Yeni sosial sığorta sistemi yaradılır
21 oktyabr 2009 12:30 (UTC +04:00)

Yeni sosial sığorta sistemi yaradılır

“İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən məcburi sığortalanma haqqında” qanun layihəsi parlamentə təqdim olunub

Azərbaycanda bədbəxt hadisələrdən, peşə xəstəliklərindən sağlamlığa dəymiş zərərin sığortalanmasına dair yeni qanun layihəsi hazırlanıb. Maliyyə Nazirliyində hazırlanmış “İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən məcburi sığortalanma haqqında” qanun layihəsi hazırda Milli Məclisdədir və yaxın vaxtlarda onun müzakirəyə çıxarılacağı gözlənilir.

Lent.az-ın məlumatına görə, DSMF-nun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, pensiya sığortası insanların işləyib əldə etdiyi gəlirləri onun sağlamlığına dəymiş zərərin nəticəsində itirdiyi təqdirdə bu vəsaitin bir hissəsi pensiya şəklində kompensasiya edilir. Yeni qanun isə insanların sağlamlığına dəymiş ziyana görə kompensasiyanın ödənilməsini nəzərdə tutur.

Səlim Müslümov deyib ki, belə bir qayda sovet dövründə olmayıb və hazırda Əmək Məcəlləsinə əsasən işçinin sağlamlığına dəymiş zərərə görə ona kompensasiyanı birbaşa dövlət yox, işəgötürən tərəf ödəməlidir: “Lakin bu sahədə çoxlu problemlər var. Məsələn, istehsalat xəsarəti almış işçinin çalışdığı müəssisə indi işləmədiyindən ona sığorta ödənişlərini ödəyə bilmir. Təkcə kolxoz və sovxozların varislərinin olmaması bu problemin nə qədər böyük olduğunu deməyə əsas verir”.

Elxan SALAHOV
# 516

Oxşar yazılar