MEDİA:  Jurnalistlərin seçki məntəqələrində hüquqları məhdudlaşdırılmır
07 fevral 2024 12:34 (UTC +04:00)

MEDİA: Jurnalistlərin seçki məntəqələrində hüquqları məhdudlaşdırılmır

7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır.

lent.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin məlumatında qeyd edilib.

"Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır.

Xatırlatmaq istərdik ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə media subyektlərinin istər seçki prosesində şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməli olduqları bildirilib.

Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir" - məlumatda bildirilib.

# 2412
avatar

Oxşar yazılar