[b]At terapiyası: Dərdlərə dərman Qarabağ atları - REPORTAJ[/b]
18 iyun 2016 11:36 (UTC +04:00)

[b]At terapiyası: Dərdlərə dərman Qarabağ atları - REPORTAJ[/b]

Qədim dövrlərdən atın mənfi enerjini götürdüyü, əvəzində isə müsbət enerji ötürdüyü barədə inanclar mövcuddur. Ötən əsrdən başlayaraq bu mübadilənin elmi izahını açmaq üçün cəhdlər edilir. At terapiyası, elmi adı ilə desək, ippoterapiya müasir dövrdə bir çox xəstəliklərin müalicəsində istifadə olunan effektiv üsullardan biridir.
 
Bu barədə ilk məlumatlara tibb elminin banisi hesab olunan Hippokratın yazılarında rast gəlinir. XVIII əsrin ortalarında ensiklopediyaçı Deni Didro at sürmək haqqında traktatında yazır ki, fiziki məşqlər sırasında ilk yerdə at sürmə dayanır. Bu üsulla bir çox xəstəlikləri müalicə etmək olar. İppoterapiya ilk dəfə Almaniya, İsveçrə və Avstriyada tətbiq olunmağa başlayıb. XIX əsrdə başlanan elmi araşdırmalar ippoterapiyanın faydalarını üzə çıxarıb. Məlum olub ki, hiperaktiv diqqət çatışmazlığı, autizm, serebral iflic, inkişaf pozğunluqları, daun sindromu, eşitmə və görmə çatışmazlıqları, nitq pozğunluqları, onurğa sütunu zədələnmələri kimi problemlərdən əziyyət çəkən uşaq və gənclərin müalicə və reabilitasiyasında ippoterapiyanın əhəmiyyəti böyükdür.
 
Dünyada at terapiyası geniş yayılıb. Azərbaycanda isə bu prosesə ötən ayın əvvəllərində başlanıb. Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin reabilitasiyası və asudə vaxtının səmərəli təşkilidir. At terapiyası “Qızılı At Terapiya və Təhsil Mərkəzi”ndə həyata keçirilir.
 
Cənubi Qafqazda at terapiyası ilk dəfə məhz Bakı Qızılı At Terapiya və Təhsil Mərkəzində (Baku Golden Horse Therapy and Educational Center) aparılacaq. Layihə həm də dünyada qızılı rəngləri ilə seçilən Qarabağ cins atlarının təbliğini nəzərdə tutur. Mərkəzin belə adlandırılmasının səbəbi də bununla bağlıdır.
 
Layihənin həyata keçirilməsində Sərxan Tağıyevin xüsusi rolu var. Peşəkar təlimçi qeyd edib ki, kiçik yaşlı uşaqlara ponilər, daha böyük yaşda olanlara isə sakit təbiətli atlar verilir. Sərxan bəy layihəni böyütmək, Cənubi Qafqazda böyük bir mərkəz yaratmaq arzusunda olduğunu dilə gətirib: “Biz əvvəllər fərdi şəkildə bəzi sindromlu uşaqlara müalicə üçün şərait yaratmışıq. Lakin Nəzakət xanımla tanışlıqdan sonra bunu ictimailəşdirmək istədik. Məncə, alındı. Bir çox autizmli, daun sindromlu, serebral iflic olan uşaqlarla işləməyə başladıq. İnşallah, planlarımız böyükdür. Daha böyük mərkəz açıb, daha çox uşağa qayğı göstərməyi planlaşdırırıq”.
 
Qeyd edək ki, Sərxan Tağıyev 1956-cı ilə İngiltərə kraliçası II Yelizavetaya bağışlanmış, “Zaman” adlı nadir rast gəlinən çəhrayı rəngdə Qarabağ atını aparmış məşhur jokey Əli Tağıyevin nəvəsidir. O da peşəkar jokeydir, 2007-2011-ci illərdə "Savalan" ləqəbli atı ilə cıdır yarışlarında çempionluq qazanıb. Elə orada olduğumuz müddətdə gözəlliyi ilə məftun edən qızılı Qarabağ atı Savalanı görmək imkanı da əldə etdik.
 
İppoterapiyanın unikallığı həm fiziki, həm də psixi-emosional baxımdan faydalı olmasındadır. At terapiyası ətraf mühitlə harmonik münasibətlərin qurulmasına köməklik göstərir, motivasiyanı artırır. Yaddaşı gücləndirir, eyni zamanda diqqəti toplamağa köməklik edir. Hərəkətlərin ardıcıllığını planlaşdırmaq məcburiyyəti psixi prosesləri aktivləşdirir. Sosial mühitə adaptasiya baxımından da ippoterapiya əvəzsizdir. Çəkingən, eləcə də autizmli uşaqlar atla ünsiyyətdən sonra sosiallaşmağa başlayırlar. İppoterapiyanın özəlliklərindən biri budur ki, pasient fiziki mənada ağrı çəkmir. Üstəlik, uşaqlar müalicə olunduqlarını başa düşmürlər. Onlar atla ünsiyyət qurmağa çalışırlar, bu isə istənilən nəticənin daha tez zamanda əldə olunmasına yardımçı olur. At terapiyası həftəsonu 2 saat müddətində davam edir. Layihə rəhbəri Nəzakət Zeynallının sözlərinə görə, uşaq ilkin mərhələdə ata yanaşmaqdan qorxa bilər: “Elə ola bilər ki, uşaq ilk mərhələdə ata yaxınlaşmasın, qorxsun. Amma bizim üçün uşağın iştirakı, sosiallaşması, digər uşaqlarla ünsiyyəti belə nəticədir. 3-cü, 4-cü dəfədən sonra uşaqlar tamam başqa olurlar, davranış qaydaları bərpa olunur”.
 
Bakı Cıdır meydanında keçirilən məşğələlərdə uşaqlara atlarla ünsiyyət qurmağa kömək etmək üçün 100-ə yaxın könüllü müraciət edib. Xüsusi təlim keçmiş könüllülər 2 saat müddətində terapiyaya gələnlərə yardımçı olurlar. Könüllülər üzrə koordinator Vəfa İbrahimovanın sözlərinə görə, təlimlərə psixoloqlar da cəlb olunub: “Uşağın yanında 3 könüllü olur. Biri ata nəzarət edir, digərləri isə uşağın at üzərində koordinasiyasını təmin edir. Bundan əlavə, psixoloqlarla təlimlərdə olmuşuq. Onlar bizə serebral iflic, eləcə də digər xəstəliklər üzrə göstərişlər verdilər ki, uşaqlarla necə davranmaq lazımdır”.
 
Əgər hava şəraiti əlverişli olsa, layihə avqustun sonuna qədər davam edəcək. Üstüörtülü kompleks olarsa, ilboyu da davam etdirmək mümkündür. Layihəyə əcnəbi ölkələrdən də maraq var. Belə ki, İtaliya, Portuqaliya, Braziliyadan olan 20 tələbə könüllü olaraq bu layihədə iştirak etmək üçün Azərbaycana gəlməyə hazırlaşır. Gələcəkdə atçılıq üzrə Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə plan da var.
 
İnanırıq ki, atların müsbət enerjisi terapiyaya gələn hər kəsə şəfa bəxş edəcək. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar