Xudayar Yusifzadə
15 iyul 2021 10:45 (UTC +04:00)

Xudayar Yusifzadə

Dastan yazan Xudayar - Bu gün cənnətdə ilk ad gününü keçirir

Bu gün “Vətən yaxşıdır” mahnısı ilə özünü hər kəsə sevdirən şəhid Xudayar Yusifzadənin doğum günüdür.

Lent.az-ın məlumatına görə, Xudayar 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub.

Sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatdı. Amma bu müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, Xudayar Yusifzadə kimi.

Şəhid Xudayar evin son beşiyi olub. Ondan böyük bacısı və qardaşı var. Kiçik yaşlarından atasını itirib.  Xudayara ailədə, tanışları, yaxınları “Xudu” deyə müraciət edirdi.

Xudayar 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. O, kiçik yaşlarından mahnı oxumağa həvəsli olub. Xudayarın atası da qarmon ustası olub. Buna baxmayaraq, o idmanla da məşğul olub. 2012-2018-ci illərdə yerli yarışlarla yanaşı, bir sıra beynəlxalq turnirlərdə də qızıl medal qazanıb.

O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Bundan sonra o “gizir” hərbi rütbəsi alıb.

General-mayor Polad Həşimovun Tovuz döyüşləri zamanı şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Xudayar Yusifzadə Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Onun o məşhur videosu da elə ölümündən iki gün qabaq Zəngilanda çəkib. Xudayar o mahnını oxuyanda 3 gün idi ki, ac-susuz olub. O belə mahnıları oxuyaraq döyüş yoldaşlarına da ruh yüksəkliyi verirmiş. Yaralanan yoldaşlarını heç vaxt tək qoymurdu. Hətta çiyninə belə alıb lazımi məntəqəyəcən çatdırıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Xudayar Yusifzadənin mahnı oxuyub və telefon vasitəsi ilə lentə aldığı video, müharibə ərəfəsində bütün sosial şəbəkələrdə trendə çevrildi.

Qeyd edək ki, həmin mahnı, “Vətən Yaxşıdır” mahnısının sözləri Əliağa Vahidə, musiqisi Əlibaba Məmmədova aiddir. Daha sonra Əlibaba Məmmədovun da istəyi ilə bu mahnı “Xudayar təsnifi” adlandırılıb.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8421
avatar

Oxşar yazılar