Həyat yoldaşım eynən anam kimidir. Xırda-mırda ev əşyalarını çox istəyən. O günü deyir ki, bəs qızlara cehizlik döşək hazırlayıram, döşək iynəsi gödəkdir, gedək Sədərək Ticarət Mərkəzindən döşək iynəsi alaq.
Nə isə, iki yoldaş olub düzəldik yola, gəldik Sədərəyə.
Sədərək Ticarət Mərkəzinin girişində yerləşən məşhur Femina Xəz - Dəri Qaleriyası adlanın dükanın yanından keçəndə bir dəstə oğlan aldı başımızın üstünü.
Cavan oğlanlar yalvara-yalvara xahiş etdilər ki, heç olmasa bir dəqiqəliyə onların dükanına dönək. Etiraz edirəm:
- Bizim başqa işimiz var, nəvəmiz üçün oyuncaq almağa gedirik.
Cavan oğlan daha da qızışır:
- Xahiş edirəm almasanız da, baxın, elə-belə qiymətlərini soruşun, nə olar, xahiş edirəm keçin içəri, keçin, keçin endirim eləmişik.
Yoldaşım soruşur:
- Endirim nə qədərdir?
- 80 faiz.
Ürəyimdə gülürəm, gör qiyməti nə qədər qaldırıblar ki, ondan sonra 80 faiz endirim ediblər.
İçəri daxil olan kimi mini yubka geyinmiş qızlar, “bazburutdu” kişilər bizi elə gülərüzlə qarşılayırlar ki, az qala könülsüz gəlməyimizdən utanaq. Utanmaq o yana dursun, lap döşək iynəsi almağa gəlməyimizi yadımızdan çıxaraq.
Bizə çay gətirirlər. Kişinin biri diqqətlə mənə baxır:
- Siz mənə tanış gəlirsiniz, hardasa görmüşəm sizi.
Bilirəm ki, adamların məni tanımağı həyat yoldaşımın çox xoşuna gəlir. Bu dəfə kişi lap əlini dodağına qoyub fikirləşir.
- Universitetdə müəllim deyilsiz?
Düşünürəm ki, bu jest artıq şubanın bahalığı üçün əsaslı zəmin hazırlamaqdır.
- Yox.
- Aha, tapdım, parlament, deputat, hə televizor...
Həyat yoldaşım artıq xəyallar aləmindədir. Artıq Sədərəyə nə üçün gəlməyimiz onun yadından çıxıb.
Həmin kişi ciddi şəkildə o biri yoldaşına deyir:
- Müəllim tanış adamdı, onun yoldaşına yaxşı bir şuba gətir.
Həmin adam “baş üstə” deyib gedir və dərhal da şubayla dərhal geri dönür.
Elə bu an bizi qarşılayan kişi şuba gətirənin üstə necə qışqırırsa, əməlli-başlı utanmağa başlayıram.
- Qaytar onu, ay axmaq, müəllimə elə şubaları layiq bilmərik, get ən yaxşısını gətir, bu gün dükanımıza görkəmli ziyalımız təşrif buyurub.
Sonra mənə baxıb deyir:
- Müəllim, siz bizim fəxrimizsiniz, başımızın tacısınız.
Bu zaman həmin oğlan yeni bir şuba ilə gəlir.
- Təzə modeldir, bir dənə qalıb.
Qiymətini soruşuram:
- Neçəyədir?
- 15 min dollar, amma endirim eləmişik, 4 min dollar, siz bizim ziyalımızsınız, sizə 3 min dollara.
Yanımda yoldaşım yox, başqa bir qadın olsaydı, hökmən infarkt olacaqdım.
Şubanı yoldaşım geyinir. Satıcı qız çiyinlərini düzəldə-düzəldə izah edir:
- Ətəkləri açılır, payız aylarında belə edərsiniz, qolları da dirsəkdən aşağı açılır, yoldaşım lap həyəcanlanır. Deyəsən döşək iynəsi almağa gəlməyimiz yadından çıxıb.
- Çox bahadı, qalsın başqa vaxta.
Kişi deyir:
- Müəllim 10 il zəmanətlə veririk.
- Bu şubanı neçə il geyinərlər?
- 4 il.
Məntiqsizliyi ayırd eləməkdən uzağam Çünki bu dilli-dilavər kişinin növbəti izahı artıq məni yoracaq.
Yenə:
- Yox, istəmirk, sonra alarıq.
Kişi qızların üstünə qışqırır:
- O birisini gətirin.
Çayımızı təzələyən qız asılqanlara tərəf yüyürür, bir dəqiqə keçməmiş qollarının üstündə iki şuba geri qayıdır.
- Biz şuba istəmirik .
- Almasanız da, xahiş edirəm, xanımınız bunu da geyinsin.
Yenə izahlar, tükün yumşaqlığı, hansı ölkənin olmağı, broyler toyuğu kimi yetişdirilən heyvanın dərisindən olmamağı... Artıq başım partlayır. Deyəsən təzyiq...
- Qardaş, bizə şuba lazım deyil, biz xırda-mırda şey almağa gəlmişik.
- Xahiş edirəm, bu şubanı da geyinsin, bunu 2550 dollara verirəm. Lap kreditlə də olar.
Bərkdən əsəbiləşirəm.
- İstəmirik, istəmirik, istəmirik.
Yoldaşımın əlindən tutub çıxıram. Aşağı düşən kimi o biri oğlanlar üstümüzə cumur, bir bizim dükana da dəyin, almasanız da baxın.
Oğlanları kənara itələyirəm, rədd olun, bizə yol verin.
Yoldaşıma:
- Özümü pis hiss edirəm, - deyirəm.
Maşını düz sürürəm Bayıla, təcili yardım xəstəxanasına. Artıq qulaqlarım uğuldayır. Həkim təzyiqim təkrar ölçə-ölçə dodaqlarını büzür. Yoldaşım soruşur
- Həkim, təzyiq neçədir?
-190/120
Həkim tibb bacısına göstəriş verir dibazol, papaverin, hazırla. 25 damcı karvalol...
Tibb bacısı əzələmə iynə vurur.
İynəni görən kimi yoldaşımın səsini eşidirəm.
- Vay, biz döşək iynəsi alacaqdıq.