Karantin rejimi ilə bağlı əhaliyə  ÇAĞIRIŞ
15 iyul 2022 11:47 (UTC +04:00)

Karantin rejimi ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev koronavirusla bağlı müsahibə verib.

Lent.az həmin müsahibəni təqdim edir:

- Zakir müəllim, COVID-19 virusu ilə bağlı hazırda dünyada ümumi vəziyyət necədir?

- 2019-cu ilin sonundan başlayaraq bütün dünyanı tuğyan edən COVID-19 pandemiyası hələ də davam edir. Son vaxtlar yoluxma sayında müşahidə olunan artım Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) belə bir açıqlama verməyə məcbur etdi ki, koronavirus pandemiyası davam edir və virusun yeni mutasiyaları aşkarlanır. Hazırda ABŞ, Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələrdə kəskin artım müşahidə olunur.

- Azərbaycanda müşahidə olunan yoluxma halları ilə bağlı fikirləriniz...

- Qeyd edim ki, ölkəmizdə ötən aylarla müqayisədə virusa yoluxmada artım müşahidə edirik. Bunu nəzərə alaraq, gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən, gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam.

- Bəzi Avropa ölkələrində “Omicron”un yeni alt növü müəyyən edilib...

- Təəssüf ki, doğrudur. Avropa virusoloqları ilk dəfə iyunun sonunda Hindistanın bir neçə bölgəsində aşkar edilən və digər ölkələrə, o cümlədən Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya və Kanadada yayılan COVID-19 “omikron” ştamının yeni variantının (BA.2.75) ortaya çıxmasından narahatdırlar. BA.2.75 variantı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən diqqətlə izlənilir və hazırda nəzarət altındadır.

Virusologiyanın tarixinə nəzər saldığımız zaman görürük ki, bəzi mutasiyalar virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Mutasiyalar arasında virusun necə ötürüldüyü (daha sürətli yayıla bilməsi) və ya səbəb olduğu xəstəliyin şiddəti (daha ağır xəstəliyə səbəb ola bilər) araşdırılır.

Virusun ilkin ştamlarında da eyni mənzərəni gördük. Nəzərə almaq lazımdır ki, koronavirusun öldürücülük qabiliyyəti azalarkən, yoluxuculuq qabiliyyəti artır. “Omicron” variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur. COVID-19-un ilkin mutasiyalarına aid olan iybilmə və ya dad hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın əsas əlamətləri hesab olunur.

Koronavirusun “Delta” və “Omicron” ştamlarını müqayisəsi onu göstər ki, “Delta”da ölüm nisbəti daha yüksəkdir.

- Doktor, virusdan qorunmaq üçün nələrə diqqət etməliyik?

- Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda, vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm.

# 3096
avatar

Aytəkin Cəlali

Oxşar yazılar