“Azərsu” Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə müqavilə imzaladı
19 dekabr 2012 15:58 (UTC +04:00)

“Azərsu” Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə müqavilə imzaladı

Universitetin bakalavr dərəcəsi almış mühəndislərinin “Azərsu”-nun Təqaüd Proqramı çərçivəsində  xaricdə magistr təhsili alması təmin ediləcək

 

Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti  (AMİU) arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

 

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, müqavilə  “Azərsu” ASC-nin  müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur. 

 

AMİU-nun rektoru Gülçöhrə Məmmədova universitetin inşaat mühəndisliyi üzrə kadrların  hazırlanmasında böyük təcrübəsi olduğunu xatırladaraq bu əməkdaşlığın tərəflər üçün böyük əhəmiyyəti olduğunu söyləyib. Onun sözlərinə görə, yüksək ixtisaslı kadrlar hazırlamaq üçün hökmən istehsalatla sıx əlaqə yaradılmalı və təcrübə mübadiləsi aparılmalıdır. Gülçöhrə Məmmədova hesab edir ki, “Azərsu” ASC ilə əməkdaşlıq elmi və praktiki baxımdan universitetimiz üçün faydalı olacaq.

 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verib. O bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, eləcə də kəndlərdə içməli su və kanalizasiya layihələri icra olunur. Bu işlərin keyfiyyətlə yerinə yetirilməsi, istifadə olunan son texnologiyaların və xarici təcrübənin mənimsənilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac yaranıb. “Azərsu” ASC üçün yüksək ixtisaslı kadrların hazırlanmasında universitetin imkanlarından maksimum istifadə olunacaq: “Universitetin bakalavr dərəcəsi almış bacarıqlı mühəndislərinin “Azərsu” ASC-nin  Təqaüd Proqramı çərçivəsində  xaricdə magistr təhsili alması təmin ediləcək. Bununla yanaşı, təhsildə fərqlənən tələbələrə həvəsləndirici təqaüdlərin verilməsi də nəzərdə tutulur. Azərsu”-nun dəstəyi ilə xaricdən dəvət olunmuş alim və mütəxəssislərin universitetdə mühazirə  oxuması da təmin ediləcək”.

 

Tərəflər arasında razılaşmaya görə universitetin II-IV kurs tələbələri “Yay məktəbi” proqramı çərçivəsində “Azərsu” ASC-nin idarə və müəssisələrində təlimlərə cəlb olunacaqlar. “Azərsu” ASC-də çalışan mütəxəssislər gələcəkdə universitetdə mühazirələrə, seminarlara, imtahan komissiyaları və elmi şuralara cəlb olunacaqlar. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Azərsu”-nun müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.

 

Daha sonra “Azərsu” ASC ilə AMİU arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair müqavilə imzalandı. Müqaviləni Qorxmaz Hüseynov və Gülçöhrə Məmmədova imzalayıblar.

 

 

 

 

 

# 1402
avatar

Oxşar yazılar