Şuşa qalasının açarı... O açara toxunanda qəribə mistik, izaholunmaz duyğular yaranır insanda. Ovcunun içində güclü enerji hiss edirsən. Azərbaycanın qədim torpağı olan Şuşanın-daha doğrusu Şuşa qalasının iki yüz ildən çox yaşı olan gümüş açarı. Yəqin ki, bu günlərdə həmin açarı görmək hər bir azərbaycanlının ürəyindən keçir.
Lent.az oxucularını bir az keçmişə aparır.
Pandemiya səbəbindən hazırda muzeylərimiz ziyarətçi qəbul etməsə də, Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyi gəlişimizin məqsədini öyrəndikdən sonra, qoruyucu maska ilə muzeyə daxil olmağımıza icazə verir.
Tarixi həqiqətin sübuta ehtiyacı yoxdur...
Muzeyin Silahlar və bayraqlar fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabova tarixə səyahətimizdə bizə bələdçilik edir.
Muzeyin çox unikal kolleksiyası olduğunu deyən Sevinc xanımın sözlərinə görə, eksponatlar çox böyük həssaslıqla mühafizə olunur. Böyük bir sevgi və qürur hissi ilə Qarabağ xanlığına aid olan simvolu və Şuşa qalasının açarını təqdim edir.
S.Vahabova deyir ki, tarixi keçmişimizi əks etdirən maddi-mədəniyyət nümunələri Milli Azərbaycan Tarixi Muzeyində qorunub saxlanılmaqla yanaşı, mütamadi olaraq nümayiş etdirilir və gənc nəslə çatdırılır. Və Şuşa qalasının açarının tarixindən, muzeyə necə daxil olmasından danışır: “Şuşa qalasının açarının çox maraqlı tarixi var. XVlll əsrin ortalarına yaxın Azərbaycanın qədim yurd yeri sayılan Şuşa özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ xanı Pənahəli xan düşmən hücumlarından müdafiə olunmaq üçün daha etibarlı müdafiə istehkamlarının qurulmasını qərara alır. 1748-ci ildə “Bayat”, 1752-ci ildə “Şahbulaq” qalaları tikilir. Lakin buna baxmayaraq, müharibələr dövründə xanlığın ərazisini, eləcə də əhalini daha yaxşı qorumaq məqsədilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında “Şuşa qalası” (əvvəlcə adı banisinin adı ilə Pənahabad qalası) tikilir. Bu açar məhz həmin “Şuşa qalası”nın açarlarıdır”.
Onu deyək ki, açar gümüşdən hazırlanıb, gümüşü-qızılı qotazlarla bəzədilib.
S.Vahabova məlumat verir: “Şəhərin açarları çox simvolik bir məna daşıyıb. Xüsusi olaraq qalabaylərə həvalə olunurdu. Hökmdara yaxın şəxs olan qalabəyinin özünün silahı dəstələri olurdu və hər gecə bu qala açarları ilə həmin darvazalar bağlanırdı. Qalabəyi və onun silahlı dəstəsi bütün gecəni əhalinin müdafiəsi üçün qalanın içərisində gəzirdi. Səhərlər darvazalar yenə açılırdı.
Açarın taleyi keşməkeşli olub. 1805-ci il mayın 14-də Çar Rusiyası ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi imzalanır. Rusiya tərəfindən həmin müqaviləni general Pavel Sisyanov, Qarabağ xanlığından isə İbrahimxəlil xan imzalayır. Həmin müqavilədə bir neçə bənd qeyd olunur. Bəndlərdə göstərilir ki, imperator ali rütbəli xanın hakimiyyətini təsdiq edir və onun xələflərini də xan kimi təsdiq edir. Eləcə də bütün xanlığın daxili idarəetmə, cəza və məhkəmə işləri xanın sərəncamında qalırdı. İbrahimxəlil xanın öldürülürməsindən sonra vəziyyət dəyişir”.
Muzeyin əməkdaşı əlavə edir ki, dövlətçilk rəmzlərimiz, müxtəlif xanlıqlara aid olan bayraqlar, İbrahimxəlil xanın şeşpəri, eləcə də Gəncə xanı Cavad xanın buncuğu və bir neçə açar- Bakı, Şuşa və Gəncə qalalarının açarları müxtəlif səbəblərdən Azərbaycandan çıxarılır. 1888-ci ildə Tiflisdə yaradılmış Hərbi Qafqaz Tarix Muzeyinə verilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hərbi atteşeyə tövsiyə olunur ki, bütün dövlətçilk rəmizlərimiz yenidən Vətənə qaytarılsın. Uzun danışıqlardan sonra, 1924-cü ildə bəzi xanlıqların bayraqları, şeşbər, buncuq və açarlarımız Milli Azərbaycan Tarixi Muzeyinə (o dövrdə Milli İstiqlal Muzeyinə) təqdim olunur. Açar və şeşpər o vaxtdan bu muzeydə saxlanılır.
Sevinc xanım deyir ki, bu tarixi eksponatlar müxtəlif sərgilərdə, elmi ekspozisiyalarda, beynəlxalq sərgilərdə nümayiş etdirilir: “Tarixi dəyərləri böyükdür. Dövlətçilk rəmzimizdir. Azərbaycanın çoxəsrlik tarixini əks etdirən bariz nümunələrdir. Bu baxımdan, çox aktualdır. Xarici ziyarətçilərin bu tarixi eksponatlarımıza necə böyük heyranlıqla baxdığını görəndə insan qürur duyur. İşğal altında olan torpaqlarımız bir-bir azad edilir. Biz əminik ki, tezliklə Şuşa qalasının açarının surəti Şuşada yaradılacaq yeni bir muzeydə yerini alacaq”.
Torpaq, yurd “mənimdir” deməklə kiməsə məxsus olmur. Açarı özümüzdə olan Şuşamızın qapısını tezliklə açacağımıza əminik...