“Öldürdüyüm uşağı hər gecə yatanda fikirləşirəm…” – MƏHBUS HEKAYƏTİ
20 sentyabr 2010 18:43 (UTC +04:00)

“Öldürdüyüm uşağı hər gecə yatanda fikirləşirəm…” – MƏHBUS HEKAYƏTİ

Yəqin tez-tez mətbuatdan, televiziya və radiodan “filan yerdə avtomobil qəzası olub, 1 ölü, üç yaralı”, ya da “filan ərazidə avtomobil piayadanı vurub öldürüb” tipli xəbərlərlə rastlaşırsız. Ancaq tanışlıq bundan o tərəfə keçmir. Əslində isə həmin o “sıradan bir hadisə” kimi görüb keçdiyimiz xəbərlərin hər birinin arxasında neçə-neçə ailə faciəsi durur. İndi sizləri həmin faciələrdən biriylə tanış edirəm.

Traktorçu oğlan

Əhvalatımızın qəhrəmanı ilə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində (CM) söhbət elədim. Əvvəlcə onunla qısaca tanış olun: İ. 1978-ci il sentyabrın 28-də Şəmkir rayonunun kəndlərindən birində anadan olub, orada yaşayıb. Orta məktəbi bitirib hərbi xidmətə yollanıb. Xidməti başa vurub yenidən kəndə qayıdıb. Traktorçu işləməyə başlayıb. Traktorla ot, saman, yas yerləri üçün çadır, bir sözlə nə gəldi daşıyır, bununla da ailəsinə çörəkpulu qazanırmış. 2005-ci ildə ailə həyatı qurub. Bir qızı və bir oğlu var.

Hadisə

Hadisə günü qonşu kəndə, bacısıgilə gedibmiş. Deyir orada araq içmək təklif olundu, ancaq içmədim: “Dedim bu gün qonşuda toy var, onsuz da orada içəcəm”.
Ancaq maşın sürəcəyini bilsə də, özü demişkən, axırda “məcbur olub bir azca” içib. Özü də sürəcəyi “Jiquli” özünün yox, qayınının imiş.
Nə isə, “bir azca” içdikdən sonra öz kəndlərindəki qonşularından aldığı “baqaj”ın üstünə evlərinə aparacağı əşyaları yükləyir. Sonra da gəlirlər kəndə. Orada yükü boşaldan İ. maşını sürür kənddəki Mamedigilin qapısına. Çünki “baqaj”ı ondan alıbmış. “Baqaj”ı açıb verir ev sahibinə. Deyir gedim yaxınlıqdakı dükandan bir qutu siqaret alım sonra evə dönüm. Bu fikirlə yolda saxladığı “Jiquli”nin sükanı arxasına keçir. Bundan sonrasını öz dilindən eşidin: “Təzəcə sürmüşdüm ki, oğlan uşağı biqafil peyda olub maşının qabağından qaçdı. “Tormoz”u vursam da gec idi: maşın uşağı böyrü üstə yıxmışdı. Özü də uşağın atasıgillə kirvəyik”.
Ailənin üç oğlundan ortancılı olan uşağın 9 yaşı var imiş. Sən demə, başı yerə dəyən balaca elə vurulan kimi də ölüb. Ancaq İ. bundan gec xəbər tutur. Çünki o, qəza törədən kimi uşağın yerə yıxıldığını görüb daha arxaya baxmadan maşını sürətlə sürərək oradan uzaqlaşır: “Səhvim onda oldu ki, vuran kimi qaçdım, uşağa kömək-zad eləmədim. Ancaq vallah nə üçün qaçdığımı özüm də bilmədim. Çünki hadisə vaxtı orada başqa adamlar da vardı, bunu mənim töərtdiyimi hamı biləcəkdi, yəni gizlətmək də mümkün deyildi. Ancaq nədənsə qaçdım. Özü də hadisə olan vaxt maşını bərk də sürmürdüm, yavaşca gedirdim”.

İ. birbaş evə gəlir. Evə də yox, daha doğrusu gəlib həyətdə durur. Ailə üzvlərinə heç nə demir. Çox keçməmiş polislər onların həyətinə gəlir. Deyirlər kəndin filan yerində hadisə olub, İ. də cavab verir ki, mən törətmişəm.

Analar ağlayır: İ.-nin anası burda, ölən uşağın anası orda. Ancaq artıq gec idi. İ. polis maşınına oturub gedir.

“Bu hadisədən sonra düşmən olduq”

Baxmayaraq ki, çörəkpulunu traktor sürməklə qazanıb, İ.-nin heç “Sürücülük vəsiqəsi” də yoxdur. Ancaq maşın sürməyi hələ uşaqkən öyrənibmiş. Sənədlərinin qaydada olmaması, içkili vəziyyətdə olması, hələ üstəlik vurduğu adamı köməksiz vəziyyətdə qoyub qaçması ona baha başa gəlir: Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarımı pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilir; Şəmkir rayon Məhkəməsinin qərarı ilə 5 il həbs cəzası kəsilir. Məhkəmədə uşağın atasigillə kirvə olmasının xeyri dəymir; zərərçəkmişlər ən ağır cəza tələb edirlər. “Atamgil onlara getdi. Sonra başqa qohumlar. Bütün kənd-kəsək yığıldı, qonşu kənddən də minnətçi düşdülər. Ancaq uşağın atasigil bunlara baxmadı, dedilər tutulmalıdır, vəssalam. Mən o uşağı qəsdən vurmamışam, qəsdən vura da bilməzdim. Çünki həmin ailəylə kirvə olmuşuq, heç vaxt düşmənçiliyimiz olmayıb. Kənddə mənim heç kimlə düşmənçiliym olmayıb, bir adamın toyuğuna daş atmamışam. Bunları məhkəmədə uşağın atası da dedi. Həm də dedi ki, İ. traktorla bizim işimizi görəndə, yerimizi əkəndə pul almırdı. Biz onlarla dost, kirvə idik. Bu hadisədən sonra isə düşmən olduq. Çox peşamanam, çox. Ən çox uşağı vurandan sonra qaçdığıma görə peşmanam. Hər gecə yatanda onu fikirləşirəm. Axı o, körpəcə uşaq idi...” – deyir, İ.

“Evi dolandıran mən idim”

Polislərin onu aparmasından, yəni 2009-cu il aprelin 4-dən indiyədək İ. nə doğma kəndini, nə də sevimli traktorunu görüb. Onlar üçün yaman darıxır. Ən çox da ailəsindən ötrü darıxır. 10 saylı CM-də ayda bir dəfə ailə üzvləri Şəmkirdən onu yoluxmağa gəlir. “Ailə üzvləri” deyəndə deyəsən bir az şişirtdim; ona dəyməyə yalnız anası gəlir. Bacısı gəlin köçüb, 1985-ci il təvəllüdlü qardaşını hərbi xidmətdə ikən ermənilər öldürüb. Ona görə də yanına ancaq anası gələ bilir. Deyir, anama Şəmkirdən Bakıya gəlib-getmək asan deyil, çünki xəstədi, “operasiya” olub, atam da elə onun vəziyyətindədi: “Yanıma gəlmək bir yana, evi dolandıran mən idim, mən də tutulmuşam. İndi ailəmiz ana-atamın aldığı pensiyanın ümidinə qalıb”.

Anası 10 saylı CM-ə gələndə bəzən İ.-nin uşaqlarını da gətirir. Uşaqları isə aldadıb deyirlər ki, atan işləməyə gedib, iş yerindən çıxa bilmir...

Son söz əvəzi

10 saylı CM-də E. adlı bir oğlanla da söhbət elədim. Onun da yaşadıqları İ.-nin başına gələnlərin təxminən eyniydi: E. də ailəlidir; onun da “Sürücülük vəsiqəsi” olmayıb; hadisə Şəmkirin kəndlərindən birində baş verib; kənd yoluyla gələrkən velosiped sürən 11 yaşlı oğlanı vurub; 5 il 3 ay həbs cəzası alıb. Yeganə fərq odur ki, E. uşağı vuran kimi dərhal xəstəxanaya aparıb (ancaq uşaq ölüb). Fərq təkcə budur. Qalan faktlar eynidir. Bu əhvalatda da ən azı iki ailə faciə yaşayıb: həbsxanada olan E.-nin ailəsi və ölən uşağın ailəsi.

İ.-nin başına gələnlərdə də beləydi: onun, uşağın ailəsi faciə yaşayıb. Üstəgəl arvadının valideynlərinə də toxunub bu faciə.

Bunları bir cümləyə yekunlaşdırıb pafossuz-zadsız məşhur bir mahnıdakı kimi qısaca belə demək istəyirəm: Asta və ehtiyatlı sür maşını!...

Pərvin ABBASOV

pervinabbasov@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar