Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edildi
14 may 2013 15:35 (UTC +04:00)

Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edildi

Milli Məclisdə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Sahib Alıyev deyib ki, bəzən bu addımlar internetin bağlanması, söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir.

 

Sahib Alıyev bu addımların inkişaf etmiş ölkələrdə çoxdan qəbul edildiyini söyləyib. Onun sözlərinə görə, ABŞ-da mətbuatda böhtan və təhqirlə bağlı 10 ilə qədər azadlıqdan məhrumetmə, 250 min dollar cərimə nəzərdə tutulub: “İnternetin yaranması ilə qəzetlərə olan diqqət 4 dəfə azalıb. Artıq internetin gücü televiziyanı da qabaqlayır. Ola bilməz ki, qəzetdə təhqir və böhtana görə cərimə nəzərdə tutulsun, ancaq internetdə bu nəzərdə tutulmasın. Buna qarşı çıxanlar hakimiyyəti böhtan və təhqirdə günahlandıranlardır. Ancaq indi bu qanunun qəbulundan sonra məsuliyyət məsələsi ortaya çıxacaq. İndi audiovizual vasitələr o qədər inkişaf edib ki, istənilən şəxs başqa şəxs barədə montaj edilmiş material hazırlaya və internetə qoyula bilər. Biz bu addımları atmaqla hətta gecikmişik. Bu, insan hüquqlarını qorumaqla bağlı addımlardır”.

 

 

Millət vəkili Çingiz Qənizadə xatırladıb ki, Gürcüstanda daxili işlər nazirinin müavini jurnalist haqqında materialı qanunsuz internetdə yerləşdirdiyi üçün həbs olunub: “Azərbaycanda bir çoxları bunu təqdir edir və nümunə götürməyə çağırır. Bəs jurnalist böhtan və təhqirə yol verəndə cəzalandırılacaqsa, niyə buna qarşı çıxmalıyıq? Bu məsələni siyasiləşdirmək düzgün deyil, dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Digər tərəfdən, 15 günlük inzibati həbs sovet dövründən qalıb, təsir gücünə malik deyil. Ona görə də bu müddətin 90 günə qədər uzadılması məqbuldur. Avtoxuliqanlıq isə xuliqanlıqdan fərqlənmir, buna görə inzibati həbs müddətinin 2 aydan 3 aya qədər artırılması daha yaxşı olardı”.

 

Çingiz Qənizadə icazəsiz aksiya təşkilatçıları və iştirakçıları üçün eyni inzibati məsuliyyətin eyni olmasına qarşı çıxıb: “Bir icazəsiz aksiyada iştirak etmiş 100 nəfəri saxlamaq üçün əvvəlcədən yerlərimiz də nəzərdə tutulmayıb”.

 

Millət vəkili Zahid Oruc  böhtan və təhqirə dözümlü yaraşacaqsa, bu halda məsuliyyət məsələsi ortaya çıxmayacaq: “Digər tərəfdən, dünya tək Avropadan ibarət deyil, Asiya, məsələn, Malayziya var. Deyirlər ki, diffamasiya vəzifəli şəxslərlə bağlıdır. Biz deyirdik ki, bu qanun qəbul olunandan sonra sizi təhqir edəcəyik. ATƏT rəsmisi Mikloş Haraşti çox kinayəli cavab vermişdi. Mən söz qəzası ilə maşın qəzasına fərq qoymuram. Mən də sosial şəbəkələrdə kifayət qədər fəalam. Mövqeyini sərbəst şəkildə ortaya qoy, niyə təhqirə yol verirsən?! Bu gün İranın adı çox çəkildi, bir dəfə də müsbət mənada adını çəkim. İranın ali dini liderinin “Facebook”-da səhfəsi var, sosial şəbəkə üzərindən insanlarla əlaqə qururlar. Prezident İlham Əliyevin də sosial şəbəkədə səhifəsi var.  Kimdən soruşursan ki, təhqirə dözərsən, “yox” cavabı verir. Yaxud Avropa Culian Assanca qarşı niyə elə davranırdı?”.

 

Millət vəkili İlyas İsmayılov layihə müəlliflərinin bunu humanist addım adlandırmasının anlaşılmaz olduğunu dilə gətirib: “Biz hüquqi dövlət quracağımızı bəyan etmişik. Hüquqi dövlət konsepsiyası tələb edir ki, insanları totalitar sistemdəki kimi cəzalandırılmasın, inandırılsın. Mən Qüdrət Həsənquliyevin fikirlərini dəstəkləyirəm”.

 

Spiker Oqtay Əsədov bildirib ki, bu qanun xəbərdaredici xarakter daşıyır: “Bəzi insanlarımızı mədəniyyətə, tərbiyəyə dəvət edən qanundur. Təhqir edilən, karikaturaları çəkilənlər bizim insanlarımız deyil?! Bəzi jurnalistləri, sosial şəbəkələrdən istifadə edənləri mədəniyyətə dəvət edirəm”. 

 

Müzakirələrdən sonra qanun qəbul olundu.

# 997
avatar

Oxşar yazılar