“Açıq Hökumət”lə bağlı monitorinq aparılır
18 aprel 2013 11:14 (UTC +04:00)

“Açıq Hökumət”lə bağlı monitorinq aparılır

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yerli icra hakimiyyətlərində Açıq Hökumətin təşviqi ilə bağlı İctimai Müzakirələrin təşkili” layihəsinin icrasına başlayıb. Təşkilatın sədri Rəfail Becanov bildirib ki, Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqi”nə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsindən 8 ay vaxt keçir. Milli Fəaliyyət Planının təsdiqi göstərir ki,  dövlət bu məsələdə maraqlıdır və bütün qurumlar da bu sərəncamdan irəli gələn vəzifələri yerinə yetirməlidir. Milli Fəaliyyət Planında çox ciddi məsələlər nəzərdə tutulub. Onlardan bir çoxunu vaxt itirmədən həyata keçirmək mümkündür. Məsələn, əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən Vətəndaş Cəmiyyəti İnstitutları (VCİ) ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması, ictimai iştirakçılığı genişləndirmək üçün internet səhifələrindən istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin daha tez qəbul edilməsi, müzakirələr, interaktiv sual-cavab və s., “açıq qapı” vətəndaş forumlarının təşkili) kimi mühüm vəzifələrin icrasında yerli icra hakimiyyətlərinin də vəzifələri var: “Bizim də məqsədimiz bu planın təbliği, ötən dövrdə Milli Fəaliyyət Planı ilə bağlı icra hakimiyyətlərində görülən işlərin monitorinqidir. Təbliğat aparılması üçün sosial şəbəkələrin də imkanlarından istifadə ediləcək. Bunun üçün layihə çərçivəsində “Facebook” sosial şəbəkəsində “Açıq Hökumət” qrupu yaradılıb və orada açıq hökumətlə bağlı sənədlər yerləşdirilib. Açıq Hökumətin fəlsəfəsi, onu imzalayan ölkələrin öhdəlikləri haqqında məlumatlar verilib. Eləcə də Prezidentin “Açıq Hökumətin təşviqi”nə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı haqqında imzaladığı sərəncamın tam mətni yerləşdirilib ki, hər kəs bu sərəncamla tanış ola bilsin. Növbəti addım monitorinq olacaq və araşdırılacaq ki, yerlərdə bu ayrı-ayrı idarə və müəssisələr Milli Fəaliyyət Planından irəli gələn vəzifələri necə yerinə yetirir”.

Layihə Bakının Yasamal, Nərimanov, habelə Abşeron rayon və Sumqayıt şəhərlərində həyata keçiriləcək. Layihədə yerli icra hakimiyyətlərində “açıq hökumət”lə bağlı görülən işlər, şəffaflıq, vətəndaşlarla işləmək imkanları araşdırılacaq.

# 476
avatar

Oxşar yazılar