Son zəng bir gün qabağa çəkildi
14 may 2009 19:00 (UTC +04:00)

Son zəng bir gün qabağa çəkildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblilərə Milli Parka və digər kütləvi toplanış yerlərinə getməməyi tövsiyə edir

“Orta məktəblərdə son zəng tədbirləri təxirə salınmayıb və hər il olduğu kimi, bu il də bütün məktəblərdə ənənəvi bayram şənlikləri təşkil olunacaq“.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, mayın 31-i bazar gününə düşdüyündən son zəng bir gün əvvəl – mayın 30-da keçiriləcək.

Xatırladaq ki, bəzi media qurumlarının yaydığı məlumatlarda terror təhlükəsi ilə əlaqədar Bakı məktəblərindən son zəng tədbirlərinin təxirə salındığı deyilir. Hətta Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu barədə xüsusi qərarı olduğu bildirilir.

Zəminə Əliqızı isə deyilənləri təkzib edərək məktəblərdə son zəngin təxirə salınmadığını deyir: “Sadəcə mayın 31-i bazar gününə düşdüyünə görə, həmin tədbirlər bir gün qabağa çəkilib və mayın 30-da saat 12.00-da bütün məktəblərdə son zəng çalınacaq”.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, hər il son zəng günü məktəblilər ənənəvi olaraq Milli Parka gəzintiyə çıxır. Bu il isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb rəhbərlərinə şagirdləri kütləvi toplantı yerlərinə buraxmamağı tövsiyə edəcək. Zəminə Əliqızı bunu şagirdlərin təhlükəsizliyi üçün lazımlı hesab edir.

“Ancaq yəqin ki, Milli Parka da başqa yerlərə də gedən olacaq, onların qabağını almaq olmaz axı! Sadəcə, biz məktəblilərə tövsiyə edirik ki, mümkündürsə, kütləvi yerlərə getməsinlər” – deyə, Zəminə Əliqızı bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883

Oxşar yazılar