Zabit şərəfi – yazılmamış qanunlar
06 avqust 2011 17:34 (UTC +04:00)

Zabit şərəfi – yazılmamış qanunlar

Bəzi siyasi faktorlarla uzlaşdırılmasına baxmayaraq, atılmış bu addımın sonrası verilən açıqlamalar generalların daşıdıqları mundirə hörmət etdiyini sübuta yetirir.
Özünü vətəninin müdafiəsinə həsr edən hərbçilərə məxsus olan bu psixoloji anlayış tarix boyu yazılmamış qanun olaraq, dünya ordularında qəbul edilib və hörmətlə yanaşılıb. Zabit şərəfi anlayışı mücərrəd olmasına baxmayaraq, özünü bu peşəyə həsr etmiş hərbçilər tərəfindən qəbul edilib, tanınıb və riayət olunub. Hətta buna riayət edən, bu yazılmamış tələblərə uyğun düşmüş düşmən zabitləri əsir götürüldükləri halda belə onlara əsl hərbçi kimi hərbi ehtiram göstərilib.


Maraqlısı odur ki, üzləşdikləri çətinliklərə baxmayaraq, ömrünü hərbçi peşəsinə bağlayanlar alçaldılmanı, əsarəti, rütbələrinin aşağı salınmasını öz şərəflərinə sığışdırmayıblar. İnternetdə yer alan maraqlı bir statistikaya görə, 2009-cu ildə Türkiyədə rütbəsi aşağı salınmış 5, İngiltərədə 2, Rusiyada 4 yüksək rütbəli zabit intihar edib. Bu da dünya ordularında qəbul edilmiş zabit şərəfinin bir nümunəsidir.


Tarixdə belə faktlar yüzlərlədir. Onlardan ən önəmlilərindən bir neçəsini təqdim edirik.

Türkiyəli general, məşhur «Plevne muhafızı» kimi tanınan Qazi Osman Nuri Paşa 1893-cü ildə Plevnə qalasını 145 gün qeyri-bərabər döyüşdə müdafiə edib. Mühasirəni yarıb qaladan çıxmaq istəyərkən yaralanıb əsir düşən Osman Paşa döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Rusiya çarı tərəfindən dan böyük diqqət və qayğı görüb.


Balkan Müharibəsində Ədirnə qarnizonunun komandanı Mehmed Şükrü Paşanın qarşısına komandanlıq tərəfindən şəhəri maksimum 40 gün müdafiə etmək tapşırığı qoyulub. Bu əmrə rəğmən, Ədirnəni 5 ay 5 gün müdafiə edən paşa müdafiənin nəticəsiz olduğunu görüncə, bolqar qoşunlarına təslim olub. Paşanın bu istəyi bolqar qoşunlarının komandanlığı tərəfindən hörmətlə qarşılanıb. Generalın bolqar qüvvələrinin komandanına təslim edilmiş qılıncını isə ertəsi gün Ədirnəyə gələn Bolqarıstan çarı Ferdinand rəsmən ona geri qaytarıb. Ədirnə müdafiəsində göstərdiyi qəhrəmanlığa görə hərbi təhsil aldığı Almaniyada onun xatirəsinə abidələr ucaldılıb, Fransadan isə adına bir qılınc və heyranları tərəfindən minlərlə imza ilə bəzədilmiş qızıl kitab hədiyyə olunub. 6 ay Sofiyada etibarlı bir əsirlik dövrü yaşayan general topçuluğa dair hazırladığı bir kitabı bolqar vəliəhdi Borisə hədiyyə edib.


Qurtuluş savaşı sırasında başqa bir türk zabiti polkovnik (albay) Rəşad Çiğiltep isə Atatürkə verdiyi vədə əməl edə bilmədiyi üçün intihar edib. Ordu komandanı Mustafa Kamala strateji cəhətdən önəmli olan bir təpəni yarım saata alacağı barədə söz verən polkovnik 45 dəqiqə gecikməyə görə özünü cəzalandıraraq intihar edib. Yazdığı son məktubunda o, «yarım saat ərzində bu təpəni almaq üçün söz verdiyim halda sözümü yerinə yetirə bilmədiyim üçün yaşaya bilmərəm komutanım», sözlərini yazıb.


Rusiyada bolşeviklərə qarşı silahlı müqavimət göstərmiş və Ağqvardiyaçıların komandanlarından olan general Anton Denikinin nümunəsində də bəzi maraqlı faktlar var. Bir vaxtlar bolşeviklərə qarşı döyüşən Denikin 1926-cı ildən Fransada yaşamasına, qərb dövlətlərinin təhrikinə baxmayaraq, Rusiyada vahid dövlətin bərpa olunmasını əsas gətirərək heç bir müdaxiləyə cəhd etməyib. İkinci Dünya Müharibəsi dövründə almanlar tərəfindən həbs olunan Denikin ən böyük amalı və uğrunda döyüşdüyü vətəni Rus imperiyasının yerində yaranmış SSRİ-yə qarşı təbliğat məqsədli fəaliyyətlərdə iştirak etməyəcəyini bəyan edib. Keçmiş generalın fikirlərinə Hitler hörmətlə yanaşıb. 1947-ci ildə ABŞ-da Detroyt şəhərində dünyasını dəyişən Denikin hərbi mərasimlə dəfn olunub. Onun məzarı Rusiyaya 2005-ci ildə gətirilib.


Zabit şərəfinin üstün tutulduğu ölkələrdən biri Almaniya olub. İstər birinci, istərsə də ikinci dünya müharibələrində alman zabitlərinin bununla bağlı dünyaya nümunə olacaq bir sıra faktları olub. Alman zabitlərin zabit şərəfi sonralar müxtəlif ölkələrin hərbçilərinin qələmə aldıqları xatirələrdə, çəkilmiş filmlərdə yer alıb. Rütbəsinə və daşıdığı mundirə həyatından çox hörmətlə yanaşan bir çox alman zabitləri isə təslim olmaqdansa intiharı üstün tutublar. Alman ordusunun bununla bağlı öz ənənələri olub. Məsələn, ölümə məhkum edilmiş zabitlərdən son arzularını soruşurlarmış. Zabitin son arzusu mütləq qaydada yerinə yetirilməli idi.


Şimali Afrikada ingilislərə qarşı önəmli döyüşlər aparmış və hərb tarixində «Wüstenfuchs» («Çöl tülküsü») ləqəbi ilə tanınmış alman generalı Ervin Rommel müttəfiq orduları tərəfindən peşəkar və bacarıqlı zabit və cəngavər kimi qəbul edilib. Almaniyaya həddən artıq bağlı olan Rommel Hitlerə qarşı sui-qəsdin təşkilatçısı olsa da zabit şərəfini üstün tutaraq məhkəməyə çıxmaqdan imtina edib. Öz cəzası barədə özü qərar verib və sianid zəhəri içərək intihar edib. İntihar etmiş Rommelin dəfni təntənəli şəkildə keçirilib və bütün faşist Almaniyasının bütün hərbi rəhbərliyi orada iştirak edib. 1960-cı ildə Almaniyanın hərbi gəmilərindən birinə Rommelin adı verilib.


Başqa bir alman generalı – Sevastopolun və Rotterdamın işğalında mühüm rol oynamış, faşist Almaniyasının Parisdəki son valisi Dietrix von Koltitz işğalçı ölkəni təmsil etməsinə baxmayaraq, tarixə «Parisin xilaskarı» kimi düşüb. 1944-cü ildə Parisin işğalından 3 həftə əvvəl şəhərə rəhbər təyin olunan generala Hitler müttəfiqlər yaxınlaşdıqda Eyfel qülləsini partlatmağı, bütün şəhəri yandırmağı əmr edib. Lakin general «Mən tarixə Eyfel qülləsini və Parisi dağıdan zabit kimi keçmək istəmirəm» deyərək əmrə etiraz edib. Parisin xilaskarı kimi tanınan alman general 1966-cı ildə dünyasını dəyişib və fransızlar tərəfindən hərbi törənlə dəfn olunub.


Haynz Quderian. İkinci dünya müharibəsinin ən peşəkar komandanlarından və strateqlərindən sayılan Quderian bilik və bacarığından savayı SSRİ və müttəfiq qüvvələri tərəfindən «ədalətli düşmən» kimi tanınaraq hər zaman ehtiram görüb. O, tank döyüşlərində tətbiq etdiyi «İldırım müharibəsi» taktikası ilə ad qazanıb. Daim hərbçi adını və şərəfini üstün tutan Quderianla emosional şəxs olan Hitler arasında fikir ayrılıqları yaranıb. Quderian Nasist partiyasının üzvü olmayan az sayda yüksək rütbəli alman zabitlərindən olub. Eyni zamanda Hitlerə qarşı sui-qəsdə də qatılmayıb. Müharibənin sonlarında vəzifəsindən istefa edən Quderian Amerika qüvvələrinə təslim olub. Ona qarşı heç bir müharibə cinayəti irəli sürülmədiyindən Nrünberq məhkəməsinə verilməyib.


Stalinqrad döyüşlərindən tanınan və sovetlərə əsir düşən ilk alman marşalı Fridrix Paulus SSRİ-nin, özəlliklə də Stalinin və marşal Jukovun ən çox dəyər verdiyi şəxslərdən olub. Hətta marşal Paulusa müharibədən sonra SSRİ-nin hərbi məktəblərində dərs keçmək belə təklif edilib. Stalinqradda çox çətin şəraitdə, mühasirədə qalaraq təslim olarkən Paulus general Rokosovskinin qərargahına silahlı əsgərlərin avtomatının önündə getməyəcəyi şərtini irəli sürüb və qəbul edilib. Paulusun müharibə müddətində, sovet əsiri olduğu dövrdə belə alman zabiti uniformasını daşımaq icazəsi olub.


İkinci Dünya Müharibəsi dövründə almanlara əsir düşmüş, Sovetlər birliyinin bolqarlardan yaratdığı könüllü diviziyanın Petrov soyadlı polkovniki edam zamanı son arzusunda «başına torba keçirilməməsi və əsl zabit kimi ölməyi» istəyib. Alman zabitləri tərəfindən polkovnikin bu istəyi yerinə yetirilib. Ölkəsinin himnini oxuduqdan sonra zabit onu güllələyən əsgərlərə atəş komandasını şəxsən verib.


Son olaraq Türkiyədə adı Ergenekon və Balyoz planlarında hallanan bir neçə yüksək rütbəli zabitin vəzifədən alınmasına və rütbəsinin aşağı salınmasına qarşı intihar etmələri də bu kateqoriyadan sayıla bilər.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446

Oxşar yazılar