Minbir dərdin dərmanı – ARAŞDIRMA
18 aprel 2009 10:00 (UTC +04:00)

Minbir dərdin dərmanı – ARAŞDIRMA

Çay – Azərbaycanın süfrəsində, bazarında, şüurunda, həyatında...

Deyirlər, kofe çıxandan çay dəbdən düşüb. Amma artıq qərblilər yenidən bu qədim içkinin həqiqi dəyərini qiymətləndirib, ona qayıtmaq fikrindədirlər. Lent.az-ın bu mövzuda araşdırması zamanı əksər ekspertlər dedilər ki, çay kofeyə nisbətən daha xeyirlidir. Çayın tərkibində vitaminlər, minerallar, efir yağları və kofein var. Kofein alkoloidi 1 fincan çayda 30-60 mq. təşkil edirsə, bir fincan kofedə bu, 80-120 mq-dır. Bəs bu iki içkinin təsirindəki fərq nədədir?

Kofedə olan oyadıcı effekt dərhal təsir göstərir, amma müddəti az sürür, təzyiq 10-20 dəqiqədən sonra düşür. Amma çaydakı kofein orqanizm tərəfindən aramla həll olunur, çox qalır və onun oyadıcı təsiri daha uzun müddətli olur.

Armudu stəkanda...

Ölkəmizdə artıq formalaşmış çayxana mədəniyyəti mövcuddur. İnsanlar çaya qida və tibbi faydaları ilə yanaşı, həm də sosial amil kimi yanaşırlar. Bu nemət ictimai-sosial müzakirələrin, əyləncələrin, kütləvi istirahətin ən vacib elementi kimi özünə yer qazanıb. Maraqlı və ciddi nüanslardan biri də çayın Azərbaycanda məhz armudu stəkanda içilməsilə bağlıdır. Hazırda bu məsələdə o qədər də dərin mühafizəkarlıq görünmür, insanlar müxtəlif cür fincanlarda, büllur stəkanlarda çay içməyə daha çox meyl edirlər. Amma birmənalıdır ki, Azərbaycanda çay kultunun əsas və vacib elementi armudu stəkan olaraq qalır. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.

Ürəyimiz yananda...

Tibb elmləri doktoru, professor Adi Qeybulla Lent.az-a çayın faydalı və zərərli tərəflərindən danışdı. O bildirdi ki, insanın istifadə etdiyi bitkilərin arasında çayın xüsusi yeri var və çay insanın orqanizminə tonuslandırıcı təsir göstərir. Çayın tərkibində olan bioloji aktiv maddələr, o cümlədən “tanin” adlanan maddə insan orqanizminə tonuslandırıcı təsir göstərir və bir növ analitik xüsusiyyətlərə malikdir. Odur ki, insanlar uzun müddət bədəndən yorğunluğu çıxaran ümumi halsızlığı götürən bir vasitə kimi çaydan istifadə edirlər. Bəzi yerlərdə bu məqsədlə kofedən, bəzi yerlərdə isə digər bitkilərdən - jenşen, yaşıl çay və s. - istifadə olunur. Lakin professor hesab edir ki, çay bunların arasında ən geniş yayılmış və insan orqanizminə müsbət təsiri çox olan bitkidir. Amma həkim onu da deyir ki, çayın istifadə qaydalarına düzgün riayət olunmalıdır. Ümumiyyətlə, bu bitkilərdən bir qayda olaraq dəmləmələr, cövhərlər və ekstraktlar şəklində istifadə olunur. Yəni çay qaynanmış su ilə dəmlənir və dəmləmə şəklində istifadə olunur.

A.Qeybulla deyir ki, dəmlənmiş çay yarım saat ərzində içilməlidir. Bundan sonrakı halda çayın tərkibində olan “tanin” maddəsi parçalanır və çay öz bioloji aktivliyini itirir, onun əvvəlki effekti qalmır. Bu səbəbdən də uzun müddət dəmli qalmış çaydan istifadə etmək düzgün deyil. Çay müxtəlif üsullarla emal olunur və bu prosesdə ona qida əlavələri deyilən müxtəlif maddələr əlavə olunur. Qida əlavələri ayrılıqda qida kimi istifadə olunmur. Lakin bu maddələr çaya rəng, dad, struktur və s. verir. Çayın tərkibinə əlavə edilən bu qatqılar bioloji xassələrə malik olsa da bədənə xüsusi zərərli təsir göstərmir. Bunlar müxtəlif ətirlədici maddələrdir. Məsələn, çaya daha çox “berqamot” adlanan ətirli maddə qatılır və bu, emal prosesində həyata keçirilir.

Professor bizimlə söhbətində qeyd etdi ki, hazırda istehsal olunan çayların arasında daha çox boyanmış çaylara rast gəlinir. Bu çaylar boya əlavələrindən istifadə olunmaqla boyanılır və bu cür çaylar hətta soyuq suda belə öz rəngini çıxarır. Təbii ki, soyuq suda rəngi çıxan çaylar əsl çaylar siyahısına daxil deyil. Əsl çay dəmlənəndə onun ətri hiss olunur və bir qayda olaraq, qədəhdə iz buraxmır. Bu gün bütün dünyada çay istehsalında xeyli azalmalar var. Hətta çayın əsas istehsalçısı sayılan Seylon adasında olan plantasiyalarda və başqa ölkələrdə azalmalar müşahidə olunur.

Ətirlisən-dadlısan...

Müsahibimiz yaşıl çayın daha faydalı olduğunu deyir: “Çünki yaşıl çay bədəndə maddələr mübadiləsinin normal getməsini təmin edir, orqanizmin ömrünə və bioloji proseslərinə müsbət təsir bağışlayır. Bir fincan yaşıl çay beyin yarımkürələrini oyadır, damarları genişləndirir, yorğunluğu və yuxusuzluğu aradan qaldırır, başağrısını götürür. Yaşıl çay damarların tonusunu azaldır ki, bu da arterial təzyiqi aşağı salır. Yaşıl çay damarlar genişləndirir, tonus azalır, təzyiq aşağı düşür. Ona görə də yaşıl çayın hipotoniklər, yəni təzyiqi aşağı olanlar tərəfindən çoxlu içilməsi yolverilməzdir. Sadəcə, ümumi xeyrini nəzərə alıb, 1 fincan, təzyiqi normal olan vaxt içə bilərlər. Onlar çayı içdikdən sonra 5-10 dəqiqə ərzində özlərini yaxşı hiss edə bilərlər. Lakin sonradan əksinə, təzyiq düşür və insan özünü əvvəlkindən də halsız hiss edir”.

Professor deyir ki, yaşıl çay – hipertoniklər, təzyiqi yüksək olanlar üçün əsl dərmandır. Mədə xorası, qastrit, onikibarmaq bağırsağın xəstəliyi olan insanlar, 10 yaşına kimi uşaqlar yaşıl çaydan uzaq durmalıdırlar. Yatmazdan əvvəl yaşıl çay içmək məsləhət deyil yuxunu qaçırdır. Əvəzində nanəli çay için. Yaşıl çay - xərçəng hüceyrələrinin düşmənidir. Gündə 2-3 fincan yaşıl çay içən insanlarda miokard infarktı keçirmək ehtimalı 50 faiz azalır.

Gündə 6-7 fincan, yəni 120 ml. təzə dəm çay içmək kifayətdir. Nanəli çay yeməkdən sonra əsl hədiyyədir. Qeyd edək ki, nanəli çay ağız boşluğunu təravətləndirir, mədədə həzmi asanlaşdırır, əzələlərdəki ağrını sakitləşdirir, ağciyərləri açır, bağırsağı tənzimləyir, Başağrılarını götürür, qan dövranını yaxşılaşdırır, yuxu gətirir, bədənin hərarətini azaldır, stressi götürür. Səhər nanə çay içmək daha məsləhətlidir. Bu zaman insanın bədəni və ruhu qüvvətlənir. Günorta içmək həzmi rahatlaşdırır. Axşam isə yorğunluğunuzu ən yaxşı masajdan da effektli çıxarır.

Payız başlayandan qış bitənə kimi çay rasionunuza – çobanyastığı, cökəçiçəyi (lipa), giləmeyvəli çaylar, itburnu daxil edin ki, immunitetiniz möhkəmlənsin, az xəstələnəsiniz.

Adil Qeybulla bizimlə söhbətdə maraqlı bir məqama da toxundu. Dedi ki, Azərbaycanda insanların orqanizmi çay içməyə öyrəşib və bir növ çaydan asılılıqları yaranıb. Əslində çay düzgün istehsal olunmuş çaydırsa və düzgün qaydada dəmlənirsə, təbii ki, bunun insan orqanizminə heç bir zərərli təsiri yoxdur. Lakin müxtəlif mübadilə xəstəliklərində, hormonal xəstəliklərdə, bəzən qan təzyiqinin yüksək olan, ürək-damar xəstəlikləri olan insanlarda çayla bağlı müəyyən problemlər ortaya çıxa bilər ki, buda analitik təsirə malikdir və bədənin tonusunu qaldıraraq qan təzyiqini yüksəldir. Buna görə də, sadalanan xəstəliklərə düçar olan insanların həkimlə məsləhətləşməsi daha məqsədə uyğun olardı.

Bəhərlisən-barlısan...

Bunlar hamısı öz yerində. Bəs, bu “ətirli-dadlı” nemətin ölkəmizdə istehsal olunan, yaxud xarıcdın idxal etdiyimiz növləri arasında hansı daha faydalı, hansı daha zərərlidir? Ölkəmizdə çeşidli adda və keyfiyyətdə satılan bu məhsulun sağlamlığa təsiri ilə bağlı hansısa monitorinq, araşdırma, yoxlama aparılırmı?

Bu sualların cavabını Lent.az-a Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlayır.

Müsahibimiz deyir ki, yerli mal həmişə üstün sayılmalıdır. Çünki bu çaylar insanların vərdiş etdiyi ekoloji şəraitdə yetişdirilir. Azərbaycanda istehsal olunan çayların tərkibində kimyəvi maddələrin qatqısı digər ölkələrin çaylarından fərqli olaraq azdır. Bundan əlavə, Azərbaycan çayları öz aromatik xüsusiyyətlərinə görə və torpaqdan aldığı qidalanmasına görə digər çaylardan üstündür.

Bəs, xaricdən gətirilən çayların keyfiyyətinə nə qədər güvənmək olar?

Eyyub Hüseynov: “Azad İstehsalçılar Birliyinə çayların keyfiyyəti ilə bağlı hər həftə 4-5 telefon zəngi olunur. Hətta bizim ofisimizdə çayın tərkibindən qeyri-adi zərərli maddələrin çıxarıldığı hallar olub. Şikayətlər əsasən paket şəklində istifadə olunan çaylardandır. İstehsalçılar birmənalı olaraq bildirirlər ki, paket şəklində istifadə olunan çaylar hətta soyuq suda belə tezliklə dəm alır. İstehsalçılar şübhələnirlər ki, bu çayların tərkibinə rəngləndirici maddələr qatılır. Lakin Azad İstehsalçılar Birliyi bunun səbəbini hələ də araşdıra bilməyib”.

O ki qaldı monitorinqlərə, Eyyub Hüseynov belə bir fəaliyyətin hələlik olmadığını deyir: “Biz yalnız istifadəçilərin telefon zəngləri ilə məhsulun keyfiyyətini müəyyənləşdiririk”.

Amma bütün bunlar öz yerində. Çayın Azərbaycan mental şüurunda da özünə yer elədiyini yəqin ki, bilməyən, yaxud inkar edən olmaz. Xalqımızın qədim adət-ənənələrində belə çay ünsürü özünə aşkar şəkildə yer eləyib. Tibbi-qida əhəmiyyətindən başqa, çayın bu mədəni-tarıxı amil kimi də əhəmiyyəti danılmazdır.

Çay, çay, çay...

Təhqiqatçı-jurnalist Maşallah Xudubəyli Lent.az-a açıqlamasında əvvəl onu dedi ki, çay Azərbaycana 18-ci əsrdə gətirilib. Həmsöhbətimiz çayı “Azərbaycan süfrəsinin ən gözəl nemətlərindən biri” adlandırdı. Misal da çəkdi ki, Azərbaycanda hər məclisin süfrəsinə birinci növbədə çay gətirilir. M.Xudubəyli deyir ki, çay bizim ölkədə meydana gəlməsə də bizim məişətimizə, mentalitetimizə, süfrələrimizə üzvi şəkildə bağlanıb.

Çayın milli adət-ənənələrimizdə tutduğu yeri izah etmək üçün həmsöhbətimiz maraqlı misallar çəkdi: “Azərbaycanda qız evinə elçiliyə gedərkən oğlan evinə razılıq əlaməti olaraq şirin çay verilir. Uzaq yoldan təşrif buyuran qonağa da ilk növbədə çay təqdim olunur”.

İndi bu nemətin faydası haqqında Azərbaycanda neçə-neçə mahnılar da dillərdə əzbərdir...

Kimyə Rüstəmova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3021

Oxşar yazılar