yaxın perspektivdə başlıca hədəf pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, əmək pensiyalarının könüllü yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi yolu ilə sığorta-pensiya sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olmaqdır.

 

BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzogi Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. Qonaq təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayaraq, birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib. Görüşdə sığorta-pensiya islahatları üzrə strateji hədəflər və BVF ilə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700

Oxşar yazılar