Türkiyə Ali Hərbi Məktəbinə qəbul elan edildi
18 iyul 2011 13:13 (UTC +04:00)

Türkiyə Ali Hərbi Məktəbinə qəbul elan edildi

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 19-dan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytında (www.tqdk.gov.az) müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbul elanının tam mətni ilə də həmin səhifədə tanış olmaq olar. Müsabiqənin birinci mərhələsində TQDK tərəfindən cari ildə Azərbaycan bölməsi üzrə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 400 və daha yüksək bal toplamış Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər. II mərhələdə qəbul elanında qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaq.

Müsabiqənin yekunlarına əsasən, 5 nəfər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaqlar. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar. Bu təhsil müəssisəsinə qəbul olmayanlar Azərbaycan Respublikasının mülki ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Qeyd edək ki, 2000-ci il mayın 11-də Türkiyə Böyük Millət Məclisində qəbul edilən “Hərbi Məktəblər Qanunu” ilə Quru Qoşunları Ali Hərbi Məktəbi universitet statusuna malik ali təhsil müəssisəsi kimi təsdiq olunub. Hazırda tədris müəssisəsində kursantlara əyani təhsil forması üzrə 4 il müddətində təhsil verilir. Tədris yalnız türk dilində aparılır.
# 640

Oxşar yazılar