Arif Əliyev: “Qulunun “beş dəqiqə” məsələsi olmasa...” - SÖHBƏT
06 sentyabr 2011 15:00 (UTC +04:00)

Arif Əliyev: “Qulunun “beş dəqiqə” məsələsi olmasa...” - SÖHBƏT

Lent.az-ın “Yaxın adam” rubrikasının budəfəki obyekti tanınmış, təcrübəli telejurnalist, professor Qulu Məhərrəmlidir. Qulu müəllimi Lent.az-ın oxucularına yaxın dostu, həmkarı, təcrübəli jurnalist Arif Əliyev təqdim edir.

- Qulu son vaxtlar başqa adamlarla daha sıx ünsiyyətdə olur, bununla belə onun haqqında danışmaq mənə xoşdur. Xüsusən də özü olmayan yerdə. Qulu mənim diqqətimi ilk dəfə bir peşəkar jurnalist kimi cəlb edib. Dövlət televiziyasında “7 gün” verilişində, dar bir çərçivədə necə ustalıqla öz fikirlərini ötürürdü, özünü ifadə edə bilirdi. Bu asan məsələ deyil, bu cür ustalığa çox az təsadüf olunur. Yaxından tanışlığımız isə o vaxtkı “Azadlıq” qəzetinin yubileylərindən birində oldu. Hələ də bir peşəkar kimi Azərbaycan jurnalistikasında qalmaqdadır. Bu nə dərəcədə çətindir, mən yaxşı bilirəm. İndi daha çətindir. Jurnalist də üzgüçü kimidir. Daim suda olmalısan ki, yadırğamayasan. İndi su çəkilib, biz gölməçədə qalmışıq. Xüsusən televiziya jurnalistikasında. Fəal jurnalistikaya öyrənmiş adam üçün bu çox çətindir. Bütün bunlara baxmayaraq o səviyyəni saxlaya bilmək böyük hünərdir. Qulunun siması efirdən çox doğmadır. Tamaşaçı onu qəbul edib artıq, illərdir. Qulu daim öz üzərində işləyən jurnalistdir. Yeni istiqamətləri daim nəzarətdə saxlayır, oxuyur, öyrənir. Çox heyf ki, bu insanın öz peşəkar keyfiyyətlərini açması üçün meydan yoxdur. Onun öz efiri olmalıdır. Onun yaradıcılıq ömrünün sonuna qədər belə bir imkanı olmasa, təkcə Qulu itirməyəcək. O, artıq “7 gün”ü keçib, indi dənizdən okeana çıxmaq vaxtıdır.

Əqidəli jurnalist

Jurnalistin əqidəsi elə peşəkarlığıdır. Jurnalist peşəkarlığının içində çox şey var. Rüşvətə, yaltaqlığa münasibət, siyasi təşkilatlara yaxın, ya uzaq olmaq məsələsi var. Hamı təəccüblənir ki, Qulu dövlət televiziyasında işləyə-işləyə cəmiyyətdə, müxtəlif dairələrdə hörmətini necə saxlaya bilir? Bax, bunun özü də peşəkarlıqdır. İndi kimə deyirsən ki filan məsələdə niyə belə elədin, deyir neyniyim, işim belədir. O vaxtlar, bəzi adamların dövlət televiziyasında başı dairəyə alınan vaxtlar Qulunu çağırıb deyirdilər ki, filankəsin əleyhinə filan sözü deməlisən. Qarşısında iki yol olurdu, ya deyiləni eləməli, ya da işini itirməlidir. Biz jurnalistlər üçün işini itirmək faciədir, kor pişiyə dönürük. İşimiz əlimizdən alındı, başqa heç bir iş görə bilmirik, nə siyasətdə, nə bazarda. Qulu bu məsələləri necə yoluna qoya bilir? Yenə peşəkarlıqla. Hər hansı bir şirkətdə piar məsləhətçi işləməyin gündəlik qiyməti 300 manatdır. Gəlin görək Qulu dərs dediyi ali ocaqlardan həmin pulu ay ərzində alırmı? Yox, amma o, dərs deməyə üstünlük verir. Hərçənd, Qulu Məhərrəmli həmin şirkətlərdə arzu olunandır. Məsləhətçi kimi çox orijinal baxışları var. Kimsənin görmədiyini görə bilir.
Çox peşəkarlarımız da var ki, vicdanları istedadlarından tez tükənir. Bunların şahidi olmuşuq. Qulu çox vicdanlı jurnalist olmaqla bahəm, həm də ictimai xadimdir. O, dövlət strukturunda ola-ola aclıq edən həmkarlarına baş çəkirdi. Bilirdi ki, onun ora gəlməsi həmkarlarına bir ruh yüksəkliyi verəcək, bəlkə tələblərinə dəstək də vermirdi, amma gəlirdi. Bunun üstündə hansı problemləri yaşadığını heç kim də bilmirdi. Onun çalışdığı televiziyanın rəhbərliyinə onun işdən çıxarılması ilə bağlı göstəriş də verilib. Qulu bundan da keçib. Siyasi bağlılığı olmayan tərəf əgər həqiqəti deyirsə, Qulu o həqiqətin tərəfində olub.

...çox tələb edir

Mənim etibar etdiyim, bəzən umub-küsdüyüm yaxın adamlarımdan biridir. Bəzən illərlə yol gəldiyin bir adama görə nə vaxtsa başın aşağı olur. Özünə görə belə olanda bundan çıxış yolunu tapmaq da asan olur. Bu yaxın adama görə olanda çox çətindir. Qulu o adamlardandır ki, ona görə heç vaxt, heç yerdə başım aşağı olmur, əksinə.
Məclis, kollektiv adamıdır. Dostlarla ünsiyyətdə olmağı çox sevir. Hamı ilə ünsiyyət qura bilir. Onu hamı qəbul edir. Məclisdə Qulu varsa, məclisi o idarə edəcək. Onu hamı tanıyır, sevir, qəbul edir. Bəzən bu münasibət təmənnadan irəli gəlirsə, çox vaxt onun sadəcə Qulu olmasından yaranır. İnsanlarla ünsiyyəti sevir. Bəzən təkliyə çəkilməyi də xoşlayır. Bizim çəkildiyimiz yer ya onun, ya da mənim bağımdır. Soba kənarında söhbəti, nərdi, nəyisə müzakirə etməyi, dar dairədə, çox sevir. Dostlarını sevir, bəzən dosta verə biləcəyindən və dostun ona verə biləcəyindən çox tələb edir. Onu ala bilməyəndə inciyir. Hər bir insanın istəyi ala biləcəyindən çoxdur. Bu, əslində dominant cəhətlərdən biridir. Yaxın adamlarla münasibətlərin qırılmasını çox ağır keçirir.

Mətbuat Şurasının seçimlərində onun xarakteri, insanı keyfiyyətləri bir daha açıldı. İnsan var ki, itirməyə heç nəyi yoxdur. İnsanın itirməyə nəyisə olanda o, müdrikləşir. Qulu fikrini, baxışını açıq ifadə etməli məqamda çoxları kimi susmayıb. Əgər söhbət vicdana, prinsiplərə arxa çevirməkdən getmirsə, Qulu konfliktləri uğurla həll edə bilir. Belə çətin məqamlarda mən özüm Quluya müraciət edirəm. Bizim “Gün səhər” qəzetinin ombudsmanı idi. Mətbuat günü ərəfəsində Təhsil Nazirliyi təhsilin problemlərini mətbuatda yaxşı işıqlandırdığına görə bizim əməkdaşa mükafat vermişdi. Əməkdaşa dedim ki, mükafatı ala bilərsən, amma o anda qəzetdən getmək haqda ərizəni yaz, çünki bizim əxlaq kodeksinə görə jurnalist heç bir təşkilatdan - jurnalist təşkilatlarından başqa - mükafat almamalıdır. Əməkdaşımızın o pula ehtiyacı var, amma işdən də getmək istəmir, çox düşündü və təqdimetmə mərasimində ona verilən mükafatı ala bilməyəcəyini bəyan etdi. Təhsil nazirinin də iştirak etdiyi bir məclisdə belə bir jest şok effekt yaratdı. Qulu o məqamda ayağa qalxıb məsələyə əxlaq kodeksini də xatırlatmaqla aydınlıq gətirdi ki, əməkdaş mükafatdan imtina etmir, sadəcə, jurnalist etikasına görə qəbul edə bilmədiyi üçün və özü də Kəlbəcərdən olduğuna görə onu Kəlbəcər qaçqın məktəbinə verməyinizi xahiş edir. Təhsil naziri onun üstünə də əlavə pul qoyub, qaçqın məktəbinə parta və sair alacağına söz verdi. Məsələ belə humanistliklə həll olundu. Nazirlik də, redaksiya da vəziyyətdən çıxdı.

Cavankən ağsaqqal

Bəzən Qulu insanlara diqqəti əsirgəyir. Bəlkə bu ondan irəli gəlir ki, ünsiyyət o qədər mexanikləşir ki, vacib detalı unudur. Ona qarşı layiq olmadığı münasibəti görəndə müvazinətini itirir. Dövlət televiziyasından işdən çıxarılanda belə müvazinətini itirmişdi. Öndə olan insanların çiynində daha ağır yük olur. Görünür, insanın zəif yerindən zərbə alması belə olur. Qulu o qədər kök olmasa da, həmişə arıqlamaq istəyir. Bir dəfə gəldi ki, Arif, arıqlamışam. Dedim nədən bilirsən? Dedi ki, həmişə yuxarıdan aşağı baxanda qarnım irəli çıxırdı, indi baxıram elə görünmür. Dedim, yox, sadəcə qocalmısan gözün yaxşı görmür.(Gülür) Allah eləsin, gec qocalsın. Əslində zahirən hamımızdan cavan görünür, amma hər yerdə ona ağsaqqal deyirlər. Bu adı ona birinci Rəşad Məcid qoyub. Yolda bir yerdə çox olmuşuq. Bir dəfə Vyanadan səfərdən qayıdanda Quludan bir məqalə xahiş etdim o, da yazdı. Material “Gün Səhər”də Qulunun adı ilə getdi, fotoları da Nuşirəvan Məhərrəmli çəkmişdi, elə də yazdıq. Çox məzəli alınmışdı.
Qulunun Azərbaycanın ictimai həyatında rolu böyükdür. Bakı Mətbuat Klubunun yaradılmasında, “Media Açarı”nın təsis olmasında, az-çox jurnalist həmrəyliyinin qalmasında, hələ kiminsə kimdənsə utanmasında da rolu böyükdür.
Mən taleyimdən razıyam ki, Qulu kimi peşəkarla tanışlığım dostluğa çevrilib. Əgər bir yerdə Qulu varsa, orda hər şey yaxşı olacaq. Hətta xoşum gəlməyən toy məclisində belə. Toy demiş, Qulunun övladının toyu da başqa toylara bənzəmədi. Musiqinin seçiminə, səsə görə, hər şey elə seçilmişdi ki, insan dincəlib zövq ala bilirdi.
Uşaqlarından danışmağı çox sevir, indi də nəvələrindən danışır. Elə bir vaxt olmazdı ki, Qulu gedib bağda otursun və mənə ehtiyac duymasın. İndi olur, çünki vaxtını nəvələri ilə keçirir. Qızı balaca olanda bir dəfə bağda demişdi ki, siçan gördüm. Qulu etiraz etmişdi, ola bilməz. Qız cavab vermişdi ki, necə ola bilməz, qaçdı bu tərəfə, özü də qara gözlü Azərbaycan siçanı idi. Bu məsələ dilimizə düşmüşdü. Xanımı da jurnalistdir. İki jurnalistin başı bir qazanda qaynamaz, amma onların başı çox yaxşı qaynayır, özü də uzun illərdir. Qulu hər işin ustasıdır. Yaxşı olmasa da maraqlı futbol oynamağı var. Nərdi də maraqlı oynayır, hərdən cığallıq etsə də. Özü də cığallığı da ustalıqla edir, qarşısındakını əsəbləşdirmədən.
Bir mənfi cəhəti beş dəqiqə məsələsidir. Əgər Qulu deyirsə beş dəqiqəyə gəlirəm, qarantiya yoxdur ki, iki saata gələcək. Deməli, siz başlayın, Qulu nə vaxtsa gələcək, bu həqiqətən beş dəqiqə də ola bilər, iki saat da. Bir dəfə bağda oturmuşuq, nərdi təzəcə açmışıq yoldaşı zəng elədi ki, təzə qohumlar bizə gəlir. Qulu dedi gəlsinlər, mən bir beş dəqiqəyə gəlirəm. Bir az keçdi yoldaşı zəng elədi ki, qonaqlar gəliblər. Dedi çayı ver, beş dəqiqəyə gəlirəm. Bu arada oynadıqca daşlar əriyir, Qulunun əli cəld işləyib daşları götürür. Deyirəm ay Qulu, neynirsən? Deyir, görmürsən, məni gözləyirlər, tələsirəm. Başqa vaxt adam əsəbiləşər, amma Qulu onu elə eləyir ki, ancaq gülürsən. Bir azdan yoldaşı zəng elədi ki, gəmirsən? Dedi yeməklərini çək, beş dəqiqəyə gəlirəm. Növbəti zəngdə xanımı dedi ki, yemək mərasimi qurtardı, dedi çay ver, beş dəqiqəyə gəlirəm. Sonda Qulu qonaqları evdən yola salma mərasiminə özünü çatdırdı. Amma son məqamda yalançı çıxmır, vədini yerinə yetirir. Əvvəl biz bundan hirslənirdik, saymazlıq kimi qəbul edirdik, amma indi qəbul edirik, bilirik ki, bu Quludur...

Ramilə Qurbanlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar