Gizli möminlər, kirli çayxanalar və puça çıxan yunan allahı - REPORTAJ -
1-ci hissə
Biz və zəvvar yoldaşlarımız
Müasirim Murad Köhnəqala demişkən, mən «ərəbin daşın öpüncə, bir yetimin saçın öpənlərdənəm». Hər il zəvvarlıq «sezonu» gələndə, bir-birini tapdaya-tapdaya, xurd-xəşilini çıxara-çıxara Kərbəlaya, Məkkəyə, Məşhədə axışan müsəlmanları görəndə ürəyimdən qara qanlar axır. 5 min dolları Həcc ziyarətinə xərcləyən adamlar tanıyıram, ailəsi il uzunu yarıac-yarıtox dolanır. O məşədilərdən, kərbəlayilərdən, həcilərdən çoxunun dilənçiyə on qəpik verməyə əli gəlmir. Tumsatan qarıdan bir dürgək tum, qışın sazağında şəhərin mərkəzində boynunu burub, ovcunda limon tutan arvadlardan iki limon almağa can çəkirlər. Onların bu ziyarətlərə xərclədiyi pulların, qurbangahlarda kəsdikləri qoyunların, pirlərə qoyduqları nəzirlərin hesabına farslar, ərəblər qarınlarını yekəldib, hərəsi dörd arvad, saysız-hesabsız hərəm saxlayır, şəhərlərini, məscidlərini müasir standartlara cavab verəcək səviyyədə təmir elətdirib, görməmiş-görməmiş işıqlara, çilçıraqlara tuturlar.
Və bu sadaladıqlarımdan sonra, bir məlumat çatdırım ki, üzüm ayağınızın altında, mən bu günlərdə Məşhəd şəhərindən qayıtmışam. Səkkiz günlük zəvvarlıqdan. Bu cümləmi oxuyub, üzümə tüpürmək istəyən oxucudan bircə saniyə səbr edib, növbəti cümləni oxumasını xahiş edirəm. Mən Məşhədə içimdəki din, Allah xofu və ya sevgisi üzündən deyil, başqa və hörmət olunası səbəblərdən dolayı getmişdim. Rüsxətinizlə sadalayım:
1) İranda heç vaxt olmamışam və bu İslam ölkəsində olmaq maraqlı idi.
2) Zəvvarlıq prosesindən reportaj hazırlamaqdan ötəri əlimin içi qaşınırdı.
3) İrana zəvvar kimi, xüsusi turlarla getmək qat-qat ucuz başa gəlir.
4) Jurnalist kimi İrana getmək üçün xüsusi viza lazımdır, amma zəvvar kimi İranda papağını yan qoyub, gəzə bilərsən.
5) Fürsətdən istifadə eləyib, anamı da Məşhədə apardım: qan təzyiqi, şəkəri dəhşətli dərəcədə yüksək olan bu xanımın ən böyük arzusu Məşədixanım olmaq idi və arzusu yerinə yetərsə, bütün xəstəliklərini sağalacağına dərindən inanırdı.
6) Və nəhayət, ən böyük ləzzət, mənə qoşulmağa söz verən kinoşünas, postmodernist rəfiqəm Aygün Aslanlını «Məşədixanım» diplomu aldığı yerdə görmək perspektivi idi…
Avtobusda 32 nəfər idik. Dəstəbaşılarımız, yəni iranlılar demiş «rəisi-karvan»larımız Kərbəlayi və onun həyat yoldaşı Seyidxanım idilər. Seyidxanım təvazökar və əməli-saleh müsəlman qadını kimi, çox dinib-danışmır, instruksiyalar-filan vermirdi. Eləcənə, bir qıraqda fağır-fağır oturub-qalırdı. Kərbəlayi isə əksinə, avtobus yerindən tərpənən kimi, yol, gedəcəyimiz şəhərlər, ziyarətgahlar, İrandakı qayda-qanunlar barədə məlumatlar verir və danışmaqdan boğazı quruyanda bir salavat çevirməmizi istəyərək, bir az nəfəsini dərirdi.
Kərbəlayi dindarlığına zərrə qədər xələl gəlməməsinə çalışdığından, özünü çox ciddi, sərt aparmağa çalışırdı. Amma nitqində tez-tez rus sözlərindən istifadə etməyi, rusca talış ləhcəsində danışmağı, təbiətən şən, gülərüz və ünsiyyətcil adam olmağı onun «ciddi və kədərli dindar» imicinə xal salırdı. Və deyəsən, Seyidxanımın yol uzunu yüngülvari narazılıq nümayiş etdirməyinin səbəbi elə bu idi.
Avtobus Bakıdan çıxmamış, Kərbəlayi qadınların hamısını məcbur elədi ki, başlarını örtsünlər. Çadra və yaylıq yalnız İranda vacib olsa da, karvanbaşımız dedi ki, bir azdan zəvvarlıq mərasimimizi videolentə alacaq. Ki, bu lentdə hansısa qadının başıaçıq olmağı onun zəvvarbaşılığına xələl gətirə bilər. Bu tələb, İrana zəvvarlığa deyil, səyahətə gedən avaraların – Aygünlə mənim ovqatımızı bərk təlx elədi. Amma demaqoqluq eləmədik. Nəyimizə lazım, əsəbiləşib, bir-iki artıq söz o deyər, bir-iki artıq söz biz deyərik, iş böyüyər, qanımız daha da qaralar. Birtəhər başlarımızı örtdük, hətta Kərbəlayinin iki dəqiqədən bir tələb elədiyi salavatları da çəkməyə başladıq. Bircə saat keçməmiş, sağ əlimiz biləkdən laxlamağa başladı. Bayaqdan boş-bekar qalıb, keyimiş sol əlimizi işə salmaq istəyəndə, Kərbəlayi bizə irad tutdu:
- Qızlar, cavansınız, bilmirsiniz, amma mən sizə başa salıram. Bilin kiii, salavatı çalışıb, həmişə sağ əllə çəkmək lazımdır. Nədən kiii, insanın sağ əlində altmış bir, sol əlində isə cəmi on səkkiz mələk olur. Sizin sağ əllə çəkdiyiniz salavata altmış bir, sol əllə çəkdiyiniz salavata on səkkkiz mələk şəhadət eləyir. Odur kiiii, salavatı ya sağ əlinizlə çəkin kiii, ona şəhadət eləyən mələklərin sayı çox olsun, ya da kiii, hər iki əlinizlə salavat çevirin ki, belə eləyəndə şəhadət eləyən mələklərin sayı…
Bu yerdə o, əlini cibinə aparıb, kalkulyator çıxartdı və şəhadət eləyən mələkləri üst-üstə gəlib dedi:
- …bali, yetmiş doqquz olur. Müsəlman bacı və qardaşlarım, bilin və agah olun ki, salavatın fəziləti o qədər böyükdür ki, insan ömrü boyu hər yeri düşəndə salavatını bol eləməlidir. Məsələn, biz Məşhədə keçən dəfəki səfərimizdə (kiii, o səfərin şahidlərindən bir neçəsi hazırda bizim avtobusumuzdadır və bizimlə dübarə Məşhəd ziyarətinə gedirlər), həə, biz o qədə salavat çevirmişdik ki, o salavatları biz sumkalara doldursaydıq, İranda bir dənə də olsun, boş sumka qalmazdı. Həəə, gücü salavata verin, gücü salavata verin!
Bəlkə də oxuculardan kimsə fikirləşər ki, arada nəyisə şişirdirəm və ya məzələnirəm. Çe Gevaranın müqəddəs ruhuna and olsun, Məşhəd ziyarətinə gedib, qayıdana qədər baş verənlərdən nəyisə özümün quraşdırmağıma ömür-billah istedadım çatmazdı!
Qoy, Kərbəlayi zəvvarları salavatı bol eləməyə çağırmağında, daşını-torpağını öpəcəyimiz ziyarətgahlar, məzarlar barədə məlumatlar verməkdə olsun, mən də fürsətdən istifadə eləyib, zəvvar yoldaşlarım barədə bir az məlumat verim.
Başlayaq sürücümüzdən. Sürücümüz 50 yaşlarında, hündürboylu, dolubədənli, nahamar görünüşlü, gülərüz və əhli-kef bir kişiydi – Vəli əmi. Vəli əminin üzünə, hərəkətlərinə, danışığına baxanda, az qaldım, belə məsələlərdə arif adam kimi, onun ömrü boyu yediyi xəngəl yuxalarının sayını, vurduğu tut araqlarının litrini, «Ruhani»ni düzgün çala bilməyən aşıqların başında sındırdığı sazların taxtasının kubunu hesablayım. Biləndə ki, Vəli əmi Şəmkirin Düyərli kəndindəndir, özlüyümdə qənaətlərimi bir az da təsdiqlədim. İkinci sürücümüz (yolumuz uzun, vaxtımız az olduğundan avtobus dayanmırdı, sürücülər növbə ilə sürürdülər) Tovuz rayonundan idi özü də sifətdən «toşnu» Murad Köhnəqalaya oxşayırdı. 40-45 yaşlarında, Nizami adlı bu kişi ömrü boyu evlənməmişdi. Bu məlumatı eşidəndə onun çox maraqlı adam olduğunu düşünsəm də, kişinin sonrakı davranışı göstərdi ki, onun 45 illik subaylığının səbəbi dahilik-zad yox, başdan bir az səy olmağıymış. Səfərimizin üçüncü günü isə Nizami bəy, Aygün Aslanlının subay olduğunu eşidib, ona ciddi-ciddi elçi düşdü və qəti bir rədd cavabı aldı.
Sürücülərin köməkçisi Vüsal. 23 yaşında, olduqca və olduqca yaraşıqlı, boy-buxunlu, qıpçaq qaş-gözlü oğlan. O qədər yaraşıqlı, sifət cizgiləri, bədən quruluşu o qədər proporsional, simmetrik idi ki, elə bil, peşəkar heykəltəraş onu diqqətlə yonub düzəltmiş, sonra ən istedadlı rəssam oğlanın üstündə işləmişdi. Özündən deyən təmkinli qadın Vüsalı görəndə həyəcanlanardı. Amma elə ki oğlan ağzını açdı, bütün bu xarizma, yaraşıq, boy-buxun hamısı getdi işinin dalıyca. Oğlan yunan allahından dönüb oldu adicə Elnur Astanbəyli. Qazax ləhcəsində elə hozuluqla danışırdı, vicdanı olan adam bu danışığı eşidəndən sonra, gedib Zəlimxan Yaqubdan üzr istəyər ki «Qağa, bağışla, sən dünyanın ən mədəni, nəzakətli və ən əsası, ləhcəsiz-zadsız danışan adamısan».
Məsələn, bir də gördün, oğlan əlindəki almanı avtobusdakı anası yaşda zəvvar arvadlardan birinə uzadıb dedi:
- Ağııız, maaa baxıynan. Az, bu almıyı soyuf maa versən!
Amma adamın üstündə Allah var, səkkiz gün ərzində bu yaraşıqda, boy-buxunda oğlan avtobusdakı bir qıza gəlinə yan gözlə baxıb-eləmədi. Atam-qardaşım olsun, hozu-hozu danışsa da, hamımızla dil tapdı, hamının buyruğuna qaçdı, hamının nazıyla oynadı.
Zəvvar dəstəmizin ən maraqlı tipajlarından biri də, Şəmkirin Sabirkəndindən olan 35-40 yaşlı bir seyid idi. Adı yadımda deyil, çünki kişiyə hamı elə «Seyid» deyə müraciət eləyirdi. Mən ömrüm uzunu seyidləri qəzəbli, acıqlı, əsəbi gördüyümdən, bu Şəmkirli Seyidin şən-şən danışmağına, hamıyla rahat ünsiyyət qurmağına bərk təəccübləndim. Yol uzunu bir də gördün, Seyid özünü yaxınında oturan qız-gəlinlərdən birinin yanına verib, ona öz fitri istedadından danışır:
- Şəmkirin Dəllər-Cəyirindən bir gəlin varıydı, uşağı olmurdu. Ona bir dua yazdım, uşağı oldu. Dedim, indi gəlib mənim xəcalətimdən çıxacaq da. Hardan?! Gəlin yanımdan keçəndə mənə heç salam da vermirdi. Sən öl, təzədən bir dua oxuyub, onu elə günə qoydum, gəlin başladı it kimi hürməyə. Söz soruşursan, cavab əvəzi hürür. Qohumları gəldilər yanıma ki, dua yazım, gəlin düzəlsin. Dedim, gətirin yanıma. İndi gözləyirəm, onu yanıma gətirsinlər. Demişəm, prinsipə onun hürməyini telefona çəkib, hamıya göstərəcəm…
Səfərimizin 2-ci günü şəmkirli Seyidin cibindən reket qəzetlərdən hesab olunan «El yolunda» qəzetinin vəsiqəsi çıxdı. Və Seyid etiraf elədi ki, həmin qəzetin əməkdaşları onun öncəgörmə istedadından rayon rəhbərliyini, vəzifəli şəxsləri, pullu adamları şantaj etmək üçün istifadə edirlər. «Məni belə kullanırlar» - Seyid bax elə beləcənə də dedi.
Avtobusda başqa, 22-23 yaşlarında da bir seyid oğlan olduğundan, dəyişik düşməsinlər deyə, Seyidləri nömrələməli olduq. Yaşlı Seyidə «Seyid 1», oğlana isə «Seyid 2» deyə müraciət etməli olurduq. Seyid 2 namazının dəqiqəsini ötürməyən, çənəsinin altına keçən adama din barədə məlumatları verməyi özünə borc bilən, sifətdən qəşəng oğlan idi ki, yazarınız səfər uzunu onunla üç dəfə dalaşdı. Bir dəfə gecə saat dörddə yaxınımızda oturan qızlardan birini çənəsinin altına salıb, danışdırdığına və bizə yuxu vermədiyinə görə, bir dəfə telefonun səsini axıra qədər açıb, Sami Yusufun düşük-düşük mahnıları ilə başımızı dəng elədiyinə görə, bir dəfə də…vallah, üçünü dəfə niyə dalaşdıq, yadımda deyil…
Arxa oturacaqda oturan üzü rübəndli, yayın qızmarında əli əlcəkli qadın hamının diqqət mərkəzində olan Şərqiyyə xanım idi. Şərqiyyə xanımın dediyinə görə, 96-cı ildən bəri vergilidir və bu vergi ucbatından üzünü, əllərini, bir sözlə heç bir yerini bir bəni-insana göstərə bilməz. Hətta dediyinə görə, halal-hümmət əri belə 96-cı ildən bəri onun üzünü görmür. Şərqiyyə xanım deyirdi ki, üzünü bir bəni-insana göstərdiyi günün gecəsi onu yuxuda o qədər incidirlər ki, cəhənnəmi bu dünyada görmüş olur…
Səfərimizin ortalarında Şərqiyyə xanımın çantasından «Yeganə yol» qəzetinin vəsiqəsi çıxdı. Və üstəlik, xanımın İrin-qan janrında şeirlərlə dolu iki kitab müəllifi olduğunu bildik.
Oturacaq yoldaşlarımız iki qarayanız, qaş-gözlərindən farslara, burunlarından gürcülərə oxşayan 25-30 yaşlarında gombul bacılar idi.
Qabaq oturacaqlarda oturub, danışığı, zarafatları, atmacaları ilə bütün avtobusu güldürən, olduqca göyçək Səkinə xala müasirim İlham Tumasın kəndindən idi.
Yaşma kəndindən olan mərsiyə ustası, hicablı, namnazik qaşlı gəlin də vardı ki, mərsiyəni elə yanıqlı avazla deyirdi, az qalırdım mən də ağlayam. Kərbəlayidən sonra «salavatomaniya»ya tutulan ikinci şəxs də bu gəlin idi. Yol uzunu ağlına kim yerləşirdisə, kim ürəyinə yatan bir söz deyirdisə, bütün avtobusu məcbur eləyirdi ki, həmin adamın «yeddi arxa dönənlərinə», «baş xakə qoyanlarına», «ocağında gözü olanlarına» bir salavat çevirsin. Cəmi iki gündən sonra mərsiyəxan bacımızı dindirəndə, onun xislətinin əslində biz postmodernistlərə çox yaxın olduğu aydınlaşdı. Bacı zarafatda, məclis adamı olmaqda, kimisə lağa qoyub, dolamaqda, istənilən mövzuda söhbətin incə məqamlarını tutmaqda Aqşindən, Seymur Baycandan da geri qalmazdı.
Onlardan əlavə, bizimlə bir eynəkli oğlan, bir totuq və gülərüz kişi, yol uzunu bir-birini didən ana-oğul, yol uzunu bir-birinin qayğısına qalan, bir-birinin xətrini çox istəməkdə şitin-şorun çıxaran ər-arvad, Lerik rayonundan 80 yaşlı, talış dilindən başqa dildə danışa bilməyən qarı və ciddi-ciddi ruhi xəstə olan qarımış bir qız varıydı.
Həmçinin, yuxarıda barəsində epizodik məlumat verdiyim totuq və gülərüz kişi – Məhərrəm əminin də şair olduğu üzə çıxdı.
Avtobusda keçən bütöv bir yuxusuz gecədən sonra Astarada dayandıq. Bir-birimizi itələyə-itələyə avtobusdan düşüb, Azərbaycan tərəfdən sərhədi xəta-bəlasız keçdik. Təzədən avtobusa doluşub, beşcə dəqiqədən sonra İran sərhədinə çatdıq. Yenə bir-birimizi itələyə-itələyə sərhəd məntəqəsinə axışdıq. Sərhəd məntəqəsinə girmək istəyəndə, cavan sərbazlardan (yəni İran polisi) biri, başını örtsə də, uzun ətək əvəzinə cins şalvar geyinmiş gənc kinoşünasımız Aygün Aslanlını yolda saxlayıb, geri qaytardı:
- Bacı, keç avtobusa, əyninə uzun bir şey geyin, sonra gəl.
Aygün avtobusa keçib, ətək əvəzinə şalvarın üstündən belinə şərf dolayıb gəldi.
Qeydiyyatı keçəndə üzünün rübəndini açmayan Şərqiyyə xanımı saxladılar və nə illah elədilərsə, qadın üzünü açmadı. Din, allah, mövhumat yanığı olan İran sərhədçilərinə qapanmağının səbəbini izah edəndən sonra, qadını rahat buraxdılar və üzünü açmadan sərhədi keçirdilər. Bu arada qeydiyyat masasında oturan qara-qaramat bir fars arvadı biz tərəfə baxıb, kinayə ilə:
- Bu Azərbaycan qadınları da maraqlıdı ha… Ya yarıçılpaq gəzəllər, ya da hər yerlərini büsbütün örtərlər…- dedi.
İran Astarası
Hamı qeydiyyatdan keçəndən sonra, Kərbəlayi bizi arvadlı-kişili qabağına qatıb İran Astarasına adlatdı. İran İslam Respublikasının ərazisinə qədəm basar-basmaz, başımızın üstünü çiləmə yağış kəsdirdi. Bir də dollar, manat dəyişənlər, İran operatorlarının nömrələrini satanlar, sərhəd yaxınlığını tələm-tələsik tərk etməyimizi tələb edən qara-qura sərbazlar…
…İran torpağında ilk təəssüratım, buradakı adamlarının ifrat qara və çox kirli olmasına təəccüblənmək oldu. Yan-yana düzülmüş xırda dükanların, kafelərin, sallaqxanaların divarlarından, səkilərdən, piştaxtalardan, səhərin erkənində dükan-bazarda qaynaşan başıörtülü arvad və araqçınlı kişilərin üst-başından kir yağırdı.
Kərbəlayi buraları yaxşı tanıyan adam kimi, bizi yaxınlıqdakı kafelərin birinə apardı. Kafe sahibi küncdə, iş-yazı masanın arxasında oturmuş orta yaşlı, müsbət enerjili biri idi. Müştəri ilə danışdığı yerdə bir də gördün, avazla ilahi oxuyub, sonra da gülümsədi. Nəsə, 32 nəfər birtəhər keçib oturduq. Əyninə bir-iki ölçü böyük paltar geyinmiş, 11-12 yaşlarında gülərüz uşaq hamımıza çay payladı. Çay deyəndə, balaca, kirli stəkanlarda, boz-bulanıq maye. Axşamdan bəri ac arvadlar, kişilər bal-qaymağa döşəndi. Buranın yeməyini bəyənməyənlər boş vaxtdan istifadə eləyib, gətirdikləri pulu elə kafedəcə (kafe sahibi həm də pul dəyişirdi) dəyişdilər.
Dincimizi alıb, yeməyimizi yeyib, (yeri gəlmişkən, fürsətdən istifadə eləyib, bizdən iki-üçqat artıq hesab aldılar) təzədən avtobusa doluşduq. Anam kafenin kirli qablarında yemək istəməmişdi, Aygünlə mən isə səhərin sübhündə yemək yeyə bilmədiyimiz üçün ac qalmışdıq – odur ki, başımızı qatmaq üçün, bizdəkindən iki –üç dəfə ucuz olan bananlardan iki kilo alıb, çantamıza doldurduq.
Avtobusda Kərbəlayi və mərsiyəxan gəlin «səhər proqramı»na başlamışdılar: biri mərsiyə deyir, biri züy tuturdu. Bizsə deyilənləri təkrar etməli idik. Proqrama sinə döymək, baldır şillələmək, arada Aqşin demişkən, reklam fasiləsi olaraq salavat çevirmək, ağlamaq, ölən yeri özünü dəhşət kədərli göstərmək kimi hərəkətlər də daxil idi.
Kərbəlayi arada instruksiyalarından və iradlarından qalmırdı:
- Qadınlara xəbərdarlıq eləyirəm ki, İranda nə bizimlə gedən zəvvar kişilərlə, nə də İran kişiləri ilə danışmasınlar. Bizi biyabır eləməyin. Sonra İranlılar bizi prikola tutur. Düz də eləyirlər, çünki bizim qadınlardan çoxu Məşhəd adı elə gedib, orada «ne to – ne to» işlərlə məşğul olur. O Allah haqqı, ta qoymayıblar İmam Rzada abır qala!
Mən Kərbəlayinin nitqindən, mərsiyəxan bacımızın çıxışlarından vaxt tapanda, gözucu pəncərədən İran vilayətlərinə baxır, Azərbaycanla İran arasındakı fərqləri tezbazar görmək istəyirdim. Amma gözümə hələ ki, çox seyrək düzülmüş xırda evlərdən, dükanlardan başqa heç nə dəymirdi. Burada bol olan tikililər təkcə məscidlər idi – hər iki-üç kilometrdən bir qarşımıza köhnə, ya təzə məscid çıxırdı. Avtobusdakılar (namaz qılanlar da, qılmayanlar da) məscidi görəndə bərk sevinirdilər. Çünki məscid, eyni zamanda, havayı abdəstxana demək idi.
Namaz demişkən, elə ki, avtobus üzün müddət saxlamadı, sürücü avtobusdakıların arasında böyrək xəstəsi-zadı qanmadan, basıb getdi, namaz köməyimizə gəlirdi. Qadınlardan-zaddan birini öyrədirdik ki, bəs, sürücüyə denən, filan vaxtın namazını qılmamışam, qəzasını qılacam, maşını saxla. Avtobus dayanan kimi, hamı qaçıb, məscidin abdəstxanasına doluşurdu.
Diqqətinizə çatdırım ki, yazarınız səfər uzunu bir dəfə də olsun, namazının vaxtını ötürmədi. Bə nədi, mən dəstəmaz qaydalarını da, namazı da altıncı sinifdən bilirəm. Odur ki, zəvvarlar arasında uzun müddət mənim saxta zəvvar olmağımdan şübhələnən olmadı. O ki, qaldı Aygün Aslanlıya, bacı on ildi ekzistensializm, postmodernizm, nə bilim, Kim Ki Duknan-zadnan başımızı piyləyə-piyləyə, altdan-altdan dindarlığını eləyirmiş – xəbərimiz yoxmuş. Kişinin qızı namazda bir hərf də yanılmadı.
(Ardı var)
Günel Mövlud

1773