1481 quşun patoloji materialı və qan nümunəsi analiz edilib
11 fevral 2011 14:02 (UTC +04:00)

1481 quşun patoloji materialı və qan nümunəsi analiz edilib

0
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yanvarın 31-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başladığı monitorinqin nəticələrini açıqlayıb.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolu Xanvəli Lent.az-a bildirib ki, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşunun patoloji materialı, 1 baş çöl quşunun qan nümunəsi, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1438 baş ev quşunun qan nümunəsi, 20 baş ev quşunun patoloji materialının müayinəsi bu gün başa çatıb. Onun sözlərinə görə, müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Yolçu Xanvəli deyib ki, monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılıb. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Xatırladırıq ki, “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə müraciət etsinlər.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də quş əti və məhsullarının satışı qadağandır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar