İsgəndərov Əsəd Beybala oğlu - hərbi qulluqçu
Niftəliyev Ceyhun Bahadur - hərbiçi
Tağıyev İmdad Rövşən oğlu - fermer
Abbasbəyli Həmid Cavanşir oğlu - boks üzrə çempion
Mehdiyev Kamran İmran oğlu - sürücü
Əliyev Nahid Baxış oğlu - memar
Rəsulov Sadiq baxış oğlu - ehtiyatda olan zabit
Əliyev Babək bağır oğlu - bərbər
Qiyasov Qiyas cavanşir oğlu - həkim...
Bu siyahıda 3 mindən çox Azərbaycan igidinin adı var. Türk, ləzgi, yəhudi, gürcü, talış, rus, avar, saxur - hamısı azərbaycanlı adı altında birləşərək bölünmüş vətəni bölünməz etmək üçün can verən 3 mindən çox qəhrəmanın adlarıdır bunlar.
Müharibəyə qədər hamısı öz qayğıları, gündəlik məişət problemləri ilə savaşırdı, müharibəyə başlayınca düşmənlə savaşar oldular. Bu tarixdə görülmüş bir iş deyildi. Savaş əmri verilincə heç kim arxada balam var, anam var ailəmə baxar düşüncəsinə düşmədi, hamı toya bayrama gedirmiş kimi tələsə-tələsə getdi yaralı vətənin intiqamını almağa, 30 illik bir damğanı silməyə.
Balasını əsən küləkdən, yağan yağmurdan qoruyan analar “oğul bu gün üçündür” deyib fəxrlə, qürurla uğurladı düşmən üstünə. Agıl nənələr nağılla, sevə-sevə böyütdükləri nəvələrinə “sən aslansan, pələngsən, düşmənin bağrını sök, qorxma” deyib ürək-dirək verdilər. Səfərbərlik xidmətlərinin qarşısında cəbhəyə getmək istəyən kişilər növbələrə düzüldü, aparılmayanlar dava saldılar, kükrədilər. Qisas günü gəlmişdi, Azərbaycan ərənlərinin 30 illik qəzəbi, xiffəti, həsrəti, utancı, kədəri dəmir yumruğa döndü, nağıla, dastana bənzəyən, 1000 illər sonra belə anılacaq bir salnaməni yazdı 44 gün içində. Bizlər bu hekayəni real olaraq yaşayan xoşbəxtlərik əslində
***
O, müharibə başlayan kimi könüllü cəbhəyə yollanıb. 44 günlük müharibə bitəndən sonra da evə dönməyə tələsməyib, ən son xəstəsini evə yola salıb, sonra qayıdıb. Cərrahlar sərt adamlar olurlar deyirlər. Cəbhə xatirələrini danışanda bu iri cüssəli insanın əslində uşaq kövrək olduğunu görürsən. Hər əsgərinə balam deyən, onu yarasından tanıyan adamdır Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasının əməkdaşı, travmtoloq-cərrah Aqil Yusubov.
Onun Lent.az-a danışdıqlarından:
“Məni cəbhəyə buraxmaq istəmirdilər, demək olar ki, qaçıb getmişəm. Göygöl xəstəxanasına göndərildim. Çatar-çatmaz, heç üstümü dəyişməyə imkanım olmadan, maşından düşüb, işə başladım. Günorta 12-də əməliyyat otağına girdim, çıxanda gecə saat 3 idi. İlk 2 həftə gecə- gündüz bilmədən işlədik. Durmadan yaralılar gəlirdi. 15 gündən sonra bir az ara sakitləşdi.
Əsgərlər əsasən snayper yaraları, qəlpə yaraları və yanıq yaraları ilə gəlirdi. Şəhidlərimizin çoxu yanaraq həlak olmuşdu. Zirehli jilet sinəni qorusa da, boynu, qolları qorumur. Düşmən əsasən, boyunu və bazu sümüyünü hədəfə alırdı. Güllə bazu kələfinə toxunanda məcbur olub, qolu amputasiya etməli olurduq. O anda yalnız əsgərin həyatını xilas eləməyi düşünürsən. İnsan olaraq yox, peşəkar olaraq baxmaq məcburiyyətindəsən. Kəsməsən, ölə bilər. Amma denən bu yaralar onları sarsıdırdımı heç? Əsla. Bu, inanılmaz idi. Belə şeyə yəqin dünyanın heç yerində rast gəlinməyib. Yaralı əsgəri yataqda saxlaya bilmirdik. Minaya düşüb, topuqdan yuxarı ayağı parçalanıb, sallanır deyir “doktor, şinayla bərkit, botinkanın içində qopmayacaq. Geri qayıdım”.
052-dən bir əsgərimiz var idi, ayağının altını qəlpə dağıtmışdı. Sarğı vurdurub, geri qayıtmaq üçün əməlli-başlı mənimlə dava elədi. Yoldaşları ayaqqabılarını gizlətdilər ki, tapa bilməyib, qalsın. İnanın, az qala xəstəxananı dağıdırdı. Tibbi komissiya yararsız desə də, axsamadan yeriyirdi ki, yararlı desinlər. Dedi, “döyüşə bilməsəm də, postda duraram, postda duran əsgər bir saat yatmaq imkanı qazanar”. Getdi, qayıtmadı. Şəhid oldu, qəhərman balam( gözləri dolur).
Bir sürücü gəlmişdi, gecəylə təhlükəli dağ aşırımlarından keçərək, öz yük maşınında 17 yaralı əsgəri sağ gətirib çıxarmışdı. Hərbiçi deyildi o, özü gəlib qoşulmuşdu, mülki vətəndaş idi.Keçdiyi yollar həm qarla, buzla örtülü idi, həm də düşmən zirvədən bu yola nəzarət edə bilirdi. 1-2 saat dəhlizdə boş xərəklərdən birinin üstündə uzanıb yatdı. 3 gün idi yuxusuz idi. Yenidən yaralı daşımaq üçün geri qayıdanda maşın xarab olmuş, minomyotla vurulmuşdu. Çox mərd oğlan idi rəhmətlik. Mən o 44 gün ərzində bir dəfə bir əsgərin “ doktor, mən bir gün də artıq qalım” dediyini eşitmədim. Sarğı vuranda, bəzən keyidici vurmadan yaralarına toxunanda da səsləri çıxmırdı. Elə bir ağrımırdılar, dəmirdən idilər. Ağılları, fikirləri ancaq geri qayıtmaqda idi. Avtobuslara dolub cəbhəyə gedənlər xəstəxanada qalanlara acıq verirdilər ki, biz getdik, siz qaldınız”.
Cərrah danışdıqca gözləri dolur.
“Ən çox ağladığımız gün qələbə günü oldu. Gecəydi, əsgərlər hay-küy qopardılar ki, müharibə bitib. Kənd camaatı əllərində bayraq, musiqiylə töküldü xəstəxananın həyətinə. Səs-küy musiqi.10 dəqiqə bu ajiotaj davam elədi. Amma birdən-birə hamı susdu. Şəhidlərimizi yad edək deyib sükuta qərq oldular. Yaşmanın oğlanları isə dağlar kimi xəstəxananın həyətinə düzülüb sakit-sakit baxırdılar. Üzlərində həm qürur, həm kədər var idi”.
***
İsgəndərov Əsəd Beybala oğlu - şəhid
Niftəliyev Ceyhun Bahadur – şəhid
Tağıyev İmdad Rövşən oğlu – şəhid
Abbasbəyli Həmid Cavanşir oğlu - şəhid
Mehdiyev Kamran İmran oğlu - şəhid
Əliyev Nahid Baxış oğlu – şəhid
Rəsulov Sadiq baxış oğlu - şəhid
Qiyasov Qiyas cavanşir oğlu - şəhid...
Bu siyahıda 3 mindən çox Azərbaycan igidinin adı var.
44 günlük Vətən müharibəsindən sonra onların hamısının bir müqəddəs adı, bir müqəddəs işi var - Qəhrəman ŞƏHİD