“31 mart göz yaşı yox, ibrət günüdür”: Deputat
31 mart 2023 14:18 (UTC +04:00)

“31 mart göz yaşı yox, ibrət günüdür”: Deputat

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb.

Bəs görəsən biz 31 mart tarixini dünyada və ölkəmizdə yetərli qədər təbliğ edə bilirikmi?

Lent.az-ın bu sualını  deputat, tarix elmləri doktoru Anar İsgəndərov cavablandırır:

“Bizim bu sahədə yetərincə işlərimiz var, böyük tarixi araşdırmalar aparılıb, əsərlər yazılıb. 1998-ci il martın 26-da  Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalanıb. Tarixi hadisələr qiymət verilməsi zaman alan məsələdir. Biz bacardığımızı edirik. Amma dünyanı buna inandırmaq asan məsələ deyil. Xocalı hadisəsindən uzun müddət keçməyib, hətta onu belə dünyaya çatdırmaq, göz önündəki həqiqətləri işıqlandırmaq xeyli zəhmət tələb edir. Bu hadisələrin üstündən 105 il keçib. Biz ruhdan düşmürük əlimizdən nə gəlirsə edirik. Biz bir çox ölkələrə tədqiqat komissiyasının materiallarını çatdırmışıq və o ölkələr soyqırımı faktını məcbur olub qəbul etməlidirlər”. 

Tarixçinin fikrinə görə, əvvəlki illərlə müqayisədə uğurlarımız çoxdur.

“44 günlük müharibə göstərdi ki, biz o tarixlərdən ibrət götürə bildik, dəmir yumruq kimi birləşib, torpaqlarımızı geri aldıq. İbrət götürdük ki, nəticə çıxardıq, məqsədimizə çatdıq. 31 mart təkcə soyqırımı günü , göz yaşı günü deyil, həm də bizim ibrət günümüzdür”,- deyə millət vəkili bildirib.

# 1425
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar