Rusiyadan miqrantların böyük köçü başlaya bilər. Bu barədə ölkənin miqrasiya üzrə ekspertləri indidən həyəcan təbili çalır. Onların fikrincə əslində miqrantlar Rusiyanı tərk edib öz ölkələrinə də yollanmayacaqlar. Düzdür, istisnalar da olacaq. Amma böyük əksəriyyəti daha stabil ölkələr üz tutmaq niyyətindirlər.
Əmək miqrasiyası üzrə ekspert Asilbek Eqemberdiyevin bildirdiyinə görə, köç edənlərin böyük əksəriyyəti gənclərdir. “Ehtimal eləmək olar ki, onlar sanksiyaların yaratdığı böhrandan sonra bəlkə də geri qayıtsın. Amma bu sanksiyalar hələ yenicə qüvvəyə minib. Onlar aradan qalxacaqmı, böhran nə vaxt bitəcək, bax, bu suallara cavab vermək mümkün deyil.
Miqrant axınının əsas səbəbi isə təbii ki, rublun kursuyla bağlıdır. Söhbət ondan gedir ki, artıq əgər müharibəyədək – onda bir dollar 70 rubl ekvivalentindəydi - 7 min rubl qazanan şəxs öz evinə 100 dollar göndərə bilirdisə, indi həmin o 100 dollar üçün azı 10 min rubl qazanmalıdır. Düzdür, son iki gündə rubl kursunda irəliləyişlər var. Bu da Rusiya hökumətinin öz qazını Avropaya məhz rublla satmaq niyyətiylə bağlıdır. Amma ekspertlərin fikrincə, bütün bunlar müvəqqətidir. Artıq sanksiyalar Rusiya ciddi təsir etməkdədir. Ən yaxın zamanlarda rublun mövqeyi də zəifləyəcək.
Bir məqamı da qeyd edək. Miqrantların vətənlərindəki ailələrinə pul göndərmək vasitələrində də ciddi problemlər yaranıb. Məsələn, Mastercard, Visa, Western Union Rusiyada blok edilib. Bunun özü də əlavə çətinliklər yaradır.
Sözsüz, Rusiyada baş verənlər Azərbaycana da az təsir etməyəcək. Hazırda Rusiyada on minlərlə azərbaycanlı əmək miqrant yaşayır. Bundan başqa Ukrayna ilə müharibə səbəbindən bu ölkəni də minlərlə azərbaycanlı tərk edir.
Moskvada məşhur “Fud-Siti” bazasında çalışan İldırım Əliyev Lent.az-a deyir ki, sanksiyalar tətbiq olunandan bəri meyvə-tərəvəz ticarətində artıq problemlər yaranıb.
“Söhbət ondan gedir ki, nəinki Moskvaya, bütün Rusiyaya meyvə-tərəvəz idxal olunur. Xaricdən isə təbii ki, bunlar rublla yox, dollarla alınır. Ona görə də həm qıtlıq hiss olunur, həm də qiymət bahadır. Bir yandan da digər məhsullar da bahalaşıb. Əhalinin alıcılıq qabiliyyəti zəifləyib. İndi burada nə qədər qazanmalıyıq ki, həm evimizin kirayə pulunu, icarəni ödəyək, özümüz də dolanaq, ən əsası, evə də pul göndərək. Ona görə də çox adam piştaxtalarını bağlayıb getməyə üstünlük verir. Ən azı bilirsən ki, Azərbaycanda evin var, ailənin yanındasan. Bir tikə çörək isə hər yerdə tapılır”.
Moskva vilayətinin Odintsovo şəhərindəki “Temp” tikinti şirkətində usta işləyən Maqsud Qurbanov da eyni cür düşünür. Maqsud Lent.az-a deyir ki, sanksiyalardan sonra tikinti sektorunda tənəzzül indidən açıq görünür. “Çünki tikintidə istifadə olunan materialların böyük əksəriyyəti Rusiyaya xaricdən gətirilir. Elə tikinti də çalışanların böyük əksəriyyəti də miqrantlar, əsasən də Orta Asiya ölkələrindən gələnlərdir. Rublun kursunun aşağı düşməsi onların da vəziyyətini pisləşdirib. Bilirsiniz, bizim millət diribaşdı, fəaliyyət sahəsini tez dəyişə bilir, yeni iş yerinə tez uyğunlaşır. Məsələn, mən şənbə və bazar günləri şəxsi maşınımla taksi fəaliyyətiylə məşğul oluram. Amma on minlərlə mənim kimi azərbaycanlı da var ki, onlar alverlə məşğuldurlar, tikintidə işləyirlər”.
Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, vilayət İctimai Palatasının üzvü, Qubernator yanında milli məsələlər üzrə Şuranın miqrasiya və ekstremizmin profilaktikası komissiyasının sədri Şirvan Kərimov isə Lent.az-a açıqlmasında məsələyə bir qədər fərqli yanaşdı:
“Rusiyada kütləvi işsizlik yəqin ki, olmayacaq, çünki burda onsuz da demoqrafik problemlərə görə vakansiya çoxdur. Bu barədə birmənalı qərar vermək olmaz, “xüsusi əməliyyatın” nəticəsini gözləmək lazımdır. Rusiyadan Azərbaycana kütləvi axından danışmaq da hələ tezdir, amma müəyyən faiz həmvətənlərimiz geri dönəcəklər ki, bu da iqtisadiyyatdan çox dünyadan təcrid halında yaşamağa etiraz əlaməti olacaq”.
“Sanksiyaların miqrantların kütləvi şəkildə axınına hər hansı bir təsiri olmaycaq”. Bu sözləri isə Lent.az-ın müxbiriylə söhbətində Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev deyib.
Şamil bəyin dediyinə görə, hazırda miqrantlarla bağlı ən ciddi problem onların ölkələrinə qayıda bilməmələridir. “Miqrantlar sanksiyalar ucbatından öz vətənlərinə qayıda bilmirlər. Məhz sanksiyalara görə, həmin ölkələrə burdan uçuşların dayandırılıb.
Pandemiya vaxtından Rusiya-Azərbaycan sərhədinin bağlı olmasına görə, quru yolla heç bir Azərbaycan vətəndaşı Rusiyanı tərk edə bilmir. Məcbur qalıb hava yolu ilə gedirlər. Hava yolu ilə getmək üçün də biletlərin qiyməti ən az 40 min rubldan başlayıb 200 min rubla qədər davam edir. Və əlbəttə ki, Rusiyaya işləməyə gələn miqrantın da o qədər pulu olmur ki, özünə bilet alıb, geri qayıtsın”.
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov isə mediaya bildirib ki, yaranmış şəraiti nəzərə alaraq, miqrasiya axını birtərəfli olacaq - Rusiyadan Azərbaycana.
“Rusiyada artıq əmək bazarında müəyyən gərginlik var, iqtisadi sanksiyalara görə orada xeyli insan işsiz qalıb. Bu, əmək miqrantlarının Rusiya əmək bazarından sıxışdırılmasına gətirib çıxaracaq. Əgər əmək bazarında yerli əhalinin tutmaq istəmədiyi vəzifələri, o cümlədən kommunal xidmətlər sahəsini əmək miqrantları tuturdusa, indi işini itirmiş Rusiya vətəndaşlarının da bu vəzifələrə müraciət edəcəyi gözlənilir. Qismən daha çox Rusiya vətəndaşının da ticarətlə məşğul olacağı gözlənilir ki, bu da bu sahədə əmək miqrantlarının payının azalmasına təsir göstərəcək. Eyni vəziyyət tikinti sektorunda və Rusiya iqtisadiyyatının digər sahələrində də olacaq. Bu, Rusiyadakı əmək miqrantlarımızın sayının azalmasına və ümumiyyətlə, Rusiya Federasiyasındakı soydaşlarımızın sayının azalmasına gətirib çıxaracaq”.