Arif Əsgərov: “Bunlar sadəcə qısa xronologiya deyil...”
Ölkə başçısının 7 oktyabr 2005-ci il tarixli sərəncamı ilə 13 oktyabr - Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü kimi təsis olunub və artıq 9 ildir ki, bu gün Azərbaycanda dəmiryolçuların peşə bayramı kimi qeyd olunur.
Peşə bayramı ərəfəsində jurnalistlərin suallarını cavablandıran “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov deyib ki, Azərbaycanda dəmir yolunun yaranma tarixi on doqquzuncu əsrin sonlarına təsadüf edir.
Arif Əsgərov bildirib ki, ölkəmizdə dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 1880-ci ilin yanvar ayında başa çatıb. Bu, uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu olub. Həmin tarixi dövrdən başlayaraq Azərbaycanda dəmir yolu yük daşınmasına olan tələbatın artdığı nəzərə alınaraq inkişaf edib və təkmilləşib. Hazırda baş yolların ümumi uzunluğu 2898,9 km, istismar uzunluğu 2068,1 km-dir ki, onlardan da 802,3 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1229,5 km-i və ya 68,2 %-i elektrikləşdirilib, 838,6 km-i, yəni 31,8 %-i teplovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan müstəqil dəmir yolu kimi fəaliyyət göstərib. Sonuncu dəfə 1955-ci il oktyabrın 3-də Azərbaycan Dəmir Yolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmir yolu elan olunub.
Arif Əsgərov qeyd edib ki, Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan Dəmir Yolu müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Prezident İlham Əliyev 13 oktyabrı - Dəmir Yolu İşçilərinin Peşə Bayramı Gününü təsis edərkən məhz bu tarixi əsas götürüb: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verilib: “Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. İstər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətində olduğu 1983-87-ci illər ərzində dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilib. O illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunub ki, bu da ümummilli lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərdiyi böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alıblar. Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, Heydər Əliyevin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir”.