Həbsdən çıxıb intihar etmək istəyir: Günah kimdədir? – ARAŞDIRMA
02 avqust 2024 17:03 (UTC +04:00)

Həbsdən çıxıb intihar etmək istəyir: Günah kimdədir? – ARAŞDIRMA

- Alo, salam. Sizin saytda mənim məhkumluğum və məhkəmə prosesim haqqında gedən yazıların silinməsini istəyirəm.

+ Bağışlayın, amma biz yayımladığımız xəbərləri silmirik.

- Başa düşmürsünüz məni. Mən bu xəbərlərə görə həbsdən çıxdığımdan gündən 2 il keçib iş tapa bilmirəm.

Və daha neçə belə zəng. Artıq demək olar ki, hər gün redaksiyamıza bu cür müraciətlər daxil olur. Düzünü desəm, qınaya da bilmirik. Axı anlamaq lazımdır ki, kimisi günahlı, kimisi isə başqasının günahı ucbatından etdiklərinin cəzalarını çəkiblər. Cəzasını çəkən şəxsi dövlət cəmiyyətə buraxıbsa, niyə bu düşüncələrlə onları qınaq obyektinə çeviririk? Onlarda bizim xalqın, cəmiyyətin bir fərdidir axı. Bəzən insan istəyir ki, əlində bir sehrli dəyənəyi ola, cəmiyyətə vura və bu münasibəti dəyişə. Çünki insani münasibətlərlə onlara cəza vermək nə Allah, nə də qanun qarşısında doğru deyil.

Bəs, qanunvericilik bu məsələdə nə deyir? Məhkum olunmuş şəxslərə qarşı hansısa qadağa varmı?

Məsələyə hüquqi qiymət verən Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında belə deyir: “Qanunvericiliyin mahiyyəti ondan ibarətdir ki, məhkum olunmuş şəxslərin həbsdən azad olduqdan sonra iş tapmasına dövlət də yardımçı olmalıdır. Çünki məhkum olmuş şəxslərin reabilitasiyasında, cəmiyyətə uyğunlaşmasında iş tapmaqları mühüm rol oynayır. Qanunvericilik hüquq mühafizə orqanlarına şəxsi məhkumluq dövründə işə qəbul olması ilə bağlı qadağa qoyur. Digər şəxslərdə bu qadağa yoxdur. Lakin sahibkarlar, işəgötürənlər, eyni zamanda, bir sıra dövlət qurumları özlərini sığortalamaq və sovet ənənəsi ilə gedib məhkum olan şəxslərin yenidən cinayət törətməsindən şübhələnərək onları işə götürmürlər”.

Məhkum olunmuş şəxslər sosial cəmiyyətə necə inteqrasiya oluna bilər?

Sosioloq Asif Bayramov məsələ ilə bağlı fikirlərini Lent.az-la bölüşüb. O, bu təzyiqlərin sonda yenidən yanlış addım atmağa təşviq etdiyini deyib:

“Ümumiyyətlə, yalnız məhkumluq həyatı yaşamış insanların deyil, hər bir fərdin cəmiyyətə daha uğurlu sosial-psixoloji inteqrasiyası məsələsi istənilən dövlət və hakimiyyət üçün daim prioritet suallardan biri olub və olaraq qalır. Çünki sosial inteqrasiya hər bir fərddən cəmiyyət tərəfindən hamılıqla qəbul olunmuş ümumi norma və qaydalara, sosial-psixoloji stereotiplərə dürüst əməl olunmasını tələb edir. Əks halda həmin şəxs bütövlükdə cəmiyyət tərəfindən sosial təzyiqə məruz qalır. O, fiziki baxımdan cəmiyyət içində olsa belə, psixoloji baxımdan tənhalaşır. Bu hal isə sonucda həmin şəxsin mənəvi depressiyaya uğraması üçün yetərincə əlverişli zəmin yaradır və yaranmış bu psixoloji ovqat fərdi ya cəmiyyətə qarşı üsyan ruhuna kökləyir, ya da bu zərbəni özünə yönəldərək intihara yol açır. 

Təbii ki, bu problem məhkumluq həyatı yaşamış insanlarla bağlı daha ciddi və kəskin xarakter alır. Çünki müəyyən zaman intervalında cəmiyyət mühitindən kənarda qalan, yeni mühitdə (həbsxanada) yaşamaq uğrunda mübarizənin diktəsi altında tamamilə yeni sosial vərdişlər əldə etmək məcburiyyətində qalan bir insan üçün yenidən cəmiyyətə döndükdən sonra aldığı vərdişləri tərgitmək heç də asan olmur. Təbii ki, bunun üçün dövlətin müvafiq sosial-psixoloji reabilitasiya proqramları olmalı, onlar ən azı altı ay, ya da bir il ərzində müvafiq dövlət qurumlarının nəzarəti altında reabilitasiya proseduralarından keçməlidirlər”.

Sosioloqun fikrincə, məhkumluq həyatı yaşamış insanlar üzərində dövlət qurumları məsuliyyət daşıyır:

“Fərqli cəmiyyətlərdə və sivilizasiyalarda problemli şəxslərin sosial-psixoloji inteqrasiyasının tarixən müxtəlif modelləri mövcud olub. Bu sahədə dini inanc sistemlərinin praktikası daha maraqlıdır. Çünki hər bir fərdin sosial vərdişi əslində mahiyyətcə bir şüur aktıdır. İnsan qeyri-iradi olaraq ətraf mühitlə şüurundakı stereotiplərə, yəni hazır davranış modellərinə uyğun şəkildə davranır. Bu zaman fərdin sosial baxımdan zərərli stereotipləri öz şüurundan silməsində ona dəstək ola biləcək üstün bir dünya qavrayışı sisteminə ehtiyac yaranır. Tarixən bu missiyanı daha çox dini şüur öz üzərinə götürərək bir tövbə institutu yaradıb. İnsanın hansısa əməlindən peşman olaraq bu günahını Ulu Yaradan qarşısında tövbə ilə yuyacağına sidq ürəkdən inanması mahiyyətcə fərdin uğurlu sosial inteqrasiyasını stimullaşdırıb. Mənim bu şərhim prinsipcə dini inanca çağırış deyil, sadəcə şəxsin cəmiyyətə inteqrasiyasını əngəlləyən stereotiplərin müvafiq sosial mühit tərəfindən daha da körüklənməsi əvəzinə, onun həmin şəxsin şurundan silinməsinə kömək etməyin zəruriliyini anlatmaqdır.

Bu sahədə Qərbi Avropa ölkələrinin praktikası daha mükəmməl və daha uğurludur. Bu ölkələrdə həbsxana infrastrukturu fərdin sosial baxımdan tam reabilitasiya olunması üçün zəruri imkanlar təqdim edir. Yəni cəmiyyətin mədəni infrastrukturunu, təhsil infrastrukturunun və s. sanki mini modelləri həbsxana həyatında tətbiq olunur. Həbsxanaya düşən bir şəxs buradan hər hansı sahə üzrə bir bakalavr, magistr, hətta, fəlsəfə doktoru olaraq çıxmaq imkanına malikdir. Bu baxımdan istər məhkumluq həyatı yaşamış insanların, istərsə antisosial insanların cəmiyyətə inteqrasiyasında hər bir vətəndaşımız və təbii ki, həm də müvafiq dövlət qurumları məsuliyyət daşıyırlar”.

Psixoloq Aytən Səfərova Lent.az-a bildirib ki, bu düşüncə ilə həmin şəxsləri yenidən həbsə itələyirik:

“İllərlə məhkumluq yaşayan şəxsləri törətdikləri cinayəti nəzərə almadan sırf məhkumluğuna görə işə götürmürlər. Bəzən bu aliment borcu, səhvən adam vurma, ölümə səbəb olma olur. Bu pərakəndə düşüncə sonunda xaotik bir hadisə ilə nəticələnir. Məhkum olmuş şəxslərə belə davranmaqla, onları yenidən həmin mühitə itələyirik. Onlara qarşı psixoloji zorakılıq olur. Dəfələrlə mənə müraciət edirlər ki, “mən cinayət törətməmişəm. Yola baxmadığı halda yolu keçən adamı vurdum və məni həbs etdilər. Günahım olmadığı halda azadlıqdan məhrum edildim. İndi də iş tapa bilmirəm” deyirlər. Əslində bu hadisələrin tərkibini dəqiqliyi ilə araşdırsaq, onun cinayətkar olmadığını görərik. Bu baxımdan onlar işlə təmin oluna bilmədikdə, müraciət edirlər saytlara ki, barələrində yazılmış məlumatlar silinsin. Düşünürlər ki, haqlarında olan məlumatlar silindikdə hər şey keçmişdə qalacaq.

Bununla yanaşı, siyasi arenada özünü göstərən şəxslər bəzi addımlarına görə bir müddət azadlıqdan məhrum edilirlər. Yenidən cəmiyyətə qayıtdıqda öz işlərinə davam etmək istəyirlər. Amma bu mümkün olmayanda insanlara qarşı özlərində aqressiv olurlar. İnsanlar düşünürlər ki, həbsxanaya düşmüş şəxs pis adamdır. Hətta böyük kişidirsə, onun övladına qız verib, qız almaq belə istəmirlər. Bu reaksiyalarla ən yaxşı bir insanı belə cinayətə, uğursuzluğa sürükləyirlər”.

Bu da belə... Amma nə edək?! Bu təkcə bizim yox, bütün dünyanın problemidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7125
avatar

Fidan İlqar

Oxşar yazılar