Piyadaların üstünə su sıçradan sürücülər cərimələnəcək - XƏBƏRDARLIQ
10 yanvar 2023 11:15 (UTC +04:00)

Piyadaların üstünə su sıçradan sürücülər cərimələnəcək - XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar bəzi sürücülərə xəbərdarlıq edib.

İdarənin  şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Lent.az-a bildirib ki, hazırda respublikanın bəzi bölgələrində və paytaxtda qarlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır:

"Məlumdur ki, qarlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır. Odur ki, mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı yollarda daha məsuliyyətli olmalıdır. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də şinlərin mövsümə uyğun olmasına və əyləc sisteminin sazlığına əmin olmalı, qar sularının yollarda yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması qeyri-etik davranış olmaqla yanaşı, həm də inzibati məsuliyyət yaradır. Belə sürücülər aşkar edildiyi təqdirdə barələrində İnzibati Xətalar Məcəlləsinin 342.1.5 maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Nəzərə almaq lazımdır ki, şaxtalı havada piyadaların su ilə islanması xoşagəlməz bir hal yaradır. Bütün sürücülər yollarda hərəkət edərkən piyadalarıda nəzərə almalıdırlar.

 Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan qarşıya keçməyi tövsiyyə edirik".

# 1836
avatar

Oxşar yazılar