Qələmi bizə devir edənlərin bütün gerçəkləri – Hamısı burada saxlanıb
21 iyul 2022 16:02 (UTC +04:00)

Qələmi bizə devir edənlərin bütün gerçəkləri – Hamısı burada saxlanıb

Sabah mətbuatımızın 147-ci yaşı tamam olur. Mətbuat günündə ən yaxşı haranı ziyarət etmək olar deyə düşündük.

Belə qərara gəldik ki, mətbuatımızın əsasını qoyanlarla bağlı zəngin məlumat olan “Mətbuat muzeyi”nə gedək. Budur artıq Azərbaycan Nəşriyyatın 7-ci mərtəbəsində, “Şərq” qəzetinin qapısındayıq. Qəzetin baş redaktoru Akif Aşırlı bizi qarşılayır. 

Akif Aşırlı

Elə gəlmək məqsədimizi bilən kimi sözə başlayır...

- Bu muzeyi 2018-ci ildə yaratmışıq. Burda 250-dən çox eksponat  var. Əsas məqsədimiz Azərbaycanda teatr, xalça və digər muzeylərimiz olduğu kimi, mətbuatımızı əhatə edən məkanın da olmağıdır. Cəmiyyətə xidmət edən, onun inkişafında maraqlı olan, dövləti qurmağa sövq edən mətbuatdı axı. 

Mən də həmişə düşünürdüm ki, niyə bizim mətbuat muzeyimiz yoxdu? Tarixçiyəm, bir müddət sonra isə jurnalistika ixtisasına yiyələndim. Müşahidə etdim ki, bizim heç mətbuat tarixinə dair kitabımız da yoxdu. Tarixçilik mənə güc gəldi və II cild “Mətbuat Tarixi” kitabını yazdım. Həmin kitabı yazan zaman isə ayrı-ayrı arxivlərlə tanış oldum. Məsələn, müəyyən qəzetlər onlayn şəkildə aksiona çıxarılırdı onları alırdım. 

Arxivlərlə tanış olan Akif Aşırlı başlayıb eksponatlar almağa…

- Türkiyəyə səyahət edən zaman orda mühacir olmuş şəxsiyyətlərimizin dərc etdiyi qəzetləri, jurnalları topladım. Və gördüm ki, əlimdə xeyli material var. Bunları kitab halında yazsam da, göstərmək də lazım olduğunu düşündüm. 

Qısa məlumat aldıqdan sonra. Kiçik, amma dəyərlərlə dolu muzeyi gəzməyə başlayırıq. Muzeyin ilk hissəsi elə “Şərq”in qapısından girən kimi koridor boyu uzanır…

- Muzeyi yaratmağa 6 ay vaxtımız gedib. Sağ olsun şərqçilər də mənə böyük dəstək veriblər. Çox qədim və nadir nümunələri muzeyimizə toplamışıq. Məsələn, bu qəzetin 138 yaşı var.  “Ziyayi Qafqaziya”dır. “Əkinçi”dən sona ikinci nəşr olunan qəzetimizdir. Həmin qəzet 80 nömrə “Ziya”, 80 nömrədən çox isə “Ziyayi Qafqaziya” adı ilə çıxarılıb. Daşbasma üsulu ilə nəşr olunub. Deməli, əvvəlcə nəqqaş daşın üzərinə yazıb, sonra isə onu kağızın üzərinə basma yolu köçürürdülər. “Ziyayi Qafqaziya”nın naşiri Hacı Səid Ünsüzadə olub. Şamaxı sünnə məclisinin sədri olub.  Eyni zamanda bu adam dərsliklər yazıb. İndi axundlarımızdan hansı belə şey edir?
Ünsüzadənin də şəkli ilk dəfə bizdə olub, mətbuatda yoxdu. Bunu da bizə onun nəticəsi verib. Hətta Türkiyədə məzarını da tapmışıq. Məzarı Fateh Camidədi. Ünsüzadə sonra isə “Kəşkül” qəzetini dərc edib. Onun orijinalı yoxdu bizdə. Əlimizdə olanı isə orijinala oxşatmağa çalışmışıq.

Muzeyi gəzirik. Akif bəy də gördüyümüz bütün eksponatlar haqqında geniş məlumat verir…

- Əhməd Bəy Ağaoğlu “İrşad”, “Yeni İrşad”, “Tərəqqi” qəzetlərinin yaradıcısıdır. Ondan əvvəl isə “Kaspi” qəzetində çalışıb.  Burda onun öz imsayıla olan kitabı, qızına yazılan təziyə teleqramı, ona aid konvert var. Əhməd Bəy Ağaoğlunun oğlu Samed Ağaoğlunun da burda şəkli var. Baş nazirin müavini olub. Eyni zamanda qəzetçi, yazıçı, publisist kimi tanınır. 

Akif Aşırlı elə həvəslə danışır ki. Yaratdığı muzeyin ən yaxşı bələdçisi elə özüdü…

- Burda Ceyhun Hacıbəylinin 1959-cu ildə Münhendə çap etdiyi kitab da var. Kitab kommunist rejimin antiislam təbliğatına qarşı mübarizədən bəhs edir. Muzeyimizdə “Vışka” , “Kommunist” , “Axşam”, Azərbaycan gəncləri”, “Azərbaycan radiosu” qəzetlərinə aid xatirələr də var. Bax, bu cürə xatirə əşyaları da yığırıq. Ümumiyyətlə, mətbuatla bağlı nə varsa, əldə etməyə çalışırıq. 16 nəfər mətbuat xadiminin portretini çəkdirmişik. 

Muzey tək baxmaq üçün yox, həm də jurnalistika tələbələrinin üzünə də açıqdır. Onlar burdan istədiyi kitabı əldə edib, oxuya bilərlər…

- Burda Cəlil Məmmədquluzadəyə aid kitab var. “İstiqlal” qəzetidir. 1933-cü ildə Məmməd Əmin Rəsulzadənin dərc etdiyi “İstiqlal” qəzetinin 6-7 orijinal sayı bizdə var. Həmin qəzet Almaniyada nəşr olunub. Həm də burda jurnalistikaya aid kitablar var. Jurnalistika fakültəsinin tələbələri də bu kitablardan yararlana bilərlər. 
ilk qadın qəzeti “İşıq” qəzetidir. 1911-ci ildə işıq üzü görüb. Onun da orijinal 6 nömrəsi burda var. Xədicə Əlibəyova nəşr etdirib. Elə onun özünə aid də sənədlər, şəkilləri muzeydə görürük. 

Azərbaycan mətbuatının ilk qadın jurnalisti isə Şəfiqə xanım Əfəndizadədir. Ahıska türkü olub. Bu da ona aid blaknotdur. 1903-cü ildə “Şərqi rus” qəzetində onun ilk yazısı çıxıb.  Qadın publisistimiz kimi dəyərləndirilir mətbuatda. Onun bizdə qeyd dəftəri var. “Azərbaycan qadını” jurnalının məsul katibi Sabir Gəncəli ömrünün sonlarına yaxın ondan müsahibə alıb. Şəfiqə xanım da həmin qeyd dəftərini ona xatirə kimi bağışlayıb. Sabir Gəncəli də onu bizim muzeyimizə bağışladı. 

Redaksiyanı gəzdikcə görürük ki, ora iş yerindən çox elə muzeydi. Hər otaqda, hər köşədə mətbuata aid dəyərli arxivlər yerləşdirilib. Akif bəy muzeyi tanıtmağa, bizləri məlumatlandırmağa davam edir…

- Hətta burda 1918-ci ilə aid fotoaparat da var. Həsən bəy Zərdabinin həyatı ilə bağlı ilk yazının dərc olunduğu kitabı da burda görə bilərsiniz. Üz qabığı olmadığı üçün adını bilmirik, amma 1911-ci ilə aid dərs kitabıdır. Kimsə 1915-1916-cı illərə aid “Məktəb jurnalı”nı axtarsa, burdan tapa bilər. “Molla Nəsrəddin” jurnalının 1914-cü ilə aid bütün komplektləri-44 sayı bizdə var. 

Tarix qoxan muzeyi gəzdikcə, əvvəlki jurnalistlərin jurnalist  vəsiqələri də gözümüzə dəyir...

-  Əvvəlki illərə aid jurnalist vəsiqələri. Əlibəy Hüseynzadənin dərc etdirdiyi orijinal “Füyüzat” jurnalı. Ağamalı Sadiq Əfəndiyə aid ailəsinin bağışladığı qələm, saat. Çox eksponatı ailələr bizə bağışlayır. Məsələn, bu qələmdaşı, Lalə Hacıyeva gətirib. Prezident aparatında mətbuat katibi olan Osman Mirzəyevin qızı. 

Cəlil Məmmədquluzadəyə aid portret, Sabirə aid sənədlər… Ən maraqlısı jelatin üzərində Cəlil Məmmədquluzadənin çəkil portretidir. Həmid Qasım tərəfindən muzeyimizə hədiyyə edilib.

Beş sətirə 15 qəpik…

“Kaspi” qəzetinin qonarar siyahısı.  Beş sətir 15 qəpik, 10 sətir... “Kaspi” qəzetinə aid nizamnamə. Əlimərdan bəy Topçubaşovun portreti. 

“Şərq” qəzetində 26 ildi çalışan redaktor Yusif Nəzərlinin otağı. Məmməd Əmin Rəsulzadənin portreti.

- Bura I dünya müharibəsinə aid mətbuatdan ibarətdi, dövrləşmə. Burda olan “İqbal”, “Bəsirət” “Nicat”, “Açıq söz” qəzetlərinin hamısı orijinaldır. “Şəlalə” “Füyüzat”dan sonra romantik ədəbiyyatın nümünəsidi.  Gördüyünüz Hüseyn Cavidin “Müharibə və Qadınlar” məqaləsi də orijinaldır. “Molla Nəsrəddin”dən başqa “Gülgü”, “Mozalan”  “Lək-lək”. “Babayi Əmir” jurnallarımız da var. 

Otaqda Məhəmməd Hadinin də portreti var idi. Akif Aşırlı deyir ki, həmin portreti şair Mikayıl Bozalqamlı hədiyyə edib. Tək bu yox, bundan başqa 3 portretin də muzeyə şair tərəfindən ərmağan edildiyini dedi.  

Yusif Nəzərlinin otağından çıxdıqdan sonra Heydər Əliyevə məxsus guşə ilə tanış oluruq. Daha sonra isə Cümhuriyyət otağına keçid edirik. Akif Aşırlı davam edir…

- İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov bütün müsəlman dünyasında mətbuatın inkişafında əsas rol oynayan şəxsiyyətlərdi. Cümhuriyyəti Məmməd Əmin Rəsulzadəsiz təsəvvür etmək qeyri-mümkündür. Onun portretini bizə Atatürk liseyinin müəllimləri hədiyyə edib. 1918-ci ildə çıxan  “Azərbaycan” qəzeti 1919-cu il 12 yanvarda Azərbaycanın müstəqilliyi Avropa ölkələri tərəfindən defacto tanınandan sonra “Müstəqil Azərbaycan” adı altında xüsusi buraxılış buraxdı. 

 

Mətbuat banimizin taleyi məlum olmayan oğlu…

- 31 mart soyrımı ilə bağlı mühacirətdə olan jurnalistlərimizdən birinin yazısı da burda var. Jurnalistin kim olduğu bəlli deyil, Türkiyədən almışıq. İlk mədəniyyət jurnalımız “Övraqi Nəfisə” olub.

 Səffət Zərdabi Həsən bəy Zərdabinin oğludur. Onun taleyi məlum deyildi. Mən müəyyənləşdirmişəm ki, o, memar olub, Almaniyada oxuyub. Eyni zamanda həm də qələmi olub, yazı yazıb. O, “Mücahid” və “Türk izi” adlarında jurnallar buraxıb. O böyük bir cəmiyyət və “Milliyətçilər” dərnəyini də yaradıb. Niyazi Yusifbəyli  Nəsibbəy Yusifbəylinin oğludur. Burda onun yazıları da var. 

Kütləvi İnformasiya vasitələri haqqında ilk qanunu da “Mətbuat muzeyi”ndə tapa bilərsiniz…

- Kütləvi İnformasiya vasitələri haqqında ilk qanun da burdadı.  Bu bölmə isə “Respublika” qəzetinin sabiq baş redaktoru Teymur Əhmədova aiddir. Ona aid əşyalardır. Ondan bəhs edən miniatür kitabdır. 

Burda isə Heydər Əliyevin səs yazılarıdır. Bunlar Elmira Axundovaya məxsusdur. Onun H. Əliyevdən aldığı müsahibələr, Əliyevin ona verdiyi fotoaparat. 

Akif Aşırlı deyir ki, muzeyi yaratmaq da cəmi iki nəfər ona kömək edib…

- Muzeyə iki adam dəstək olub. Bu insanlardan biri şair Nəriman Həsənzadədir. Bura gəlmişdi, bir də gördüm konvertin içində sürücüsündən 1000 manat göndərib. Geri qaytarmaq istəsəm də, qəbul etmədi. Dedi ki, “oğlum sən çox böyük iş görürsən. Mən də istəyirəm qatqım olsun”. Digəri isə deputat Cavanşir Feyziyevdir. İki dəfə 500 manat 500 manat pul göndərib. Yerdə qalan nə varsa, hamısını özümüz etmişik.  

Muzeyin digər hissəsi olan otağa keçirik. Otaqda qələmdan, Üzeyir Hacıbəylinin orijinal şəkli. Xəlil İbrahimlinin tərcümeyi-halı…

- Xəlil İbrahimli Üzeyir Hacıbəylidən sonra “Azərbaycan” qəzetinin baş redaktoru olub. Əslən şuşalıdır. Onun sənədlərini bizə qızları verib. İki qızı vardı. Biri vəfat edib. Solmaz İbrahim çox məşhur insandı. SSRİ ali sovetində tərcüməçi olub. Atası xalq düşməni elan edilib, 1937-də güllələnib. Amma qızı vəzifə tutub. 

Akif Aşırlı deyir ki, çox insanlar əllərində olan arxivləri vermək istəmirlər. Haqlıdılar da...

- Məmməd Əmin Rəsulzadənin  “Yeni Qafqaziya”sını  300 dollara almışam. 500 manata isə Molla Nəsrəddin jurnalının 1914-cü ilə aid bütün saylarını almışam. Hətta deyilənə görə ən mükəmməli bizdədi. O qədər yaxşı eksponatlar auksiona çıxarılıb ki, maddi baxımdan ala bilməmişəm. 
Məsələn, Əhməd Cəfəroğlunun qızında ona aid nə qədər sənədlər var. Onları bizə vermədi. Əli bəy Hüseynzadənin şəxsi arxivinin ölkəyə gətirilməsində Qənirə Paşayevanın çox böyük rol oynadı. Onun qızından xahiş etdi. İncimişdi Azərbaycandan. Bax, belə çoxu inciyir, vermək istəmir. Deyir özüm saxlayacam. Nə deyə bilərik, hardasa haqlıdırlar da...Rəsulzadənin iki dənə orijinal əsərlərini - . “Əsrimizin Səyavuşu” və “Rusiyada siyasi vəziyyət” 100 dollardan almışam.

Sonda isə Akif bəyə bizə “Mətbuat tarixi. Faktlar və Sənədlər" kitabını hədiyyə etdi.

Belə, ümid edirik növbəti mətbuat gününə qədər “Mətbuat muzeyi” daha da genişlənib, zənginləşər, özünə layiq məkana köçər...

FOTO: Orxan Kərimov

 


 

# 4452
avatar

Aytəkin Cəlali

Oxşar yazılar