Azərbaycan əhalisi əlilləşir - ARAŞDIRMA
19 oktyabr 2009 11:15 (UTC +04:00)

Azərbaycan əhalisi əlilləşir - ARAŞDIRMA

Son illər ölkədə əlillərin artım tempi yaşa görə pensiya alanların artım tempini üstələyir

2007-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin vəzifədən azad edilməsini ölkədə əlillərin sayının şübhəli dərəcədə artması ilə əlaqələndirənlər çox idi. İndiki nazir Füzuli Ələkbərov da saxta əlillik dərəcələrinin verildiyindən tez-tez şikayətlənərdi. Qısa müddətdə nazirlik rayonlarda fəaliyyət göstərən Tibbi-Sosial Ekspertiza Komissiyalarında silsilə yoxlamalar apardı. Amma...

Az sonra saxta əlilliyin qarşısının alınmasına xidmət etməli olun bu yoxlamaların da formal xarakter daşıdığı məlum oldu. Üstəlik, yoxlamalardan sonra nəinki saxta əlilliyin qarşısı alındı, əksinə, o dövrdən indiyədək əlillik dərəcəsi üçün tələb olunan qeyri-rəsmi ödənişlərin məbləği iki dəfədən çox artırıldı. Nəticədə, hətta faktiki iş qabiliyyətini itirmiş vətəndaşlardan da ən azı 1000 manat almayınca ona əlillik dərəcəsi verilmir.

Bununla belə, son illər ölkədə əlillik dərəcələri üzrə pensiya alanların sayı artmaqda davam edir. Bunu Dövlət Statistika Komitəsinin hesablamaları da təsdiqləyir. Komitədən Lent.az-a verilən məlumata görə, 2001-ci ildə əlilliyə görə pensiya alanların sayı 168 min nəfər idisə, 2002-ci ildə bu rəqəm 179 min, 2003-cü ildə 199 min, 2004-cü ildə 230 min, 2005-ci ildə 251 min, 2006-cı ildə 267 min, 2007-ci ildə 291 min, 2008-ci ildə 302 min olub. Hətta əlilliyə görə pensiya alanların artım tempi yaşa görə pensiya alanların artım tempini də üstələyir. Məsələn, 2002-ci ildə əvvəlki illə müqayisədə yaşa görə pensiyaya çıxanların sayı 1000, 2003-cü ildə 7 min, 2008-ci ildə 14 min nəfər artıb. Əlilliyə görə pensiya alanların sayı isə 2002-ci ildə əvvəlki ilə nisbətən 11 min, 2003-cü ildə 20 min, 2008-ci ildə 11 min nəfər çoxalıb.


Pensiyaçıların sayı (ilin əvvəlinə, min nəfər)

İllər 2001 2002 2003 2004 2005 2006 2007 2008
Pensiyaçıların sayı 1219 1245 1285 1327 1373 1399 1249 1275
O cümlədən:
Yaşa görə 734 735 743 751 759 766 821 835
Əlilliyə görə 168 179 199 230 251 267 291 302
Ailə başçısını itirməyə görə 137 136 136 128 133 135 137 138
Sosial pensiyalar və xidmət illərinə görə 180 195 207 218 230 231 - -




Belə çıxır ki, Azərbaycanda əlilləşmə prosesinin sürəti qocalmanın sürətindən artıqdır. Elə Dövlət Statistika Komitəsinin bu məlumatlarına əsaslanaraq daha bədbin proqnoz vermək mümkündür. Belə təsəvvür yaranır ki, əlil vətəndaşların artım tempi bu şəkildə davam edərsə, çox da uzaq olmayan dövr ərzində 8 milyonluq Azərbaycanda əlil olmayan insan qalmayacaq.

Əlilliyin kütləvi şəkildə artması Dövlət sosial Müdafiə Fondunun da ziyanınadır. Belə ki, əllilərin sayının artması ilə fondun xərcləri də artır. Fondda deyirlər ki, bu qurum əlillik dərəcələrinin verilməsində iştirak edə bilmədiyindən məsələyə müdaxilə edə bilmir. Bu məsələ fondun funksiyasına daxil deyil. Fondun əlillik dərəcəsinin saxta və ya düzgün verilməsini yoxlamaq səlahiyyəti də yoxdur. Yəni bir şəxs saxta əlillik əldə edibsə və onun müvafiq qanunvericiliyə uyğun olaraq iş stajı varsa, fond həmin şəxsə əmək pensiyası təyin etməyə məcburdur. Bu isə o deməkdir ki, əlillik dərəcələri alanların sayının artması Dövlət Sosial Müdafiə Fondunun marağında deyil.

Bununla belə, fond rəsmiləri son dövrlər ölkədə əlilliyin hansı səbəbdən artdığına şərh vermək istəmədilər. Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, indi Azərbaycanda əlilliyə görə əmək pensiyası alanların sayı 308 min 670 nəfərdir. Onlardan 22 min 276-sı I qrup əlillərdir.

Müstəqil ekspertlər bildirirlər ki, Tibbi sosial ekspert komissiyasının rəyi əlillik qrupunu müəyyən edən rəsmi sənəd olduğundan həmin vəsiqələrin verilməsi bəzi məmurların gəlir mənbəyinə çevrilib. Tibbi sosial ekspert komissiyaları tərəfindən saxta əlillik vəsiqəsinin verilməsi heç kimə sirr deyil. Hətta əlillik dərəcələrinin verilməsi üçün tələb olunan pulun məbləği də məlumdur.

Əlilliyin 3 səbəbi

Ekspertlər əlilliyin sayının artmasını üç mühüm səbəblə əlaqələndirirlər: ölkədə səhiyyə sisteminin normal qurulmaması, əmək təhlükəsizliyi qaydalarına əməl olunmaması və rüşvət hesablına əlillik dərəcələrinin verilməsi.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev deyir ki, Azərbaycanda normal əmək şəraiti olmaması, təhlükəsizlik qaydalarına əməl olunmaması istehsalat xəsarətlərinin artmasına şərait yaradır. Bu isə iş yerlərində vətəndaşların əlil olmasına gətirib çıxarır. Onun sözlərinə görə, indi pulla alınan əlillik müxtəlif növ xəstəlik və xəsarətlərlə qazanılan əlillikdən daha rahat başa gəlir. Bu səbəbdən də son dövrlər əlilliyin pulla alınmasına meylin artdığı müşahidə edilir: “Ayrı-ayrı xəstəlik növləri, məsələn, vərəm, diabet və onkoloji xəstəlikləri ilə əlillik dərəcələrinin verilməsi geniş yayılıb. Əhalinin başqa gəlir mənbələri olmadığından insanların buna meyli artır”.

İlk dəfə əlil hesab edilən şəxslərin sayı (ilin əvvəlinə min nəfərlə)
İllər 2008 2009
Sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların sayı 5,2 6,9
18 yaşınadək uşaqların hər 1000 nəfərinə 2,0 2,7
18 və yuxarı yaşda olanların sayı 21,4 24,8
18 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərinə 3,7 4,1

Müsahibimizin dediklərini müxtəlif xəstəliklər üzrə qeydə alınanların sayının artan dinamikası da təsdiqləyir. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2007-ci ildə 16-26 yaş arasında vərəmə tutulanların sayı 243 nəfər idisə, ötən il bu rəqəm 353-ə çatıb. Həmin yaş kateqoriyasında əsəb xəstələrinin sayı 379-dan 504-ə qalxıb.

Azər Mehtiyev deyir ki, xəstəliklərdən əlil olanlar və dünyasını dəyişənlərlə bağlı Dövlət Statistika Komitəsinin bu rəqəmləri həyəcan təbili çalmaq üçün kifayətdir. Bu rəqəmlər həm də ölkədə səhiyyə sisteminin yerində olmadığının göstərən faktlardan biridir. Halbuki, son illər səhiyyə sahəsində büdcədən ayrılan vəsaitlər sürətlə artır. Bu isə ölkədə xəstəliklərə qarşı mübarizə üçün əlavə imkanlar yaradır: “Təkcə son 5 ildə Bakıda və regionlarda onlarla diaqnostika mərkəzləri yaradılıb, xəstəxanalar yeni tibbi avadanlıqlarla təmin olunub. Üstəlik indi xəstəxanalarda dərmanlar pulsuz verilir, müayinə, müalicə pulsuzdur və bu məntiqlə ölkədə xəstəliklərlə əlillik alanların dinamikası azalmalıydı. Amma əlilliklə bağlı rəqəmlər bunun əksini göstərir”.

Əhalinin 5 faizi əlildir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli əlilliyin artması barədə məlumatların dəqiqliyinə şübhə edir. Əksinə, o hesab edir ki, yeni reabilitasiya mərkəzlərinin fəaliyyətə başlamasından sonra ölkədə əlillərin sayı azalıb. Onun sözlərinə görə, indi Azərbaycanda əlillərin sayı ölkə üzrə əhalinin 5 faizini təşkil edir. Rusiyada isə bu rəqəm 12 faizdir: “Mən Azərbaycanda əlilliyin sürətlə artmasını göstərən rəqəmləri düzgün saymıram. Biz əlilliyin inkişafını ilkin əlliliyin verilməsi və reabilitasiya göstəriciləri ilə ölçürük. Əsas göstərici ötən illə müqayisədə bu il ilkin əlillik dərəcəsi alanların, yaxud reabilitasiya nəticəsində sağalmış xəstələrin nə qədər olmasıdır”.

Elnur Kələntərli deyir ki, reabilitasiya mərkəzlərinin sayının artması əlillər arasında sağalma dərəcəsini ciddi təsir göstərir. Amma əksər hallarda bunlar nəticə etibarilə tam sağalmaya və əlilliyin ləğvinə gətirib çıxarmır: “Lakin reabilitasiyadan sonra əlillik dərəcələrinin I qrupdan II qrupa, II qrupun III qrupa düşməsinə, III qrupun isə ümumiyyətlə əlillikdən çıxarılması halları daha çoxdur. Yəni bunun xeyri var və düşünürük ki, gələcəkdə reabilitasiya mərkəzlərinin fəaliyyət dairəsi genişləndikcə əlilliyin səviyyəsi də azalacaq”.

Bununla belə, nazirlik rəsmisi bildirir ki, Azərbaycanda əlil olmağı sağalmaqdan üstün tutanlar çoxdur. Bu səbəbdən də əlillərin əksəriyyəti reabilitasiya mərhələsində olanlardır.

Əlillik dərəcələrinin pulla verilməsinə gəlincə, Elnur Kələntərli bildirir ki, nazirlik belə hallara qarşı ciddi mübarizə aparır: “Biz indiyədək xeyli sayda əlillik dərəcələrini ləğv etmişik. Bu proses indi də davam edir və yəqin ki, 1-2 ilə saxta əlilliyin qarşısı tamamilə alınacaq. Nəzərə almaq lazımdır ki, 400 mindən artıq əlillin hamısını birdən yoxlamaq olmur”.

Mətbuat xidmətinin rəhbəri deyir ki, müvəqqəti əlillik dərəcəsi alanlar ildə bir dəfə müvafiq yoxlamalardan keçir. Belə xəstələr 10 il ərzində sağalmadığı təqdirdə ona ömürlük əlillik verilir. Onun sözlərinə görə, bu müddət ərzində onlara hər ay müəyyən miqdarda pensiya aldığından heç kəs əlillik dərəcəsi ilə vidalaşmaq istəmir.

Elxan SALAHOV
# 756

Oxşar yazılar