Qızlarını tez ərə verən valideynlər  həbs olunacaq
11 iyun 2024 14:20 (UTC +04:00)

Qızlarını tez ərə verən valideynlər həbs olunacaq

Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-1-ci maddə (On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər iki ilədək həbs olunacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə 2 000 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-2-ci maddə (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilir.

Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 9 000 manatadək məbləğdə cərimə ediləcək.

Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Oxşar yazılar