FHN əməkdaşlarının maaşları artırıldı
23 dekabr 2021 16:45 (UTC +04:00)

FHN əməkdaşlarının maaşları artırıldı

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) həqiqi hərbi xidmət hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Lent.az-ın xəbərinə görə, Fərmana əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Müəyyən edilib ki, bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən ödənilir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

# 3846
avatar

Oxşar yazılar