COVID-19 infeksiyasına yoluxmuş və ya şübhəlilərlə təmasda olanların - DİQQƏTİNƏ
23 noyabr 2020 16:55 (UTC +04:00)

COVID-19 infeksiyasına yoluxmuş və ya şübhəlilərlə təmasda olanların - DİQQƏTİNƏ

Dünyada COVİD-19-a yoluxma səbəbinə görə xəstəxanaya yerləşdirlən xəstələrin 70 faizindən çoxuna lazımsız yerə antimikrob preparatları verilir.

Lent.az xəbər verir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

COVİD-19-un xüsusi müalicəsinin olmadığını deyən H.Harmançı müalicə üçün verilən preparatların  başqa xəstəliklərə yönəldiyini deyib: “COVİD-ə yoluxma zamanı pnevmonik hal təxminən 7-8 faiz genişlənir. Buna görə də buna uyğun antimikrob preparatların verilməsi lazımdır”.

H.Harmancı qeyd edib ki, dərmanların lazımsız yerə verilməsi orqanimzdə onlara qarşı davamlılığın yaranmasına səbəb olur.

ÜST rəsmisi dərman qəbulu ilə bağlı iki kateqoriyadan olan insanlara tövsiyəsinin olduğunu da söyləyib: “Birinci həkimlərə müraciət edərək onlara tövsiyə edirəm ki,  xəstələrə lazım olmayan dərmanları yazmayın. Virusa yoluxanlara müraciət edərək deyirəm ki, mümkün olduğu qədər həkim nəzarəti olmadan dərman qəbul etməyin, apteklərdən həkim göstərişi olmadan antimikrob dərmanları alaraq içməyin”.

Mövzu ilə bağlı TƏBİB-dən Lent.az-a bildirilib ki, Azərbaycanda koronavirus xəstələrinin müalicəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən hazırlanmış metodiki göstərişlərə uyğun şəkildə həyata keçirilir.

Müvəqqəti metodik göstərişlər həkim-epidemioloqlar, müalicə-profilaktika müəssisələrinin həkimləri, infeksion stasionarın intensiv terapiya şöbələrinin həkim-reanimatoloqları və müvafiq qurumların mütəxəsisləri üçün nəzərdə tutulub.

Metodiki göstərişlərdən bəzilərini təqdim edirik:

“Hal-hazırda COVID-2019-un müalicəsi üçün etiotrop terapiya üzrə tövsiyyələr mövcud deyil. Yaşlı xəstələrin müalicəsində virus etiologiyalı infeksiyalarda geniş spektrli təsirə malik olan ribavirin preparatından istifadə olunur. Bu preparatdan Çində, Sinqapurda və digər ölkələrdə ağır kəskin respirator sindromun müalicəsində istifadə olunub, lakin bu preparatın ağır əlavə təsirləri (ilk növbədə, anemiya və hipoksemiya) olduğu üçün ondan ehtiyatla istifadə etmək lazımdır. SARS və MERSCoV-la bağlı atipik pnevmoniyalı xəstələrin müalicəsinin kliniki təcrübəsi əsasında əldə olunmuş məlumatlarda virus əleyhinə müxtəlif preparatlar daxil olan bir neçə müalicə sxemi irəli sürülüb (ribavirin lopinavir və ritonavirlə birgə). MERS-CoV-un törətdiyi infeksiyanın əvvəllər aparılmış in vitro tədqiqatları göstərib ki, 1 (İFN) tipli interferon inhibəedici fəaliyyətə malikdir, İFN-betta ən güclü inhibəedici fəaliyyət göstərir. Ehtimal olunur ki, iltihab əleyhinə sitokinlərin xeyrinə sitokin balansını qarışdırmaq qabiliyyəti hesabına İFN-betta preparatları müsbət patogenetik effekt yarada bilər. İmmunəvəzedici və immunomodulyasiya edici preparatlar xəstəliyin erkən mərhələlərində effektivdir. Respirator traktın aşağı hissələrinin zədələnməsi (pnevmoniya) ilə keçən koronavirus infeksiyalarının müxtəlif kliniki formalarına yoluxmuş pasiyentlərə antimikrob preparatlar (amoksisillin/klavulanat, respirator ftorxinolonlar – levofloksasin, moksifloksasin, 3 və 4-cü nəsil sefalosporinlər, karbapenemlər, linezolilər və s.) təyin olunur. Antibiotiklərin seçimi və istifadəsi xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən, rezistent mikroorqanizmlərlə qarşılaşmaq riskinin analizindən, mikrobioloji diaqnostikanın nəticələrindən asılıdır. Kritik vəziyyətdə olan pasiyentlərə inhibitor-qorunmuş aminopenisillinlər, seftarolin, respirator ftorxinolonlar təyin olunmalıdır. Beta-laktamlar makrolidlərlə vena daxilinə vurulmalıdır. Təsdiq olunmuş stafilokokk infeksiyasında (metisillinə davamlı stafilokokkların aşkar olunması zamanı) xəstəliyin gedişində müsbət dinamika olmadıqda, yüksək antistafilokokk və antipnevmokokk aktivliyə malik preparatlar təyin olunmalıdır (linezolid, vankomisin).

Koronavirus infeksiyasının dərman profilaktikası

COVID-2019-un infeksiyasının qeyri-spesifik profilaktikasında dərman preparatlarının tətbiqi potensial həssas şəxslərdə (xəstələrlə təmasda olan şəxslər) xəstələnmə ehtimalının və ya onun ağırlıq dərəcəsinin azalmasına yönəldilib. Koronavirus infeksiyasının təcili dərman profilaktikası zamanı qeyri-spesifik virus əleyhinə təsir göstərən dərman preparatlarının təyin olunması nəzərdə tutulur. COVID-2019 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrlə təmasda olmuş bütün şəxslərə qeyri-spesifik dərman profilaktikası aparılmalıdır. Koronavirus infeksiyasının dərman profilaktikası xəstə ilə təmasdan sonra ilk 48 saat ərzində aparılmalıdır. Koronavirus infeksiyasının dərman profilaktikasının təyin olunma müddəti infeksiya mənbəyi ilə son təmas vaxtından ehtimal olunan inkubasiya dövrü həddində təyin olunur. Profilaktika məqsədilə dərman preparatlarının təyin olunması həkimin göstərişi və ciddi nəzarəti altında aparılmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2023

Oxşar yazılar