“Genetikası dəyişdirilmiş yeni insan nəslinə uduzacağıq” - MÜSAHİBƏ
31 avqust 2022 15:25 (UTC +04:00)

“Genetikası dəyişdirilmiş yeni insan nəslinə uduzacağıq” - MÜSAHİBƏ

Lent.az-ın müsahibi kliniki farmakoloq, doktor Müşfiq Hüseynovdur

- Doktor, nanotibb anlayışı insanlığa nə vəd edir?

- Nano texnologiya yaxın 5-10 il ərzində həyatımızın hər bir sahəsinə müdaxilə edəcək. Eləcə də tibb sahəsində nano elminin tətbiqi sayəsində müalicə  anlayışı kökündən dəyişəcək. Nanotexnologiyalar bütün orqanların süni kopyasını yarada, hərəkət qabiliyyəti olmayan insanlarda süni ətraflar, görmə əngəlilər üçün süni gözü əvəzləyə bilər. Artıq qana yeridilən mikrorobotlar mövcuddur. Hələ tətbiqi başlamayıb. Bu robotlar içdiyimiz dərmanlarla və ya inyeksiya yolu ilə orqanizmə yeridilir, orda “ toxuculuq” edirlər, zədələnmiş toxumaları yenidən  toxuyur, yamayırlar. Onlar qana düşdüyü andan xəstə orqanı müəyyən edib mikrocərahiyyə əməliyyatı ilə problemi aradan qaldıra biləcək. Yaxın zamanlarda xərçəngi artıq oral tablet qəbul etməklə önləyə, müalicə nəticəsində sağalda biləcəyik. Çox zaman insanlar şikayət edir ki, dərmanların təsiri yoxdur. Haqlıdırlar. Bunun elmi açıqlamasını qısa şəkildə izah edim. Hər hansı kimyəvi molekulun ölçüsü onun təsir etidiyi xəstə hüceyrənin ölçüsündən böyükdür. İçilən hər hansı dərmanının tərkibindəki molekulun ölçüsü 350-600 nanometr, amma insan  hüceyrələrinin molekulyar ölçüsü 60-90 nanometridir. Deməli, orqanizm nəzərdə tutulan təsirin çox- çox kiçik  hissəsini alır. Nanotexnologiya metodu ilə istehal olunan preparatların molekulu xarici görünüşcə hüceyrə molekuluna uyğunlaşdırılır. Bu texnologiya ilə istehsal olunmuş dərmanlardan çox kiçik dozada qəbul etmək bəs edəcək. Dünya əczaçılıq  nəhəngi “Pfizer” tamamilə nanotexoloji liposom istehsalına başlamaq üzrədir. Liposom bütün növ dərmanları əhatə edən insan orqanizmi tərəfindən yad cisim kimi qəbul edilməyən maddədir və günəbaxan yağından alınan lisitindən ibarətdir. Liposomla əhatə olunmuş molekul  orqanizm tərəfindən tam mənimsənilir. Başqa bir nümunə. Neural Lace adlı yeni layihəyə əsasən, insan beyni süni intellektlə birləşdiriləcək. İnsanların beyninə yerləşdirilmiş  mikroskopik çip-elektrodlar  depressiya, epilepsiya kimi xəstəlikləri ümalicə edəcək, yaddaşı kopyalaya biləcək. Nağıl kimi görünsə də bu həqiqətdir. Artıq yeni nəsil insan yetişdirirlər. Genetik yaddaşı olmayan insan yaradırlar. Onların irqi, xalqı, milləti, qohumları yoxdur. DNT-si dəyişdirilmiş, keçmişi, gen bağları olmayan insan. İndiki insan yeni yaradılan nəsilə uduzacaq. Hansı məqsədlə yaradılıb və nə üçün bu informasiya paylaşılır? Bəlkə, ona görə ki, dəlinin biri atom düyməsinə basarsa, yeni insan nəslini məhz onlardan təşkil edəcəklər. 

- 3D printerdə insan orqanlarının hazırlandığını eşitmişdim. Bu artıq tətbiq edilir? 

-  Texnologiya var. Bildiyim qədərilə, hələlik  tətbiq edilmir, amma bu demək deyil ki, tətbiq edilməyəcək.

-  Bəs dediyiniz o nano-dərmanlar dünya bazarında varmı?

-  Bəziləri var. Zamanı çatan kimi onları kütləvi şəkildə bazara çıxaracaqlar. Və o zamana çox az qalıb.  Bu axı həm də biznes layihədir. Çox baha başa gələn texnologiyadır. Orta səviyyəli istehsalın qurulması  on milyonlarla investisiya tələb edir. Amma artıq dövr yeni yanaşmalar  tələb elir və deməli liposomal texnologiyanın, tibbə hi-tech yanaşmanın tətbiqi sürətlənəcək.

- Nanodərmanlarla asan arıqlamaq barədə sual verməsəm olmaz. Orqanizmdə piyləri yeyən və ya əridən nanopreparatlar var?

- Yemək kütləsinin azaldılması (doyma hissinin tezləşdirilməsi) və aclıq hissinin bloklayan dərmanlar var. Doyma hissi verən  dərmanlar 5 ilə yaxındır  tətbiq olunur. Tərkibində liposomal, təbii buğda lifi, alma liflərinin sellülozası, glükomannan olan preparatlar daha çox məsləhət görülür.

- Doktor, mən sizi tanıyandan müşahidəmə əsasən, ildən-ilə cavanlaşırsınız,  deyəsən gənclik  iksirini tapmısız?

- Belə deyək, səbəbi və nəticəni özüm üçün çözmüşəm və buna əməl ertməyə çalışıram. İnsan orqanizmində 25 yaşda qocalma başlayır. Hətta bunu 22 deyənlər də var. Biz sadəcə güzgüdə bunu 30 yaşda görməyə başlayırıq. Yaşlanmanın əsas səbəbi orqanizmdə sərbəst radikalların çoxalmasıdır. Sərbəst radikallar orqanlarımızdakı sağlam hüceyrələrin nüvəsindən sağlam elektronları alır, DNT-nin sintezi prosesini pozur və hüceyrə nüvəsini zədələyir. Nəticədə, nə qədər sərbəst radikalımız varsa, o qədər də xəstə hüceyremiz olur.

- Sərbəst radikallar necə yaranır?

- Müxtəlif faktorlar var, ən birincisi stress, sonraradiasiya, ekologiya , qidalanma və oturaq həyat tərzi, siqaret, alkoqol, narkotik,  yoluxucu  və genetik xəstəliklər.  Hüceyrələr lazım olan aminturşuları, minerallar və vitaminlər ilə müntəzəm təmin edilsə, yaşlanma prosesini ləngidə bilərik. İnsan 50 yaşında 35- 40 yaşındaymış kimi görünə bilər. 

- Ən konkret şəkildə deyin, insan özünü gənc saxlamaq üçün nə edə bilər?

- Sağlam həyat tərzi, müəyyən rejimə əməl etmək, pozitiv düşüncə.  Bütün xəstəliklərin ana səbəbi sinirdir. Təbii ki genetik faktor da var, amma bundan qaçmaq mümkündür. Bakının havası və radiasiya fonu, suyumuzun keyfiyyətsiz olması,  ölkədəki müharibə vəziyyəti  və  dünyadakı qlobal ekonomik krizislə bağlı ümümi stress və bitmək bilməyən problemlər istər-istəməz bizə təsir edir. Bakı neft şəhəridir və buna görə radiasiya kifayət qədər yüksəkdir. Bir zamanlar uzunömürlülər diyarı olan  Azərbaycanda indi 55 yaşa qoca kimi baxırlar, 70 yaşda ölümə qocalıq deyirik, xoşbəxtlik kimi baxırıq.  

- Çarə yoxdurmu? 

- Birmənalı şəkildə energotoniklər, narkotik, rəngli və qazlı içkilərdən  imtina etməyi tövsiyyə edirəm.  Şəkərli məhsullar, duz və çörəyin istifadəsi minimuma endirilməlidir. Müəyyən müddət  sonra orqanizm buna alışacaq və qəbul edəcək. Çalışın, axşam saat 6-dan sonra yemək yeməyin. Mədəyə və bədənə 11 saat rahatlıq vermək çox önəmlididir. Necə olur olsun, özününüzü  saat rejiminə salın. Bədən  ağıllıdır, o, sizdən nəyi və nə vaxt edəcəyinizi öyrənəndə avtomatik uyğunlaşır. Əyər adətən 12 də yatırsınızsa, o 12-nin yarsı hazırlığını başlayır, qana melotonin sintez olunmağa başlayır, bədən sakit və dinc bərpa prosesinə hazırlığa başlayır. Nə vaxt yatacağı bəlli olmayan insanda melotonin boşuna sərf olunar. Bu isə gənclik və sağlamlıq hormonudur. Bədən çox ağıllıdır, biz onun işləməsinə mane oluruq. Stress faktorun öhdəsindən gələn adam ətrafa pozitiv baxır, müsbət enerji ötürüb, müsbət enerji alırıq. Bunun adına istəyirsiniz dua deyin, istərsəniz inam deyin.İnsan inanmaqla ən qorxunc xəstəliklərə üstün gələ bilər, bunu böyük əminliklə deyirəm. Xərcəng xəstəliyində müalicənin rolu 30 faizdir, əsas inanmaq, xəstəliyə yenilmək fikrini beyninə yaxın qoymamaqdır.

- Doktor, axı dediniz, bəzi şeylərə maddiyyat həll edir. Pul yoxdursa onda necə?

- Pul elə bir məvhumdur ki, hər kəs onu qaldıra bilmir, pul təzyiqdir, yükdür. Bir çoxumuz pullu olmağa sadəcə hazır deyilik. Hamı deyir, “pul olsa, xərcləyərdik”. Amma o pul, söhbət təsadüfən ələ düşmüş milyondan gedir, həmin adamın əlinə düşsə, o stress yaşayacaq. Mən bir araşdırmada oxumuşdum, Amerikada normal  yaşamaq üçün aylıq 6700 dollar stabil maaş olmalıdır. Bundan artıq pul pul stress yaradır. Bu Azərbaycan üçün də keçərlidir. Azərbaycan kifayət qədər bahalı ölkədir. 4 nəfərlik bir ailə pul tərəfindən sıxıntı çəkməsin deyə, ata-ananın hər biri 3500-3700 manat stabil maaş almalıdır. Ən azından istirahət edə, gəzə, sabahını düşünə bilsin

- Doktor, dünyanı çox gəzib, çox görmüş bir insansınız. Necə düşünürsünüz, bu gün azərbaycanlı gəncin pulu olmadan hər hansı bir qərb dövlətində yaşaması üçün potensialı var? Təhsilimiz buna imkan verir?

- Mən Sovet zamanında Tibb Universitetini rüşvətsiz oxumuş tələbələrdən biri idim. Özümü kifayət qədər intellektual biri hesab edirdim. Lakin illər öncə indi işlədiyim şirkətlə işə başlayarkən anladım ki, mən nəinki az bilir, ümumiyyətlə heç nə bilmirəm. Qərb təhsili ilə bizim təhsili müqayisə eləmək dağla Aranı müqayisə eləmək deyil, bu səhv olardı. Yerlə Marsı müqayisə eləmək lazımdır. Tamamilə fərqli iki dünya. Xaricə yaşamağa gedəcəksənsə, sənətin, bacarığın və ya elmi potensialın  yükəsk səviyyədə olmalıdır. Sənə ehtiyac olsun. Özünü yetişdirməlisən. Mən 40 yaşdan sonra yenidən oxudum, öyrəndim və indi böyük bir şirkətdə sözü ilə hesablaşılan biriyəm. Azərbaycanlıların çox qəribə beyni var. Biz mütləq şəkildə hər çətin situasiyadan gözəl çıxış yolları tapa bilirik. Bizim bu xüsusiyyətimizi yaxşı bilirlər. Biz istənilən vəziyyətə çarə tapmaq  xüsusiyyətinə malikik. Bir çox xalqlarda bu keyfiyyət yoxdur.

- Səhiyyəmizin səviyyəsindən tək siz yox, bütün cəmiyyət gileylidir.  Çıxış yolu olaraq nə təklif edərdiniz?

- Məndən soruşsalar, təklif edərdim Tibb Universitetini 10 il müddətinə bağlayaq. Çox radikal addımdır, amma bu lazımdır. ATU-da təhsil yetərsizdir, gənclər ən azı Türkiyədə təhsilərini davam etməyə ehtiyac duyurlar. Xaricdə oxuyub gəlmiş uzmanlar bu yükü çəkib vəziyyətdən çıxmağa çalışırlar. Məncə dövlət potensiallı gəncləri Avropaya, Amerikaya, Türkiyəyə, İsrailə  göndərməlidir, onlar alim kimi yetişib gəlib, universitetlərimizdə dərs deməli, özləri kimi parlaq kadrlar yetişdirməlidirlər. Bizə pul qazanmağın yolunu öyrənən həkimlər yox, əsl həkimlər, elm adamları lazımdır. Yoxsa başqa cür bu vəziyyətdən çıxmaq mümkün deyil. Baxırsan terapevtdir, gedir kosmetoloq işləyir, diş həkimidir gedir şirkət açır biznes qurur, Pediatr aptek açır və s., Harda görünüb bu? İndi dərs deyənlər mənim nəslimdən olan adamlardır. Ya qrup yoldaşlarım olublar ya da bir iki kurs irəli. Necə olduqlarını deməyə ehtiyac varmı? O gün sosial şəbəkədə  müəllim dərs vermək haqqında élan verib, 3 cümlədə 7 səhv var. Hansı təhsildən danışırıq? Mən hesab edirəm ki, bizdə təhsil və səhiyyə sistemində cardinal-inqilabi dəyişikliklər lazımdır.

- Nanotexnologiya  metodunda hazırlanmış dərmanlar Azərbaycana nə zaman gələcək, bizim onları istehsal etmək imkanımız olacaqmı?

- Əslində elə bir fikir var.  Bütün şirkətlər böyümək məqsədi daşıyır. Supreme Nanobiotics nano-texnologi şirkəti olaraq (Müşfiq Hüseynov bu şirkərin Eksport departamentinin direktorudur) belə bir layihəmiz var, yaxın 5 il ərzində biz 3 ölkədə fabrik qurmağı planlaşdırıq. Mən çalışıram, bir fabrikimiz Azərbaycanda olsun, hətta Qarabağda olsun. Azərbaycan tərəfi məsələyə müsbət baxır. Ən azından istehsalçı olaraq məhsulun üzərində "Qarqabağda, Azərbaycanda istehsal olunub" sözlərinin yazılması, bu məhsulun Avropa və Amerika bazarlarına çıxması ən böyük arzumdur. Bunun üçün əlimdən gələn hər şeyi edirəm. Ümid edirəm ki, ölkəmizin adı nano-texnologiya istehsalçıları siyahisina yazılacaq, gənc mütəxəssislər işlə təmin olunacaq və ölkəyə valyuta gələcək. Necə deyərlər, qoy xeyir vətənə qalsın. 

# 10059
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar