COVİD-19: İnfeksiya şübhəsi olan bütün xəstələrdə bu müayinə aparılmalıdır
22 mart 2020 14:39 (UTC +04:00)

COVİD-19: İnfeksiya şübhəsi olan bütün xəstələrdə bu müayinə aparılmalıdır

Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova koronavirus pandemiyası ilə bağlı radiodiaqnostik məqamları araşdırıb.

e-tibb.az “COVİD-2019: Radidiaqnostik məqamlar” adlı həmin məqaləni təqdim edir:

2019-cu ilin dekabr ayından bu günədək koronavirus xəstəliyinin (COVİD-2019) radiologiyasına dair PUBMED orijinal elmi-tədqiqat elektron mənbəyində axtarış apardıqda 99 əcnəbi mənbə ilə rastlaşdıq və kliniki praktikada vacib olacaq əsas məqamları dəyərləndirməyə çalışdıq. İcmalı tərtib etməkdə əsas məqsədimiz COVİD-19 pnevmoniyası olan xəstələrin döş qəfəsinin rentgenoqrafiyası və KT müayinəsinin şüa diaqnostik əlamətlərini xarakterizə etmək və xəstəliyin radioloji portretini yaratmaqdır.

Yeni tip koronavirusla assosiasiya olunaraq kəskin respirator koronavirus pnevmoniyası adlanan və bü gün bütün dünyanı sarsıdan bəşəri problem 2019-cu ilin dekabr ayında Çində Uhan şəhərində qeydə alındı. Hazırda bu infeksiya demək olar ki, dünyanın əksər ölkələrində sürətlə yayılmaqdadır və ictimai səhiyyə qurumları, kliniki və elmi təşkilatlar bu yeni tip virusun vaxtında aşkar edilməsi və profilaktikası yönündə vacib işlər görməkdədir.

2020-ci ilin 11 fevral tarixindən ÜST yeni tip koronavirusla assosiasiya olunan xəstəliyi 2019-cu ilin koronavirus xəstəliyi (COVİD-19) adlandırdı.

Hazirda klinikalarda COVİD-19 infeksiyasının aşkarlanması üçün polimerazalı zəncirvari reaksiya (PCR) analizi işlənmişdir və tətbiq edilir. Bu analizin infeksiyanın yekun diaqnostikasında etalon standart hesab edilməsinə baxmayaraq, bəzən alınmış yanlış mənfi nəticələr xəstəliyin erkən mərhələlərində pasientlərin dəyərləndirilməsini məhdudlaşdırır (Chan JF, Yuan S, Kok KH,2020). Məsələn, Xie X. və digərlərinin apardığı tədqiqatda 167 xəstənin laborator və kompüter tomoqrafiya (KT) müayinələrinin nəticələri təhlil edilmiş və göstərilmişdir ki, xəstələrin 3%-də (5 nəfər) PCR testin nəticələri neqativ olmuş, lakin KT görüntülərdə səciyyəvi COVİD-19 pnevmoniyası aşkar edilmişdir (Xie X, Zhong Z,2020).

Radiodiaqnostik müayinə üsulları sırasında KT bu xəstəliyin diaqnostikasında aparıcı üsul hesab edilir. Bu müayinə ilə prosesi erkən mərhələdə dəyərləndirmək və nəticələrə əsasən sonrakı mərhələlərdə daha konkret addımlar atmaq olar.

Elmi araşdırmalarda, dövri mətbuatda, sosial şəbəkələrdə COVİD-2019 xəstəliyinin epidemiologiyası, kliniki simptomatikası, profilaktikası və digər aspektlərinə dair vaxtaşırı maarifləndirici və əsaslandırılmış məlumatlar verilir. Bəs COVİD-19 pnevmoniyasının dəyərləndirilməsində radioloq hansı məqamlara diqqət yetirməlidir və bu yöndə radiodiaqnostik müayinələrin rolu və spesifik diaqnostik kriteriləri haqqında əsas vacib məqamlarhansılardır?

Döş qəfəsi rentgenoqrafiya müayinəsinin nəticələri infeksiyanın erkən mərhələsində tam normal ola bilər: xəstəliyin əsas diaqnostik kriterisi hesab edilən “buzlu şüşə” görüntüsünün aşkar edilməsində müayinənin həssas olmaması səbəbindən rentgenoqrafiya erkən diaqnostikada ilk sırada aparılacaq müayinə kimi tövsiyə edilmir (Ng M, Lee EYP, Yang J,2020). Xəstəliyin irəliləmiş mərhələrində isə rentgenoqramda bilateral multifokal və bir-biri ilə birləşməyə meylli olan massiv konsolidasiyalar və plevral effuziyanın birgə təzahürü “ağ ağciyər” görüntüsü kimi vizuallaşır.

Döş qəfəsinin KT müayinəsi COVİD-19 pnevmoniyasının erkən diaqnostikasında effektiv müayinə hesab edilir (Chan JF,2020; Kanne JP,2020;PanY,2020). 3665 xəstənin KT müayinəsinin nəticələrinə əsaslanan iri həcmli tədqiqatda xəstələrin 98%-də (3498 nəfərdə) KT müayinəsində ağciyərlədə pnevmoniya aşkar edilmişdir (Yang Y, Lu Q,2020).

COVİD-2019 pnevmoniyasının KT diaqnostik kriteriləri.

KT müayinəsində COVİD-19 pnevmoniyasının diaqnostik kriteriləri qeyri-spesifik və dəyişkəndir. Ən tipik əlamətə periferik subplevral yayılmış qarışıq strukturlu multifokal bilateral buzlu şüşə görüntüsü aiddir (buzlu şüşə görüntüsü bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntüdür). Dəyişikliklər ağciyərlərin aşağı paylarının arxa hissələrində yayılmağa daha çox meylli olur. Qeyd etmək lazımdırki, COVİD-19 pnevmoniyalı xəstələrdəkonsolidasiyalara nisbətən fokal və ya multifokal buzlu şuşə görüntüsü və retikulyar və ya interlobar septal qalınlaşmalarla buzlu şuşə görüntüsü-səciyyəvi daşlı səki (crazy paving) əlaməti daha çox aşkar edilir(Pan F, 2020, Chung M.2020, Song F.2020).Ayrıca, tədqiqatlarda xəstələrdə plevral maye, tərs halo əlaməti, hava bronxoqramlarının da vizuallaşması göstərilir(Kong W,2020, Shi H.2020,Duan YN,2020).

Aşağıdakı cədvəldə COVİD-19 pnevmoniyası zamanı döş qəfəsinin KT müayinəsində vizuallaşan diaqnostik əlamətlərin xülasəsi verilmişdir (Huang,2020, Ng M,2020, Wang D,2020, Lee KS,2020).

Buzlu şüşə görüntüsü +++

Konsolidasiyalar (sərbəst) +

Çoxsaylı və bilateral zədələnmələr +++

Aşağı payların arxa zonalarında rast gəlmə +++

Periferik/subplevral zədələnmə +++

Daşlı səki (crazy-paving) görüntüsü ++

Hava bronxoqramları ++

Tərs halo əlaməti (HRCT müayinəsində) +

Plevral effuziya +

Kavitasiya, kalsifikasiya, limfoadenopatiya izlənilmir

*Rastgəlmə tezliyi aşağıdan (+) yüksəyə (+++) doğru göstərilmişdir.

COVİD-19 pnevmoniyasının oxşar görüntü verən digər xəstəliklərlə, xüsusən streptokok, mikoplazma və xlamidiya pnevmoniyası və digər koronavirus infeksiyaları zamanı yaranan pnevmoniyalarla diferensial diaqnostikasının aparılması vacibdir. Kliniki əlamətlərin az olduğu hallarda erkən karantinin təyin edilməsində diferensial diaqnostika daha vacib önəm daşıyır. Araşdırmaların nəticələrini ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, COVİD-19 pnevmoniyasını digər pnevmoniyalardan fərqləndirən əsas kriterilərə buzlu şüşə görüntüsü (91%), zədələnmələrin periferik lokallaşması (80%), vaskulyar qalınlaşmalar (59%), retikulyar kölgəliklər (56%) aiddir (digər pnevmoniyalarla müqayisədə alınmış nəticələr statistik əhəmiyyətlidir, p<0,001).

Tədqiqatların nəticələri göstərir ki, KT müayinəsi COVİD-19 pnevmoniyasının dinamik müşahidəsində də aparıcı rol oynayır. Pan F. və digərləri (2020) COVİD-19 pnevmoniyası diaqnozu təsdiq edilmiş xəstələrdə 4 gün intervalla KT müayinəsi aparmış və kliniki olaraq yaxşılaşma qeydə alinan 21 xəstənin nəticələrini analiz edərək xəstəliyin 4 əsas mərhələdə inkişaf etdiyini göstərmişlər-erkən, proqressiv, pik və absorbsiya-sorulma mərhələsi. Nəticələr göstərmişdir ki, xəstəlik proqressivləşdikdə buzlu şüşə görüntüsü sürətlə artır, konsolidasiyalar və daşlı səki görüntüsü yaranır. Bu dəyişikliklər pik mərhələdə özlərini daha kəskin büruzə verir. Sorulma-absorbsiya mərhələsində lezyonlar ilk öncə daşlı səki görüntüsü daxil olmaqla sorulmağa başlayır və bu əlamət xəstəliyin müsbət dinamikasının dəyərləndiriməsində önəm daşıyır.

Beləliklə, aparılmış tədqiqatların COVİD-19 infeksiyasının diaqnostikasında KT müayinəsinin yüksək diaqnostik kriteriyalara malik olmasını və bu infeksiyaya şübhə olan bütün xəstələrdə onun aparılmasının vacibliyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13016
avatar

Oxşar yazılar