TQDK hökumətin qərarını gözləyir
13 noyabr 2009 19:00 (UTC +04:00)

TQDK hökumətin qərarını gözləyir

2010-2011-cu tədris ili üçün qəbul qaydaları gələn ilin yanvar ayında açıqlanacaq

“Prezidentin fərmanına əsasən, ali məktəblərə qəbul qadalarının hazırlamaq və bu prosesi həyata keçirmək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edib. Komissiya səlahiyyətli dövlət orqanı kimi üzərinə düşən vəzifəni əvvəlki qaydada davam etdirəcək. Bu, yeni qəbul olunmuş “Təhsil haqqında” qanunda əksini tapıb”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, yeni qanuna əsasən, olimpiadaların qalibləri ali məktəblərə test imtahanından kənar qəbul olunacaq. Lakin bu qaydaların növbəti qəbul imtahanlarında tətbiq edilib-edilməyəcəyi hələ bəlli deyil.

“Bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalı və təsdiq edilməlidir. Biz gözləyirik ki, Nazirlər Kabinetinin yaxın vaxtlarda qaydaları elan edəcək. Həmin qaydalara əsasən bilinəcək ki, hansı olimpiadaların nəticələrinə görə abituriyentlər müsabiqədən kənar ali məktəblərə qəbul oluna bilərlər. Qaydalar tam təsdiq olunandan sonra biz qəbul qaydalarını tam şəkildə ictimaiyyətə təqdim edəcəyik. Əgər Nazirlər Kabinetinin qərarı yanvardan sonra qəbul edilsə, onda bu qərar gələn ilin qəbul imtahanlarında deyil, sonrakı il nəzərə alınacaq” – deyə, TQDK sədri əlavə edib.

Məleykə Abbaszadə vurğulayıb ki, əslində müxtəlif olimpiadaların qaliblərinə ali məktəblərə qəbul zamanı müəyyən üstünlük verilib. Sadəcə, “Təhsil haqqında” yeni qanunun qüvvəyə minməsi ilə bu hüquqdan istifadə edənlərin sırası bir qədər genişləndirilib. Onun sözlərinə görə bu il keçirilən qəbul imtahanlarında muğam müsabiqəsində I və II yerləri tutmuş şəxslər müsabiqədən kənar Milli Konservatoriyaya qəbul olunublar.


Elxan SALAHOV
# 340

Oxşar yazılar