"O qışqırırdı, şok içində idi"  - “Crocus” terrorunun azərbaycanlı şahidi Lent.az-a DANIŞDI
02 aprel 2024 11:14 (UTC +04:00)

"O qışqırırdı, şok içində idi" - “Crocus” terrorunun azərbaycanlı şahidi Lent.az-a DANIŞDI

“Yerə yıxılan insanları, qanı və qışqırığı, silahın lüləyini görəndə anladım ki, terror aktı baş verir. Anama zəng edib, sağollaşdım və “Crocus”un yanan binasına daxil oldum”

Lent.az-ın müsahibi martın 22-də Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı yüzlərlə insanın həyatını xilas edən həmyerlimiz Kamil Nəsibovdur

- Kamil, o günü necə xatırlayırsan?

- Həmin gün axşam hardasa səkkizə beş-on dəqiqə qalmış, iş bitənə yaxın iş yoldaşıma təklif elədim ki, çıxaq bir siqaret çəkək. Biz çıxdıq. Siqaret yandıranda axra tərəfdə xırda partlayışlar başladı. Birinci elə bildik ki, atəş-fəşanlıqdı. Bir-iki saniyədən sonra dönüb arxama baxanda gördüm ki, insanlar yerə yıxılır və bir neçə əli silahlı gördük. Onda biz çay tərəfə qaçdıq. İnsanları başladıq dayandırmağa ki, bəs getməyin. Vəziyyəti qışqıra-qışqıra camaata izah etməyə çalışırdıq. Çayın üstündə bir restoran var, girdik ora, qoymadıq camaat oradan çölə çıxsın. Bacardığımız qədər baş verənləri camaata izah etdik, daha sonra çölə çıxdıq. Çölə çıxandan sonra mən başladım yavaş-yavaş “Crocus”un qabağına getməyə.

- Hadisə baş verən yerə tərəf?

- Bəli. Həmçinin o tərəfə gedən insanları saxlayırdım. Onlara izah edirdim ki, bəs belə hadisə baş verib, getməsinlər. Bir neçə nəfəri geri qaytardım. Bu anda gördüm ki, bir qadın kömək istəyir. Mən o qadına da kömək etdim. Həmin vaxt yoldan bir taksi keçirdi, taksi dayandı, içindən bir qız çıxırdı, deyəsən o da konsertə gedirdi. Qızı maşından çıxmağa qoymadım.

“Crocus”un qarşı tərəfində isə bir qız qışqırırdı ki, yoldaşı yaralanıb, atası da ordadı. Mən onlar olan tərəfə getdim. Onlar hadisənin baş verdiyi yerdə idilər. Oğlan başından güllə yarası almışdı.

- Həmin zaman ətrafda nə baş verirdi? Xatırlayırsanmı?

- Orada baş verənləri tam dəqiqiliklə sözlə ifadə etmək olmur. Bir nəfər bizə yaxınlaşdı, yaralı idi, biz həmin insanı götürüb təcili yardıma apardıq. Yenə qayıtdım hadisənin baş verdiyi binaya tərəf, orada nə qədər yaralı vardısa, başladım onları səki tərəfə dartmağa. Onları səkiyə tərəf dartdıqca, qışqırırdım ki, burada yaralılar var...

Kamil daha sonra çalışdığı kafedəki iş yoldaşlarını xilas etmək üçün "Crocus"un alovlar içində olan binasına daxil olub

- Belə başa düşüdüm ki, sən terror aktı baş verəndə “Crocus City Hall” içində deyil, çölündə olmusan. Sonradan binaya daxil olmusan...

- Bəli, elədir. Metronun girişindən “Crocus”a tərəf gələn insanları geri qaytarıb, yaralıları oradan uzaqlarşdırandan sonra binaya daxil oldum. Qaçdım girdim içəri, çıxdım ikinci mərtəbəyə, işlədiyim kafe tərəfə getdim. Elə bildim ki, ikinci mərtəbədə baş verənlərdən heç kimin xəbəri yoxdur. İkinci mərtəbədə hansı qapıları qıra bilirdimsə, qırıb qışqırırdım. Çıxdım üçüncü mərtəbəyə, dördüncü mərtəbə tərəfdən bir kişi gəlirdi. O, həmin mərtəbənin boş olduğunu dedi. Düşdüm aşağı, ardıcıl yaxınlaşırdım yaralılara. Başa düşürdüm ki, kimlərsə artıq ölüb.

“Crocus”un ən yuxarı mərtəbəsi yanırdı. Orada insanlar dalanda qalmışdılar. Mən “Crocus”un yanan tərəfinə girdim. Divarlar belə yanırdı. Həmin zaman bir oğlan əlində telefon keçirdi. O dedi ki, bəs aşağı da düşmək lazımdı. Düşdük ora, bir xeyli insanı da oradan kömək edib çıxardıq. Yuxarı çıxanda bir telefon tapdım. Telefonun işığı yanırdı, onu fənər kimi istifadə etdim. Həmin vaxt telefona zəng gəldi. Kamilla adında bir qız idi. O, qışqırırdı, şok içində idi, kömək istəyirdi. O deyirdi ki, ikinci mərtəbəyə çıxıb. Həmin zaman xüsusi təyinatlılar da, yanğınsöndürənlər də içəridə idi. Hər yer yanırdı, nəfəs almaq çətin idi. Yuxarıdan su axırdı, yer su idi. Orada hər şey çətin idi. Yaşamayan insan bilməz”.

Həmyerlimiz “Crocus”da insanlara atəş açılan anı gördüyünü xatırlayır

- Kamil, insanlara atəş açanlardan kimisə gördünmü? 

- Üzümü çevirəndə əli silahlı bir nəfəri gördüm. Yerə yıxılan insanları, qanı və qışqırığı görəndə, silahın lüləyini görəndə anladım ki, terror hadisəsi baş verib. İş yoldaşımla aralı qaçdıq. Başladıq insanları əks tərəfə yönləndirməyə.

- Terrorun baş verdiyi binada nə qədər qaldın?

- Hardasa bir 30-40 dəqiqə, bəlkə də çox orada qaldım. İkinci mərtəbə həmin Kamillanın axtarışını davam edəndə, mən nəfəs almaqda çətinlik çəkdim. Tüstüdən heç nə görə bilmirdim, içəri çox dəhşətli idi. Orada bir xüsusi təyinatlı polis məni qoluna aldı, dedi ki, sən artıq qala bilmirsən burda, məni çölə çıxartdı. Orada ərazi bir neçə dəfə mühasirəyə alınmışdı. Polis məni həmin mühasirədən keçirtdi, təcili tibbi yardım maşınına çatdırdı. Üstündən bir 10 dəqiqə keçəndən sonra kimsə qayıtdı dedi ki, həmin qızı (Kamillanı-red) da xilas elədilər. Onda mən telefonu çıxardım verdim ki, həmin qıza versinlər. Mən hardasa bir saata yaxın təcili tibbi yardım maşının içində qaldım.

Kamil terror zamanı özünün də həyatını itirə biləcəyini və bu təhlükəni gözünün qarşısına gətirdiyini bildirib

- Kamil, Azərbaycanda valideynlərin sənin “Crocus” çalışdığını bilirdilərmi? Həmin vaxt səninlə əlaqə saxlayan oldumu?

- Mən içəri camaatın ardınca köməyə girəndə telefonu çıxarıb anama zəng elədim. O, Sumqayıtda yaşayır. Anamla sağollaşdım. Telefonu cibimə qoyub girdim içəri. Bir dənə dedim ki, ay mama, mən burda belə bir hadisəyə düşmüşəm, səni çox sevirəm, çətindi mənə danışmaq, sağollaşdım və girdim içəri...

- Rusiyanın televiziya kanalında “Crocus” terroru ilə bağlı veüriliş gedirdi. Səni də dəvət etmişdilər. Veriliş zamanı birdən halın pisləşdi. Terror hadisəsindən sonra sağlamlığının vəziyyəti necədir?

- Yuxum pozulub. Yata bilmirəm. İştahım da pozulub. Gündə bir dəfə və yaxud iki gündə bir dəfə yemək yeyirəm. Bu şeylərin hamısını unutmaq istəyirəm. Bunu bir pis yuxu kimi unutmaq və normal işimə, normal həyatıma qayıtmaq istəyirəm.      

 

Fərid Əkbərov

# 6891
avatar

Oxşar yazılar