“Milli geyimlər və müasir modada ümumilik” mövzusunda beynəlxalq simpozium və sərgi keçirildi
04 iyul 2009 13:00 (UTC +04:00)

“Milli geyimlər və müasir modada ümumilik” mövzusunda beynəlxalq simpozium və sərgi keçirildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Tarixi Muzeyində “Milli geyimlər və müasir modada ümumilik” mövzusunda beynəlxalq simpozium və sərgi keçirilib.


APA-nın məlumatına görə, tədbir Azərbaycan Mədəniyyətinin Dostları Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Moda və Geyim Dizaynı Assosiasiyası, Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Mədəniyyət və Turizm Nazirliyi və “Hyundai” Auto-Azərbaycanın təşkilatçılığı ilə baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış SEBA-nın rəhbəri Ruhəngiz Heydərova beynəlxalq simpoziumun önəmindən danışıb: “Ümidvaram ki, bu tədbir xatirələrdə xoş izlər buracaq. Mədəniyyət sahəsində mübadilələrinin həyata keçirilməsi çox önəmlidir. Bilirsiniz ki, beş il müddətində SEBA təşkil etdiyi bütün tədbirləri Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə həyata keçirib, bu gün də bu ənənə davam etdirilir”.

R. Heydərova qeyd edib ki, hər xalqın geyimində onun etnik xüsusiyyətləri əks olunur: “Simpozium çərçivəsində təşkil olunan sərgidə nümayiş olunan geyimlərdə bu, xüsusən nəzərə çarpır”.

Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çul, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Koreya Moda və Geyim Dizaynı Assosiasiyasının sədri Kim Byon Mi və digərləri çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin silsilə şəkildə təşkil olunmasını arzuladıqlarını bildiriblər.

Beynəlxalq Simpoziumda çıxış edən Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Xalçası və Xalq Tətbiqi Muzeyinin direktoru Röya Tağıyeva və digərləri isə milli və müasir geyim sahəsində apardıqları tədqiqatlar barəsində məruzə ediblər.

Qeyd edək ki, 1340 qonağın iştirak etdiyi tədbirə Azərbaycandan mütəxəssis və ziyalılarla yanaşı, Koreyadan 12, Türkiyə və Bolqarıstandan 2 iştirakçı, həmçinin Azərbaycandakı diplomatik korpusun nümayəndələri qatılıblar. Beynəlxalq simpozium çərçivəsində keçirilən sərgidə 16 azərbaycanlı müəllif-dizaynerin əsərləri, o cümlədən əməkdar rəssam Solmaz Musayeva, modelyerlər Gülnarə Xəlilova, Natəvan Əliyeva və başqaları, həmçinin Koreya, Türkiyə, Misir, Bolqarıstan, Çin və Yaponiyadan olan dizaynerlərin hazırladıqları geyim və aksessuarlar daxil olmaqla 100-ə yaxın əsər nümayiş etdirilib.
# 2244

Oxşar yazılar