Gənc rəssam Dərya Məmmədova
20 aprel 2021 16:30 (UTC +04:00)

Gənc rəssam Dərya Məmmədova

“Bu arzum mənə baha başa gəldi” - Gənc rəssam Lent.az-a nələr danışdı...

“Rəssam olmaq arzum mənə baha başa gəlib. Çox keçməkeşli bir yol keçdim bu günə gələnə qədər. Üç il müəyyən səbəblərə görə universitetə qəbul ola bilmədim. Rəssam olmaq, bu qabiliyyətimi inkişaf etdirmə arzum qorxurdum ki, elə arzu olaraq da qalacaq”. 

Gənc rəssam Dərya danışır bunları. Sabirabadın Suqovuşan kəndində böyüyüb boya-başa çatan Dəryanın artıq 30 yaşı var. Hazırda rayonundakı məktəblərin birində müəllim işləyir. Təsviri incəsənət müəllimi Dərya Məmmədova 13 il öncə başlayır rəsm çəkməyə. Gördüyü hər mənzərəni, hər detalı rəsmə köçürən Dərya deyir ki, bu sənətin bütün növlərini sevir. Xüsusilə də natürmortu.

Gənc rəssam Dərya Məmmədovanın çəkdiyi rəsm

- Uşaqlıqdan gah həkim, gah müəllim olmaq istəyirdim. Bizim rus dili müəllimimiz var idi. Rafael müəllim. O, həmişə deyirdi ki, sənin əl qabiliyyətin yaxşıdı. Sənədlərini İncəsənət universitetinə ver. Bu sahə üzrə təhsil al. Sən istedadlısan.

Mən də düşündüm və gördüm ki, haqlıdır. Sonra qərar verdim ki, bu sahə üzrə təhsil alım.

Amma rəssam olmaq arzusu, elə özünün də dediyi kimi ona baha başa gəlir. Xeyli çətinliklərlə qarşılayır.  Hə, düz üç il universitetə qəbul ola bilmir. Yaxşısı odur ki, başına gələnləri özü danışsın:

- Deməli, 2009-cu ildə Rəssamlıq Akademiyasına vermək istəyirdim sənədlərimi. Əvvəl düşündüm modelyer rəssam olaram. Sonra fikrimi dəyişdim xalçaçı rəssam olmaq qərarına gəldim. Sənədlərimi düzəldib verdim məktəb üçün. O vaxt çox təcrübəm yox idi. Məsləhət verən də olmadı. Sən demə qabiliyyət imtahanı üçün sənədləri daha öncədən verməli, komissiyadan keçməliydim. Test imtahanını uğurla verdim. Qabiliyyət imtahanına girəndə dedilər ki, siz sənəd verməmsiniz. Çox pərt olmuşdum. Həmin il daha başqa sahə üzrə getmədim. Növbəti ili gözlədim. İkinci il isə ərizəmdə səhv olduğuna görə qəbul ola bilmədim. Üçüncü ili gözlədim. Həmin il kurslara getdim. Bu sahəni daha yaxşı öyrənib qabiliyyət imtahanından uğurla keçmək üçün. Sonra qismət elə gətirdi ki, ailə qurdum. Çox sağ olsun həyat yoldaşım, həmişə məni dəstəklədi. Ailə qurandan sonra Sabirabad Dövlət Sosial İqtisad kollecində Təsviri incəsənət müəllimliyi üzrə təhsil aldım. 3 ildir ki, müəllim kimi çalışıram.

Hə, şagirdləri onu məktəbin həyətinə girən görən kimi sevinirlər. Yox, ona görə yox ki, Dərya müəllim gənc və gözəldir. Ona görə ki, keçdiyi dərsdən sözün əsil mənasında həzz alırlar. Sevimli müəllimləri və sevimli dərsləri.

Gənc rəssam Dərya Məmmədova və şagirdi

- Çox bacarıqlı şagirdlərim var. İstəyirəm onlar gələcəkdə uğur qazansınlar. Mənim əldə etməyimi onlar etsinlər. Bu məni həqiqətən xoşbəxt edər. Məsələn, bu rəsmləri şagirdlərimlə çəkmişəm. Bir bax, necə gözəldilər.

İki balaca qızı da var Dəryanın. Deyir, bu istedadım onlarda da özünü göstərib:

- Karantin müddətində evdən işləyirdim. Boş vaxtım çox olurdu. Qızlarımla birgə rəsmlər də çəkirdik. Çox həvəslidirlər. Elə hey rənglərlə oynamaq, rəsmlər çəkmək istəyirlər.

Hə, həyat yoldaşı ona dəstək olur. Heç vaxt bu dəstəyini ondan əsirgəmir. Elə bu gün də. Dərya məktəbə dərs keçməyə gələndə iki azyaşlı qızlarına o baxır. Təzə tikdikləri evin bir otağını da Dəryanın rəsmləri üçün ayırıb:

- Evi təmir etdirmişik. Otaqlardan birinin divarlarına çərçivələr düzəltdirib mənim üçün. Hazır rəsmlərimi qoymaq üçün. Bu otağı rəsm emalatxanası edəcəyik. Axı rəsmləri harda olsa çəkmək olmur. Gərək xüsusi otaq, özünəməxsus abı-havası olsun.

“Bəs, ailədə rəssamlıqla məşğul olan olub?” sualıma Dərya belə cavab verdi:

- Atam və babamın yaxşı əl qabiliyyəti olub. Atam usta işləyib uzun illər. Elə bu rəssamlıq qabiliyyətini də onun təmir etdiyi evlərin divarlarına baxanda aydın görmək olardı. Biz evdə dörd uşaq olmuşuq. İki bacı, iki qardaş. Hamımızın da rəsmə böyük həvəsi olub. Amma bu sahəni təkcə mən davam etdirdim. Böyük bacım və qardaşım hərdən rəsm çəkirdilər. Kiçik qardaşım Abbas isə rəsm çəkməyə karantin vaxtı başladı. İnana bilirsən? Bu vaxta qədər əlinə qələm almamışdı. Karantində bekarçılıqdan özünə məşğuliyyət axtarırdı və rəsm çəkməyə başladı. Və mən deyərdim ki, məndən də qəşəng portretlər çəkir.

Dərya Məmmədovanın qardaşı Abbas Hüseynlinin çəkdiyi rəsmlər

Dərya deyir ki, hərdən portret sifarişləri alır:

- Hərdən portret sifarişi edənlər olur. Onları çəkirəm. Bir portreti 50 manata çəkirəm. Bir şəkli çəkmək üçün 4 gün vaxtımı sərf edirəm. Düzdü, buna ev işləri də daxildir. Yəni sırf rəsmlə məşğul olsam daha tez bitirərəm.

Gənc rəssamı qarşıda məsuliyyətli bir iş gözləyir. O, artıq Vətən Müharibəsi şəhidlərinin rəsmlərini çəkməyə başlayıb.

Gənc rəssam Dərya Məmmədovanın çəkdiyi rəsm

Gənc rəssam Dərya Məmmədovanın çəkdiyi rəsm

Gənc rəssam Dərya Məmmədova və şagirdi

Gənc rəssam Dərya Məmmədovanın çəkdiyi rəsm

Gənc rəssam Dərya Məmmədova

Gənc rəssam Dərya Məmmədova

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7005
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar