Bir gündə 2 min avtomobilə texniki baxış keçirəcək Müayinə Mərkəzi açıldı - FOTO
15 iyul 2011 16:51 (UTC +04:00)

Bir gündə 2 min avtomobilə texniki baxış keçirəcək Müayinə Mərkəzi açıldı - FOTO

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə daxili işlər naziri Rasmil Usubov iştirak edib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov daxili işlər naziri Ramil Usubova yeni Müayinə Mərkəzinin texniki göstəriciləri barədə məlumat verib. O bildirib ki, 5 hektara yaxın ərazidə inşa edilən yeni Müayinə Mərkəzinin inşasına 2010-cu ilin iyul ayında başlanıb və bu ilin iyun ayında tikintisi başa çatdırılıb. Kompleksin ümumi sahəsi 6 min kvadratmetrə yaxındır. Mərkəzdə Almaniya istehsalı olan ən müasir standartlara cavab verən müayinə avadanlığı və sistemləri quraşdırılıb. Burada ümumilikdə 15 xətt, o cümlədən minik avtomobilləri üçün 12, yük avtomobilləri üçün isə 3 xətt fəaliyyət göstərir. Texniki baxış zonalarında bütün zəruri mühəndis kommunikasiya sistemləri, işıqlandırma, havalandırma, müşahidə kameraları quraşdırılıb.


Hər xətdə 5 duracaq var. Birinci duracaqda nəqliyyat vasitəsinin xarici görkəmi, nömrəli aqreqatların qeydiyyat şəhadətnaməsindəki göstəricilərə uyğunluğu, ikinci duracaqda avtomobillərin mühərriklərindən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğu, üçüncü duracaqda nəqliyyat vasitələrinin işıq sistemi, dördüncü duracaqda sükan mexanizmi, beşinci duracaqda isə əyləc sisteminin vəziyyəti yoxlanılır. Nəqliyyat vasitələri duracaqlardan keçdikcə hər bir məntəqədən avtomobilin texniki vəziyyəti barədə göstəricilər mərkəzi kompüterə ötürülür. Həmin göstəricilər öz növbəsində əməliyyat zalındakı əsas serverdə emal olunur. Konveyer üsulu ilə işləyən sistem vasitəsi ilə gün ərzində təqribən iki mindən çox avtomobilə texniki baxış keçirilməsi mümkündür. Bu yeni sistemin tətbiqi ilə vətəndaşlar avtomobillərini 15-20 dəqiqə müddətində texniki baxışdan keçirə biləcəklər.

Daha sonra daxili işlər naziri Ramil Usubov Müayinə Mərkəzinin xidməti otaqlarına baxmış, əməkdaşların iş şəraiti ilə yaxından tanış olub. Ramil Usubov deyib ki, təkcə bu ilin ötən dövründə daxili işlər orqanları üçün onlarla yeni obyektlər, inzibati binalar tikilib istismara verilib. Ən müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş həmin obyektlər şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərməklə, onları xidməti vəzifə borcunun icrasına ruhlandırır, eyni zamanda polislə ünsiyyətdə olan vətəndaşların rahatlığına xidmət edir. Texniki təminat sahəsində qeyd olunan irəliləyişlər isə son nəticədə ölkəmizdə asayişin və əmin-amanlığın nümunəvi qorunmasına, cinayətkarlıqla aparılan uğurlu mübarizənin davamlı olmasına imkan verir.
# 1323

Oxşar yazılar