Dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayı çoxalır.
Gündəlik yoluxmanın 4 minin üzərinə qalxması xəstəxanalarda yer, müalicə problemini də ortaya qoyur. Digər tərəfdən insanlar təşvişə düşür. Həkimlər isə tövsiyə edir ki, təşvişə düşmədən, eyni zamanda məsuliyyətsiz davranmadan virusa asanlıqla qalib gəlmək olur.
Mövzu ilə bağlı Lent.az-ın suallarını Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova cavablandırıb:
- Koronavirusu digər viruslardan necə seçə bilərik?
- Həkim bildirdi ki, Koronavirus- Coronaviridae ailəsinin Betacoronavirus cinsinə aid olan RNT tərkibli viruslardır. Digər viruslardan əsas fərqi törədicinin müxtəlif olmasıdır:"Virusun əsas kliniki şikayətləri halsızlıq, temperaturun yüksəlməsi (37-38), quru öskürək, sümük agrıları, əzələ agrıları, sinədə darlıq hissi, baş agrıları, iy və dad bilmənin itməsi, ishal, ürək bulanmasıdır.
Xəstəlik kəskinləşdikcə bogulmadan, təngnəfəslikdən, sinədə dözülməz agrıların olmasından şikayatlər olur. Xəstələr, sanki döş qəfəsimdən basırlar havam çatmır, kimi əlamətlərdən şikayət edirlər".
- Virusdan qorunmaq üçün qidalanma amili
- Könül həkimin sözlərinə görə, virusdan qorunmaq üçün qidalanmamıza fikir vermək, vitaminli yeməklər, bol meyvə- tərəvəz və çoxlu maye qəbul etmək lazımdır:"Viruslardan qorunmaq üçün yaxşı qidalanmaq, meyvələr yemək ( nar, heyva, alma) lazımdır. Nar qanı duruldur, heyva bronx saya əzələlərinin spazmını-bogulmanı aradan qaldırır. Alma isə immun sistemimizi qoruyur. Mən allergik meyvələrin yeyilməsinin tərəfdarı deyiləm. Çünki yanaşı xəstəliyi olanlar da bu viruslara yoluxurlar. Məsələn, bronxit, bronxial astma, allergiyaya həssas insanlar və s. Vitaminli qidalar yemək və bol maye qəbul etmək lazımdır".
Həkim onu da vurğuladı ki, ilk növbədə qorxmamaq, xəstələrə psixoloji təsir etmək, onlarda inam yaratmaq lazımdır:"İnam bütün xəstəliklərin müalicəsidir. Xəstələrə ilk növbədə həkimlərə inanmagı daha çox tövsiyə edərdim".
- Bəs, antimikrob dərmanlara nə zaman ehtiyac var?
- Könül doktor qeyd etdi ki, əgər agırlaşma olarsa, yəni pnevmoniya başlayarsa, antibakterial preparatlar gecikdirmədən təyin olunmalıdır:"Ağırlaşmanı bilmək üçün KT( kompyuter tomoqrafiyası, Rentgen) olunur. Sonra antibakterial terapiya aparılır. Bizim ilk göstəricimiz temperaturun olmasıdır. Temperatur yüksəlirsə, deməli bakteriya var".
Həkim onu da bildirib ki, virusa yoluxan insanlarla təmasda olanlar da daşıyıcı sayılır və profilaktik tədbirlər görməli, sonradan xəstələnməmək və kimisə yoluxdurmamaq üçün müəyyən dərmanlar qəbul etməli, tədbirlər görməlidirlər.
Onun sözlərinə görə, virusa yoluxan və evdə müalicə olunan birindən evdəki digər insanları qorumaq üçün tədbirlər görülməlidir:"Maska taxmaq, ayrı otaqlarda olmaq, dəsmalları ayırmaq lazımdır. Tez- tez otagın havasını dəyişmək, otaqları dezinfeksiya etmək lazımdır. Eyni zamanda, əlləri yumaq, spirtlə dezinfeksiya etmək də vacibdir.
Ümumilikdə viruslardan qorunmaq üçün ancaq profilaktikamıza fikir verməliyik. Maska taxmaq, məsafə saxlamaq, əlləri yumaq şərti ilə".