İlk dərs günü yoxsa, birincilərin kiçik toyu
16 sentyabr 2024 11:19 (UTC +04:00)

İlk dərs günü yoxsa, birincilərin kiçik toyu

Hörmətli valideynlər, sizin hamınızı  birinci sinfə qədəm basacan şagirdlərin kiçik toyuna dəvət edirik ( P.S- qız, oğlan, fərqi yoxdur).
Rəsmi dəvətnamə gəlməsə də, xüsusən Bakı şəhərində birinci sinif şagirdlərinin ilk məktəb gününün təntənəsi kiçik toy məclisini xatırladır.

Bəh-bəh. Valideynlər bir-birinin bəhsinə ciblərini də, canlarını da oda yaxırlar. Müəlliməyə 101 bahalı qızılgül  alan kim, qızıl hədiyyə edən kim, uşağı ilk gündən məktəbdə özünə güclü hiss etdirsin deyə kirayə “Hummer”lə gələn kim. Videokameralar, tortlar, toya gedirmiş kimi bəzənib düzənmiş analar, xalalar, bibilər, nənə-babalar.... Mənzərə bilik bayramından çox, sünnət toyuna bənzəyir.

2 gündür sosial şəbəkələrdə bir valideynin məzəli səs yazısı trend olub.

“Ay məllimə, biz o şarları məktəvə dombaldıb gətirək, yoxsa gələk məktəvdə dombaldaq?”
Allah səni güldürsün. Anlamayanalara deyək ki, valideyn məktəbə aparılacaq şarların şişirdilməsindən bəhs edir.

 Valideynlə məktəbin arasında əlaqələrin olması gözəldir. Uşağın tərbiyəsi birtərəfli aparılmır. Bu yaxşı. Amma... Amması odur ki, artıq içiləndə dərd verir su da. Biz vur deyəndə öldürürük, ağartmırıq e lap qızardırıq.

Birinci sinif uşaqları üçün yaradılmış bu təntənə çox zaman məsum uşaqlarda qorxu yaradır.
Nəzərə almaq lazımdır ki, eyni sinifdə oxuyacaq şagirdilərin hamısı eyni sosial statusa malik, eyni maddi səviyyəli ailələrdən gəlmirlər, Bunu ilk gündə uşaqların gözünə soxa-soxa həyatın ədalətsizliyini öyrədirik?

 O çiçəkləri hamı sadə aparsa müəllim daha ucuz gül buketinin üzünə baxmadan onu uşağın əlindən alıb nümayişkaranə  halda zibil qabına atmaz, ucuz hədiyyələrə üzünü turşutmaz. 

Bir xatirəni heç unutmuram. İllər öncə oğlum birinci sinfə qədəm qoyanda ona dərs deyəcək müəllim məni görən kimi oğlumun əlindən tutdu, süni şəkildə irişə- irişə “bıy tanınmış jurnalistimizin oğlu gəlib” dedi. Dərs hələ başlamamışdı. Uşaqlar, valideynlər yeni-yeni sinfə dolurdular, müəllim birinci sırada oturmuş arıq, çəlimsiz uşağın qolundan tutub “dur keç arxaya, göysatanın nəvəsi” deyəndə başımda ildırım çaxmışdı.

Uşağı hamının gözü qabağında sındırmaq? Bu ya gələcəyin qatilini hazırlamaqdı, ya da o sinifdə daim əziləcək, xor görüləcək bir şagird.

 O uşağı bilmirəm, bu hadisə illər keçsə də, gözümün önündən getmir. Mən oğlumun o sinifdə oturmasını istəmədim, qolundan tutub çıxdım. Müəllimə sadəcə onun eşidəcəyi səslə, “uşağı alim kimi yetişdirməyə bilərsiniz, əsas adam olsun istəyirəm, ona görə gedirəm” dedim.

 Bax belə. Bu toy guya bu günlə bitir? Votsapda yaradılmış valideyn qruplarında nələr olur nələr. Uşağı məktəbli olan hamı bilir.
Məktəbdə valideyn yarışmaları davam elədikcə yordu- yordu bitməyəcək. Təhsilimiz olacaq, düzgün tərbiyəmiz yox.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23766
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar