200 qram mürəbbə 15 manat, 1 ədəd şokoladlı qurabiyə 5 manat, ədədinə görə şəkər əvəzedici qənd 6-10, çörək isə 3-9 manat...
Bəli, bu rəqəmlər şəkərli diabet xəstələrinin istifadəsi üçün nəzərdə tutulmuş primitiv qidaların qiymətidir. Şəkərli diabet xəstələrinin ən böyük problemlərindən biri düzgün və təhlükəsiz qidalanmadır ki, bu da təəssüf ki, getdikcə lüksə çevrilir. Bu qiymətləri görəndən sonra isə insanın şəkərinin “çərxi-fələy”ə çıxmaması qeyri-mümkündür.
Bəs nəyə görə digər insanlar üçün nəzərdə tutulan qidalarla müqayisədə diabetik məhsulların qiyməti bu qədər bahadır?
İqtisadçı ekspert Günay Hüseynova Lent.az-a bildirib ki, qiymətlərin yüksək olması tələb-təkliflə əlaqəlidir:
“Müxtəlif xəstəlikdən əziyyət çəkənlər, allergiyası olanlar, dieta saxlayanlar xüsusi kateqoriyaya daxil olan şəxslərdir. Məhz bu kimi dietik məhsullar da onların istifadəsinə yönəlib. Qiymətlərin yüksək olması isə əslində tələb-təkliflə əlaqəlidir.
Bizdə yerli istehsal yox səviyyəsindədir. Buna görə də xaricdə emal olunan məhsullar bazarda daha baha satılır. Bundan əlavə, daha çox qazanma istəyi istənilən malın alıcı tərəfindən alınmasına sövq edir.
Bəlkə də, araşdırsaq, o məhsulların tərkibi də heç bir o qədər təmiz deyil. Sadəcə məhsulun üzərindəki yazı insanlara psixoloji təsir etdiyi üçün iqtisadi baxımdan xərc onlara maraqlı olmur. “X” diabetik məhsulunu ölkəyə gətirən və ya istehsal edən şirkət bilir ki, qiyməti nə olsa da, alıcı ondan istifadə edəcək.
Bəs bu vəziyyətdən sui-istifadə edərək süni qiymət artımı yaratmaq deyilmi?
“Xüsusi məhsul kateqoriyasına aid qidalarda süni qiymət artımı var”,-deyə iqtisadçı qeyd edib:
“Qiymət tənzimlənməsi məsələsi dövlətin nəzarətindədir. Lakin azad bazar iqtisadiyyatını nəzərə alsaq, sahibkara filan məhsulu filan qiymətə sat deyə bilmərik.
Qiymət tənzimlənməsində yeganə çıxış yolu yerli istehsala dəstək vermək, həmçinin gömrük rüsum güzəştləri ilə ola bilər”.