Azərbaycan alimi ölkəmizin latın qrafikalı əlifbaya keçid təcrübəsini Qazaxıstanın elm və təhsil işçiləri ilə bölüşür.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Məsud Mahmudov Qazaxıstanın Elm və Təhsil Nazirliyi tərəfindən dəvət alıb.
O, qonşu ölkənin dilçi mütəxəssisləri ilə görüşüb, latın qrafikasına keçid istiqamətində Azərbaycanın təcrübəsindən danışıb. Azərbaycanlı mütəxəssis bu islahatlarda iştirak edən digər türkdilli respublikaların, o cümlədən Orta Asiya ölkələrinin də təqdim etdiyi layihələrlə tanış olub, onlar barədə fikir mübadilələrində iştirak edib. Dilçi alimimiz gələcəkdə ortaq türk əlifbasına keçid problemini aradan qaldırmaq üçün Qazaxıstan əlifbasının Azərbaycan və türk əlifbalarına uyğunlaşdırılmasını daha məqsədəuyğun hesab edib.
Qazaxıstanın Dövlət Dil Komissiyasının üzvlüyünə də qəbul olunan Məsud Mahmudov bildirib ki, qonşu ölkə bütün islahat təkliflərini dəyərləndirdikdən sonra 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçəcək.