Azərbaycan alimlərindən qorxulu açıqlama
18 dekabr 2012 15:56 (UTC +04:00)

Azərbaycan alimlərindən qorxulu açıqlama

“Hazırda Azərbaycan ərazisinin ən azı 25-30 faizi sürüşmə təhlükəli zonadır”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin müdiri Elbrus Əlizadə deyib. Onun sözlərinə görə, son 10-15 il ərzində Azərbaycan ərazisində sürüşmə fəallığının kəskin artması müşahidə olunur. Belə ki, əvvəllər sürüşmə təhlükəliliyinə aşağı dərəcədə aid olan ərazilər indi yüksək təhlükəlilik zonalarına keçiblər: “Əvvəllər Lənkəran zonası, Gəncə və ona yaxın rayonlar üçün sürüşmənin intensiv inkişafı xarakterik olmayıb. Lakin indi həmin zonalarda sürüşmə sahələri çoxalıb. Lənkəran zonasında son zamanlar yollar çəkiləndən sonra yamaclar kəsilib və sürüşmə sahələri artıb. Lerik yolunda tez-tez sürüşmələr baş verir. Eləcə də Göygöl rayonunda Dozular sürüşməsi, Gəncə-Daşkəsən yolunun ətrafında olan sürüşmələr, Gədəbəydə, Zəyəmçay dərəsində olan sürüşmələr əvvəllər çox fəal sürüşmə sahələri olmayıb. Yolların çox tikilməsi, yol ətraflarının bərkidilməməsi, yamaclarda bitki örtüyünün məhv olması, qırılan meşələrin yerində yenisinin salınmaması, yol ətrafındakı suötürürcü qurğuların sıradan çıxması bu sürüşmələri fəallaşdırıb”.

 

E. Əlizadə deyib ki, ölkə ərazisində sürüşmələrin əmələ gəlməsi üçün təbii şərait var: “Yəni səthə sukeçirən suxurların yatması, onun altında isə suya davamlı süxurların, gil qatının olması sürüşmələrin əmələ gəlməsi üçün təbii şərait yaradır. Ona görə də Azərbaycan ərazisinin bir çox hissəsi, xüsusilə Quba-Xaçmaz, Siyəzən, Şabran, Qubanın Vəlvələçaya qədər olan hissəsində yamaclar, həmçinin Şamaxı, Muğanlı sürüşmə zonası çox fəal sürüşmə zonalarıdır. Çünki orada təbii şərait tamamilə buna imkan verir və bu, həmin yaşayış məntəqəsi üçün çox böyük təhlükədir. Muğanlı-İsmayıllı avtomobil yolu tam sürüşmə zonasının üstündə yerləşir. Orada maykop gillərinin üstündə sukeçirən suxurlar yerləşir və yamaclar da maili, dik olduğundan tamamilə sürüşmə sahəsi hesab olunur. Ağsuçay, Girdmançay hövzəsi, Ağsu aşırımı, İsmayıllı-Lahıç şose yolunun qırağı da çox böyük sürüşmə zonasıdır”.

 

Şöbə müdirinin sözlərinə görə, Abşeronda 20-ci sahədən Teleteatra qədər olan ərazi, Badamdar və Əhmədli yaylaları fəal sürüşmə sahəsidir: “Həmin ərazilərdə üstdə əhəngdaşı, altda isə gilli süxurlar yerləşir. Bunlar ifrat nəmlənəndə sürüşmələr fəallaşır. Gərək həmin ərazilərdə böyük tikinti işləri olmasın. Həmin ərazidən keçən kanalizasiya xətlərinin köhnə olması, su kəmərlərinin tez-tez daşması da sürüşməni aktivləşdirir. Badamdar yaylasında tikilən evlərin çoxunun kanalizasiyasının olmaması nəticəsində yamaclardakı suxurlar ifrat nəmlənir, meyllilik böyük olduğundan ifrat nəmlənmiş süxurlar yamac boyu hərəkət edir. Badamdar yolunun əsas problemi kanalizasiya sularıdır”.

 

# 12821
avatar

Oxşar yazılar