“Ayağımın dərisini dörd dəfə soydular” - XATİRƏ
17 avqust 2013 13:30 (UTC +04:00)

“Ayağımın dərisini dörd dəfə soydular” - XATİRƏ

Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da yeni başladığı “Barıt qoxusu” adlı silsilə yazılar bir qədər əvvəl başa çatan “Kəşfiyyatçının xatirələri” adlı layihədə adı çəkilən döyüşçülərin, müharibəni keçmiş müxtəlif insanların taleyi barədədir. Bu dəfə “Barıt qoxusu”nda 1992-ci il, fevralın 28-də Ağdərənin Umudlu kəndindən qarlı Murov aşırımını aşan 18 əsgərdən biri, Məzahir Bulud oğlu Abbasovdur.

 

Gedin, vətəninizi qoruyun!

 

Əvvəldən başlayaq, lap əvvəldən...Məzahir 1973-cü ildə Beyləqanda anadan olub. Orta məktəbi bitirdikdən sonra o da bütün sovet gəncləri kimi Böyük vətənimizi qorumaq üçün hərbi xidmətə yollanıb. Amma bir il xidmət edəndən sonra onu sovet ordusundan tərxis ediblər. Daha doğrusu, Məzahirə deyiblər ki, daha gedib öz vətənini - Azərbaycanı qorusun. Azərbaycanda da o zaman müharibə başlamışdı...

1991-ci ilin noyabr ayında M.Ababsov cəbhənin ən qaynar xəttinə, Ağdama gəlir. Şirin Mirzəyevin batalyonuna yazılır. Rasim Edilovun komandiri olduğu və əsasən gənclərdən ibarət rotada xidmətə başlayır. Biz o rotaya öz aramızda “Edilovun rotası” deyirdik. Batalyonda silah çatışmayanda qrup hazırlayıb Beyləqandakı 006 saylı hərbi hissəyə basqın etmək istəyib, hətta döyüşçü dostları Samirlə də, Azərlə də razılaşdırıb bu planı. Amma Şirin Mirzəyev razılaşmayıb, onu bu fikrindən daşındırıb...

 

***

 

1991-ci il dekabrın 27-də Şirin Mirzəyevin komandiri olduğu hərbi hissənin adi silahlarla silahlanmış 55 nəfərlik dəstəsi Umudluya gedir. Onların arasında Məzahir də var idi...

Umudlu üç tərəfdən uca dağlarla, bir tərəfdən isə Sərsəng su anbarı ilə yanaşı çoxsaylı erməni kəndlərinin mühasirəsində yerləşən qədim bir Azərbaycan kənddir. Buranın Azərbaycanla əlaqəsi yalnız vertolyotla olduğundan kənddə işıq, ərzaq, dərman və digər problemlər mövcud idi. Kəndi həmin 55 nəfərlik dəstə qoruyurdu.

Umudluda vəziyyət günü-gündən ağırlaşır, Şirin Mirzəyev bir peşəkar hərbçi kimi Azərbaycan Respublikasının rəhbərliyinə, Müdafiə Nazirliyinə və digər qurumlara  vəziyyətlə bağlı dəfələrlə telefonoqrama göndərir. Amma...

Nəhayət 1992-ci ildə, fevralın 18-də Tahir Əliyevlə Müdafiə Nazirliyinin qərargah rəisinin müavini Fəhmin Hacıyev həm yerli əhalinin, həm də əsgərlərin təhlükəsizliyini nəzərə alaraq Umudlunun boşaldılması ilə bağlı sərəncam verirlər.

 

18 əsgərlə Murov aşırımında

 

Sərəncamın icrasına başlanılır...40 dərəcə qızdırmanın içərisində olmasına baxmayaraq fevralın 28-də Şirin Mirzəyev vertolyotla özü Umudluya uçub. Şirin Mirzəyevin igidliyi sayəsində həmin gün yerli əhalini çıxarmaq üçün hərbi vertolyotların müşayiəti ilə kəndə iki mülki vertolyot enib. Birinci reyslə yerli əhalini və əsgərlərin (həmin ərəfədə əsgərlərin sayı 55 deyil, 35 olub) bir qismini yola salıblar. İkinci reysə isə yanacaq olmadığını bəhanə edərək vertolyotlardan biri qayıtmayıb. Əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq postlarda qalan və ən sonda vertolyota minməli olan 18 əsgər və 7 nəfər yerli sakin də qaça-qaça vertolyot meydançasına gəliblər. Lakin cəmi bir vertolyot olur, o da bunlar çatana qədər dolur…

 

Səhəri günə də vertolyotun gələcəyinə ümid olmayıb. Çıxılmaz vəziyyət yaranıb. Ermənilərin tam əhatəsində, hərbi sursat az, özü də cəmi 25 nəfər. Qərar alıblar ki, ehtiyat variantı işə salsınlar. Yəni piyada qarlı Murov aşırımını aşsınlar.

Əslində onlar buna məcbur idilər. Rabitə cihazı olmadığından batalyonla əlaqə saxlamaq mümkün olmayıb. Murovun bəlkə də insan ayağı dəyməyən sıldırımları ilə irəliləyiblər. Bir az keçmiş kənd sakinləri getməkdən imtina ediblər. Sakinlər bu dəstənin sağ-salamat Kəlbəcərə gedib çıxacağına inanmırmış. Dəstənin komandiri baş leytenant Fəxrəddin Rəcəbov onları nə qədər dilə tutsa da, xeyri olmayıb. Kənd sakinlərindən yalnız biri - Məhəmməd Nağıyev bizim əsgərlərlə gedəcəyini deyib. Digər kənd sakinləri geri qayıdıb.

 

“Saşa tulanı soyub bişirdi”

 

Məzahirin də olduğu dəstə dağ yuxarı irəliyə doğru getməyə başlayıb. Kəndi tərk edərkən onlara qoşulmuş ov tulası da yanlarında olub.

- Xeyli getmişdik, artıq yorğunluqdan yeriyə bilmirdik...Əvvəllər arandan yaylağa köç edərkən camaatın saldığı yurd yerlərindən birinə çatdıq. Orada dayandıq. Ocaq qalayıb, bir az qızındıq. Uşaqlardan kiminsə götürdüyü və yeganə ərzağımız olan suxarını yedik. Kimdəsə 4-5 konfet var idi, onu da yedik. Aclıq, soyuq, qarlı və aşırımlı yol biz tamam əldən salmışdı. Bir neçə nəfərin ayağını artıq don vurmuşdu. Saşa adlı gənc bir əsgərin vəziyyəti isə lap ağır idi... Hər tərəf də göz işlədikcə ağappaq. İki gün keçmişdi, artıq uşaqlarda yeriməyə taqət qalmamışdı. Fəxrəddin Rəcəbov nisbətən sağlam və taqətli uşaqlardan altı nəfəri seçib qabağa göndərdi. Onlar Kəlbəcər rayonunun Ağdaban istiqamətində gedib xəbər verməliydilər. Eldar Səmədov itlə bir az qabağa getdi. Bir az keçmiş güllə səsi gəldi, it zingildədi...Eldar bizimlə kənddən gələn ov tulasını vurmuşdu. Saşa iti səliqə ilə, qoyun kimi soydu. Uşaqlar ocaq qalayıb, itin ətini bişirdilər. Əslində heç ət bişməmişdi də, elə ala çiy basıb yedik…”

Bundan  sonra onlar təxminən 7-8 saat yol gediblər...

***

Göndərilən altı nəfər martın 2-də sağ-salamat mənzil başına çatır və dəstə barədə məlumat verir. Dəstənin qalan üzvləri Toğana çayını keçəndə Ağdaban kəndindən gələn köməyi görürlər. Onlar xilas olurlar! Məzahir deyir ayaqlarını don vurduğundan çoxunun uzunboğaz əsgər çəkmələrini çıxarmaq olmayıb.

- Çox kədərli bir səhnə idi, sevincimizdən necə qucaqlaşıb ağlayırdıq. Kənd camaatı bizi evlərinə apardı. Həkim gəldi. Çoxumuzun ayağı şişmişdi deyə, çəkmələrimizi çıxara bilmirdik. Məcbur olub kəsib çıxartdıq.

O hadisənin iştirakçısı olan hər kəs indi də ağdabanlıların onların qarşılamalarından və diqqət göstərmələrindən razılıqla danışır. Bundan sonra onları Kəlbəcər rayonuna gətirilir. Həmin gün axşam qrup Ağdamdakı öz batalyonuna qayıdır.

 

“Azərbaycan gəncləri”, 19 dekabr, 1991-ci il...

 

Batalyonda Şirin Mirzəyev hamıya təşəkkür edir, müalicə almaq və dincəlmək üçün  onlara məzuniyyət verir. Məzahir Beyləqana qayıdır və uzun müddət müalicə alır.

- Ev şəraitində xeyli müalicə aldım. Don vurmuşdu deyə qan işləmirdi, ayaqlarımın kəsilmək təhlükəsi var idi. Həkim dörd dəfə ayaqlarımın dərisini soydu. Olmazın əzab çəkdim. Bir müddət sonra yenidən batalyona qayıtdım. Şirin Mirzəyev məni geri qaytardı. Dedi tam sağalmayınca batalyona qayıtmayım. Mən qayıdan da Şirin Mirzəyev həlak oldu. Elə o vaxtdan mən də ordu sıralarını tərk etdim. Şirin Mirzəyev böyük sərkərdə idi, biz ona çox inanırdıq!

Bu gün digər əsgərlər kimi Məzahir də müharibə veteranı statusunu ala bilmir. Hərbi bileti Ağdamda qalıb deyə. Heç kəsə də inandıra bilmir ki, Qarabağda döyüşüb. Onunla söhbətimiz zamanı arada cibindən köhnə bir qəzet çıxardıb mənə göstərirdi:

- Mən yalan danışmıram, bu da qəzet! Burada bizim batalyondan  danışırlar. Şəkildəkilərdən biri də mənəm.

- Səndən də yazıblar?

Barmağını öz şəklinin üzərinə qoyub deyir:

- Yox, eləcə şəkildə görünürəm. Bu deey, bu mənəm də, başı papaqlı...

Açılıb bağlanmaqdan param-parça olmuş qəzetin səhifələrində özünü mənə göstərməyə çalışır. Qəzeti ondan alıb cırılmış vərəqlərdəki yazılara, fotolara baxıram.

Aha, bu da qəzetin adı və buraxılış tarixi:

“Azərbaycan gəncləri”, 19 dekabr, 1991-ci il...

 

“Ay Məzahir, sən allah, qonum-qonşunun yanında demə, elə bilərlər başın xarab olub”

 

Heç əvvəllər həyat yoldaşı Mirvari xanım da inanmırmış:

- Deyirdi ki, Qarabağda döyüşmüşəm, iti kəsib yemişəm. İnanmırdım. Arada deyirdim ki, ay Məzahir, sən allah, qonum-qonşunun yanında demə, elə bilərlər başın xarab olub. Çox əsəbidir...Sizin sayt (lent.az-ı  nəzərdə tutur. R.K.) o əməliyyatdan yazanda, bunun adını çəkəndə çox sevindik. Buna veteran statusu verərlər görəsən?”

Məzahir ailəlidir, uzun ildən sonra tanrı Nazilə adlı bir şirin pay da verib onlara.

Təhsil ala bilməyib, amma deyilənə görə, əla ustadır Məzahir. Bənna, suvaqçı kimi iş olanda gedib ailəsinin çörək pulunu qazanır.

Xalasının ona verdiyi 3 sot torpaqda özünə bir daxma qaraldıb.

Barıt qoxusu hərdən gəlir burnuna, amma it ətinin dadını tez-tez xatırlayır:

- Elə şirin idi ki, it əti...

 

reykerim@gmail.com

 

# 2963
avatar

Oxşar yazılar