Kreml rəhbəri dövlət üzərində mümkün nəzarətin ötürülməsi ərəfəsində hakimiyyəti gücləndirir.
Rusiya prezidenti Vladimir Putin ölkəni idarə etmək üçün potensial varislərin hazırlanması prosesini sürətləndirib, bu prosesə öz övladlarını və qohumlarını, eləcə də digər yüksək vəzifəli rus məmurlarının övladlarını cəlb edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, Putin son aylarda hakimiyyətin əsas sektorları üzərində şəxsi nəzarətini gücləndirmək məqsədi ilə bir sıra kadr dəyişiklikləri edib. Xüsusilə, o, müdafiə nazirinin bir neçə müavinlərini, o cümlədən Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsova və ordu generalı Pavel Popovu ailəsinə yaxın şəxslər və etibarlı adamlarla əvəzləyib.
Müdafiə nazirinin yeni təyin olunan müavinləri arasında Putinin əmisi oğlu və bir müddət əvvəl energetika naziri təyin edilmiş Sergey Tsivilevin həyat yoldaşı Anna Tsivileva da var. Kadr dəyişikliklərinə həmçinin keçmiş baş nazir, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya hökumətində müxtəlif yüksək vəzifələrdə çalışan Mixail Fradkovun oğlu Pavel Fradkov da qoşulub.
Müharibənin Tədqiqi İnstitutu qeyd edir ki, bu cür təyinatlar Kreml rəhbərinin dövlət üzərində mümkün nəzarətin ötürülməsi ərəfəsində hakimiyyəti konsolidasiya etmək strategiyasının bir hissəsidir. Eyni zamanda, Putin davam edən hərbi münaqişə kontekstində müdafiə-sənaye kompleksini təkmilləşdirmək üçün iqtisadçıları Müdafiə Nazirliyinə daxil etməklə də öz mövqelərini gücləndirir.