Pensiya yaşı qaldırılır
16 oktyabr 2009 17:15 (UTC +04:00)

Pensiya yaşı qaldırılır

Kişilər 63, qadınlar 60 yaşda pensiya alacaqlar

Oktyabrın 16-da Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib.
Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, komitənin sədri Hadi Rəcəbli deputatların müzakirəsinə təqdim olunan “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi barədə sənəd haqqında ətraflı məlumat verib.

Hadı Rəcəbli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olan qanun layihəsində yaşa görə əmək pensiyalarının təyin edilməsi şərtləri dəyişdirilir.

62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.

Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri də dəyişdiriləcək.

Eləcə də, sağlamlıq imkanları məhdud olan uşağını 8 yaşa qədər tərbiyə etmiş və azı 10 il sığorta stajına malik olan anaların pensiya yaşı həddi 5 il azaldılacaq.
İclasda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev sənəddəki dəyişikliklərinin tam və dürüst arqumentləşdiyini, sosial ədalət prinsiplərinə əsaslandığını qeyd edib.
Ətraflı müzakirələrdən sonra sənədin Milli Məclisin müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edilib.
# 1930

Oxşar yazılar