Sibirdə şəhər yaratdı, cənazəsini Bakıya gətirməyə qoymadılar -  ONU TANI
31 may 2022 20:15 (UTC +04:00)

Sibirdə şəhər yaratdı, cənazəsini Bakıya gətirməyə qoymadılar - ONU TANI

Lent.az "Onu tanı" layihəsində bu gün 110 yaşı tamam olan Sabit Orucovdan bəhs edəcək 

“Şəhərin ilk küçəsi hazır olanda Sabit Atayeviç ora gəldi. Vertolyotdan düşüb bizə yaxınlaşdı. Gülərək dedi ki, görürəm, əhvalınız yaxşıdır. Bu ay da əlavə mükafat olacaq. Kimsə qayıtdı ki, Sabit Atayeviç, ilk küçə hazırdı, adını nə qoyaq? Bir an duruxdu. Qayıdıb dedi ki, gəlin ənənəvi, şablon ad qoymayaq. Məsələn, qoy küçənin Adı Optimistlər küçəsi olsun. Hamı razılaşdı”. Rus neftçi Oleq Mixaylovun xatirələrindəndir; Sabit Orucovdan danışır. 
Hə, Optimistlər. Və bu adın qoyulması təsadüfi deyildi. Çünki onun optimistliyinin, nikbinliyin, inadının nəticəsiydi ki, Sibirdə, o buzlaqlarda nəhəng qaz yataqları kəşf edilmişdi. Bakılı, novxanılı balası Sabit Atababa oğlu Orucov buna inanmışdı. 
Sabit Atababa oğlu Orucov 31 may 1912-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdu. 33 saylı orta məktəbi bitirir, sonradan texnikum təhsil alır. 

1930-cu ildə Sabit Orucov Azərbaycan Sənaye İnstitutuna daxil olur. İnstitutu Neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə əla qiymətlərlə bitirərək, dağ mühəndisi diplomunu alır. Mexanik, neft mədənində usta, baş mühəndis işləyir. Neft hasilatının artırılması, müdafiə üçün neft məhsulları və hərbi sursatların istehsalı üzrə dövlət tapşırıqlarının nümunəvi yerinə yetirilməsinə görə, 30 illik yubileyində ona “Lenin” ordeni verilir. Həmin dövrdə SSRİ Neft Nazirliyinin “narkomu” işləyən Baybakov onun haqqında deyirdi: “Mən onun imkanlarım bilirdim, onu ən çətin yerlərə göndərirdim. Əmin idim ki,  öhdəsindən gələr və Sabit Atababa oğlu mənim etimadımı doğruldurdu”. 

O, Neft Daşlarının əsasını qoyanlardan biriydi, ilk fatehlərindən olmuşdu. 1949-cu ilin dekabrında Moskvada SSRİ Neft Sənayesi Nazirliyi nəzdində “Başdənizneft” yaradılanda Orucovu ora rəis qoymuşdular. Onun fəal iştirakı ilə Qərbi Sibir, Orenburq vilayəti, Türkmənistan və Özbəkistanda bir sıra neft və qaz yataqları istifadəyə verilir. 1965–1972-ci illər Sabit Orucov SSRİ-nin Neft Sənayesi nazirinin birinci müavini işləyir. O, bu illər ərzində öz ideyalarım geniş tətbiq etmək imkanı qazanır, neftçıxarma sənayesində elmi əsaslandırılmış proqram və layihələr işləyib hazırlayır. Orucov tərəfindən neft və qaz yataqlarının işlənməsi üzrə vahid Mərkəzi komissiya yaradılır. 

...Bir dəfə Kremldə Kosıgin Orucovla bağlı Brejnevlə danışır. 

- Leonid İliç, indicə Sabit Atayeviçin məktubunu almışam. “Urenqoyqazdobıça”dan bir milyard kubmetr qaz tədarük olundu! 
- Aleksey Nikolayeviç, sizcə, Orucova Sosialist Əməyi Qəhrəmanı adının verilməsinin vaxtı çatmayıbmı? – deyə, Brejnev dillənir.

- Məncə də çatıb.   
Amma qəhrəman adı Orucova həmin an verilmir. Bir ildən sonra, 1980-ci ilin sonunda Kremlə məlum olur ki, təkcə Tümen vilayətində 312 milyon ton neft və qaz-kondensat hasil edilib. Orucovun bu məruzəsindən sonra “Neft və qaz sənayesinin inkişafında Sovet hökuməti qarşısındakı xidmətlərinə görə” Sabit Orucova Lenin ordeni və Qızıl Ulduz medalı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı adı verilir. 

 


Elə həmin il, Sabit Orucov Kreml qarşısında başqa ideya ilə çıxış edir. SSRİ-nin kontinental şelfində neft-qaz axtarışları, kəşfiyyatı, istehsalı və nəql edilməsi məsələləri Qaz sənayesi nazirliyinə həvalə olunur. Doqquz iri sənaye, elmi-tədqiqat və layihə təşkilatı yaradılır, onların tərkibinə 250-dən çox müəssisə qatılır. Bundan sonra Baltik, Uzaq Şərq, Barens, Arktika, Oxot və Kara dənizlərində bir sıra unikal qaz-kondensat və neft yataqları kəşf edilir. Və Orucov ikinci dəfə “Lenin” ordeni ilə təltif edilir. 

Sabit Orucov vəfatından bir il öncə, 1980-ci ildə öz arzusunun həyata keçməsini – Yeni Urenqoya şəhər statusu verilməsini görməyə macal tapdı. 
1983-cü ildə “Urenqoy-Pomarı-Ujqorod” qaz kəmərinin istismara verilməsi gününü görməsi üçünsə onun ömrü cəmi iki il vəfa etmədi. Bundan bir il sonra isə Urenqoy qazının Qərbi Avropaya nəql olunmasına başlandı... 
***
İllər boyu davam edən gərgin iş onun səhhətində ciddi fəsadlar yaratmışdı. Həm həyat yoldaşı, həm də qızı Səbinə dəfələrlə ona artıq istirahətə getməyi, təqaüdə çıxması barədə israrla xahiş edirdilər. Amma Orucov yaxınlarının belə xahişinə məhəl qoymurdu. 69 yaşının tamamına 40 gün qalmış vəfat etdi Sabit Orucov. 1981-ci il aprelin 20-də. Qohumları onun cənazəsinin Bakıya gətirilib Novxanıda basdırılmasının tərəfdarıydılar. Amma Kremldə tamam başqa qərara verildi.

Sabit Orucov, SSRİ-nin necə deyərlər bir nömrəli, dövlət rəsmilərinin dəfn edildiyi Moskvanın Novodeviçye qəbiristanlığında torpağa tapşırıldı. Bu gün isə bu dahinin, əfsanənin anadan olmasından 110 il ötür. İstədik, bir daha onu tanıyasınız...

# 20469
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar